Düşüklük sağalmaz xəstəlikdi

Düşüklük sağalmaz xəstəlikdi

Ədəbi aləmin intellektual, "ağır oturub batman gələn” imzalarından biri – gözəl şair Mətləb Ağa ilə səmimi söhbət.

- Mətləb, belə bir qeyri-ənənəvi sualla başlayaq, incə ruhlu şair Mətləb Ağa və soyuqqanlı bir hüquqşünas Mətləb Ağayev, hansı döyər? Yəqin ki bu sualı verməyə ərkim çatar, gör neçə illərin dostuyuq.

-Heç biri döyməz, çünki dalaşmaqlarına imkan vermərəm, həmişə də çalışıram ki, onları dalaşmağa qoymayım, bir-birləriylə yola getsinlər. Yoxsa, dalaşmağa nə var axı...ümumiyyətlə, həyatda da həmişə çalışıram ki, başqalarıyla da yerli-yersiz mübahisələrdən uzaq olum.

- Vaqif Səmədoğlu torpaq altındadı, Vaqif Bayatlı dörd divar arasında, Əkrəm Əylisli qınaq altındadı, Ramiz Rövşənə ”bir daş atır yerindən duran”. Səksəninci illər ədəbi nəsli param-parçadı, bəs doxsanıncılar necə, bu vəziyyətdə özünü necə hiss edir?

-Hə, şərti olaraq ədəbi nəsilləri bu cür bölmək, ədəbiyyatda belə bir sıralama aparmaq olar. Ancaq hər insana və konkretləşdirsək, yaradıcı adama  fərdi yanaşsaq,  onda belə deyək ki, mənim üçün nəsil anlayışı yoxdur, oxuduğum və oxumadığım yaradıcılar var. Məsələn, 80-ci illərdən elə bir nasir ola bilər ki, mənə yaradıcılığı ilə yaxın olsun, ancaq bir doxsanıncı tamamilə qəbul eləyə bilmədiyim biri olsun. Belə məsələlər var, yəni. Siz də tanıyırsınız, 80-cilərdən bir şair  var, indiki özünü dahi hesab edən gənclərin (ancaq hesab edirəm ki, bu gənclər özlərini dahi-filan hesab etmirlər, nə olmalarını da özləri hamıdan yaxşı qanırlar, sadəcə belə göstərmək istəyirlər ki, guya özlərini dahi sayırlar,arzuları da budur ki, bəlkə kimisə aldadıb müftə araq içə bildilər) də sevimlisidir, ortalıqda müdrik-müdrik dolaşır, amma, arxada ondan-bundan beş-altı manat istəyir ki, gedib araq içib estetik xəyallara dalsın.Bunu demək ,bəlkə də, mənim üçün ayıbdır, ancaq belə şeylər sərhədlənməlidir axı. Belə şairlə mənim nə ünsiyyətim ola bilər ki, lap doxsanıncı olsun, doxsan birinci olsun. Beləsinin yazdıqları da kimin nəyinə lazımdır, guya səndən başqa yazan yoxdur Azərbaycanda? Özü də yazdıqların da sıradan şeylərdi də, nə yazmısan axı sən? Birinci özünü adam kimi aparmağı öyrən, tərbiyən olsun, sonra gedib şeir-filan yazıb gözəl hisslərdən, xoş duyğulardan bəhs edərsən. Bu mütrüb gör oturub nəylə  fəxr eləyir, "mən cinayətkara şeir həsr eləmişəm, ay gənclər, görün mən kiminlə yoldaşlıq eləmişəm, necə yüksək bir səviyyəli insanam.” Adama deyərlər, sənə də, sənin  səviyyənə də tüpürsünlər. (Üzr istəyirəm, ancaq  adam məcbur qalır). Necə deyək ki, bunlara fikir verməyək. Axı gözlərimizin qarşısında baş verir bunlar, əsəblərimizə toxunur. Tərbiyə elədiyimiz övladlarımız var, kitab oxumaq istəsələr bu debillərimi oxusunlar? Bu adamfasona  ağızlarını açıb baxan  gənclər, ondan müsahibə alıb görkəmli şair adlandıranlar, görəsən, özlərinə hörmət qoymurlar, ya oxucu qismində başqalarına? Nədi axı, nə istəyirsiniz? Nə demək istəyirsiniz? Az əl-ayağa dolaşın da. Adi qaydada desək, bunlar ayıb şeylərdir. Başqa qaydada  desək, lap pis adlandırılmalı şeylərdir. Gedin, özünüzə hörmət qoyun. Qurtarmaq lazımdır belə işlərlə. Araq içib kövrəlməklə və yaxud şirə dönməklə, Nobel almırlar. Bir azdan sonra, rəhmətlik Sabir demiş, "yağı yağ üstə çıxıb, ayranı ayranlıq olanda”, onda çox gec olacaq. Özünüz bilərsiniz.
 
Necəydin, düşmür yadıma,
Şəklin yox çatsın dadıma,
Yenə mən şükür adına 
Dodaqlarım isinir...

-Mənə elə gəlir ki,  sizin gənclik şeirlərinizdəki lirik mən -o gənc, romantik Mətləb Ağa hələ də poeziyanızda yaşayır. Amma bir az yorulub, müdrikləşib,  realistləşib.

-Düz müşahidə etmisən.
 
...min il keçər aradan,
göydən enən mələklər,
mənim qəbrimi açıb,
Səni göstərəcəklər...
Bu bir sədaqətdi, ya bir üslub?

-Həm üslubdur, həm də sədaqət...Yəni bu mənim sədaqətimi ifadə etmək üçün seçdiyim üslubdur, deyək.

- Eləcə də şeirlərinizdəki sevgili surəti də hələ sağdı, amma o da xeyli dəyişib, müdrikləşib, həyatı tanıyıb. Əvvəllər "dəliyə oxşayırsan, çək üzündən əlini” və ya "güldandakı çiçəklər qorxma, sənə qalacaq”- dediyiniz o şıltaq qızcığaz deyil artıq.
 
Sən son cümləni yazdın,
Mən də nöqtəni qoydum,
Kitabını bağladım,
Səndə nöqtəni qoydum- deyə bildiyiniz yetkin qadındı.

- Vaqif Səmədoğlu lap köhnə müsahibələrinin  birində demişdi ki, mənim sevgi şeirlərimin obyekti yoxdu, yəni, konkret bir qadın adı yoxdu şeirlərimdə.Bu fikirdə mən də rəhmətlik Vaqif müəllimlə şərikəm.Sonra br şey də deyim. İstəyir müdrik olsun, ya şıltaq qızcığaz, bundan sonra nəsə dəyişməyəcək ki?!

-”Kür qırağının əcəb seyrangahı var”-bu aydındı, amma heç olurmu ki, Xəzərin sahili üçün darıxasınız?

-Yox, mən darıxanda Kürün sahili üçün darıxa bilərəm, yəni, əgər darıxası olsam. Xəzərliksə heç bir işim yoxdur və heç vaxt Xəzərin sahili  üçün darıxmamışam..

- Səhv eləmirəmsə Kamyu olur, ondan soruşurlar ki, nəylə fəxr edirsiniz, cavab verir ki, mənim anam mənimlə yox, rahibə olmuş qızıyla fəxr edirdi, mən də kitablarımla deyil, iki oğlumla fəxr edirəm. Siz necə, kitablarınızla fəxr edirsiz ya övladlarınızla?

-Övladlarım hələ fəxr ediləcək yaşda deyil axı. Yəqin əvvəl onlar mənimlə fəxr edəcəklər, sonra qismət olsa, mən onlarla.Kitablarımı isə sadəcə,çox istəyirəm, çünki hesab edirəm ki, elə bir fəxr ediləsi kitabım da yoxdur...İnşallah, bəlkə gələcəkdə oldu...

-Bu günlərdə belə bir şeirinizin əlyazmasının oxudum.

...sonra qaranlıq çökür,
dayanmadan yağır qar...
...və eyni o əhvalat:
"qoca Arxip, Lyonka...

-Nə demək istədiyinizi başa düşürəm. Ancaq  oxucu üçün bu şeiri anlamaq bir az çətindir.Yəni, hazırlıqlı, savadlı oxucu olmasa, Maksim Qorkinin "Arxip baba və Lyonka” hekayəsini oxumasa,  o hekayəylə bu şeir arasında  müqayisə aparmasa, başa düşməyəcək nə demək istədiyinizi. 

-Tamamilə, düzgündür. Bu şeirdə iki şəxs var.Biri qadın, biri kişi.Kişinin səhvi qadının çıxıb getməsinə səbəb olub. Bu hadisə kişinin son nöqtəsidir. Ancaq qadın getsə də, kişiyə bağlıdır.Və deməli, bu gediş qadının da son nöqtəsidir.

- Siz doxsanıncı illərin ən sevimli imzalarından olmusunuz, hələ yeniyetmə vaxtlarınızdan şeirləriniz "Ulduz” da, "Ağ yol”da çap olunub, tənqidçilər barənizdə səxavətlə danışıb. İndi dəədəbiyyatdan kənar işinizə rəğmən, ədəbi mühitdə görünürsüz, mütəmadi mütaliə edir, oxuduğunuz xarici ədəbiyyat haqqında silsilə fəlsəfi yazılarınız, yeni şeirləriniz çap olunur. Amma çox mütəvazi bir obrazınız var, müasir dövrün bəlası olan süni reklamdan uzaq dura bilirsiz. Bununçün nəyə borclusuz?

-Atamın və anamın verdiyi tərbiyəyə.Və bir də təkrar edirəm, insan özünə hörmət qoymalıdır. Mən bir vaxt müəllim işləyəndə, tələbələrimə həmişə deyirdim ki, həmişə özünüzə hörmət qoyun, onda təbii ki, başqalarına da hörmət qoymuş olacaqsınız. Yəni aydındır da? Məsələn, özünə hörmət eləyən adam gedib səfeh-səheh işlər tutub, cinayətkarla oturub-durmağıyla fəxr eləməz. Reklam dediniz, yeri gəlmişkən, bir əhvalat danışım, bekar olanda, hərdən facebookda yazılan statuslara baxıram. Deməli, bir nəfər "maklatura” istehsalçısı olan "şair”  üzünü ədəbi qəzetlərə, jurnallara, nüfuzlu saytlara tutub bar-bar bağırır  ki, "neynirəm, mən öləndən sonra şeirlərimi cild-cild çap edəsiniz, haqqımda tərif  dolu məqalələr yazasınız, onda bu mənim nəyinə lazım olacaq, məni bu gün çap edin, oxucu mənim intizarımdadır”. Siz gülürsünüz. Amma, daha gülməlisi odur ki, belə "şairlərin” yazdıqları zir-zibilin altından "əladır, dahisən ” yazan debillər var. Deməli, təsəvvür elə, belə bir ağıl yiyəsi olan insan hələ durub şeir-filan da yazmaq istəyir.Yazır yox ha.Həmin statusu oxuyandan sonra, Cəlil Məmmədquluzadənin "Zırrama” hekayəsi və Əbdürrəhimbəy Haqverdiyevin "Marallarım”ı yadıma düşdü. Ürəkdən arzulayaq ki, Allah bütün zırramalara ağıl versin, gedib öz işləri ilə məşğul olsunlar, ortalıqda avaralanıb özlərini Vaqif Səmədoğlunun "Moşu” obrazının gününə  qoymasınlar. Sadəcə, ayıbdır.Ancaq bir şeydə deyim, mən universitetdə oxuyanda qaldığım evin sahibinin yaxşı bir sözü vardı.Həmişə misal çəkirəm onu. Deyirdi ki, "dünyada bütün xəstəliklərin müalicəsi mümkündür, dərmanı var, ancaq düşüklük, bambılılıq yeganə xəstəlikdir ki, dərmanı və müalicəsi yoxdur”. Daha nə deyim...
-Və son sual: bir az aralıdan, uzaqdan  Bakı ədəbi mühiti necə görünür, Mətləb Ağa bizdən fərqli olaraq orda nələri görür?
-Siz nəyi görürsünüzsə, mən də elə onu görürəm.İnternet varsa, deməli,buzaq-yaxın problemi yoxdur.
 
Söhbətləşdi TOMRİS ƏSGƏRLİ
 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az