Döyüşdən kənarda ÖLƏN ŞƏHİDLƏRİMİZ

Döyüşdən kənarda ÖLƏN ŞƏHİDLƏRİMİZ

Qanuna görə: "Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər Şəhid hesab edilirlər”. 

Rəsmiyyətin, qanunun üzü boz və soyuq olur. Bizim Qarabağ müharibəsində itirdiklərimiz təkcə torpaqlarla, döyüşdə canını fəda edən şəhidlərimizlə, illərlə yığılan və erməniyə qalan var-dövlətin həcmi ilə, maddi və mənəvi abidələrimizlə... ölçülməməlidir. Mən onlarla adam tanıyıram ki, atəşkəs dövründə "vətən, torpaq” deyə can veriblər. Evindən-eşiyindən didərgin düşən saysız-hesabsız insanlar oldu ki, qaçqın kimi məskunlaşdığı yerin havasına, sıxıntısına dözmədi, dərddən vərəm gətirdi, ürəyi partladı, başına hava gəldi, qoyub gəldiyi buz bulaqların bir damcı suyunun həsrəti ilə canını tapşırdı. Ömürlər yarıbayarı qısaldı. O vaxtkı xəbərlərdə yazırdılar ki, məsələn, Xocalıdan filan qədər adam sağ-salamat Ağdama gəlib çatdı. Sağ-salamat ha!.. Siz televiziya ekranında erməni qətli-amından "xilas olub” Ağdama çatan həmin adamların içərisində hövlündən dəli olan ananın oynamasına baxmısınız?! Üzünün ətini tikə-tikə qoparıb sağa-sola səpən qadını görmüsünüz?!Müharibənin başımıza gətirdiyi onlarla, yüzlərlə insanın bu faciəsinin statistikasını bəs kim və necə aparacaq? Bəs bunlar şəhid deyil – döyüşdən kənarda ölən şəhid! Hələ məğlubiyyət acısından sınan qürurlarımızı, alçaldılan izzət-nəfsimizi, ayaqlar altına atılan şərəfimizi demirəm! Bunlar heç vaxt unudulmamalıdır. QİSAS QİYAMƏTƏ QALMAZ!!!

"Biz Quyucağa qayıtdıq, ata...” (Birinci əhvalat)

Cəbrayılda bir Quyucaq kəndi var idi. Ona görə "var idi” deyirəm ki, Allah bilir, erməni adında məxluqlar o kəndi işğaldan sonra nə günə qoyublar. Qardaş, kəndin adamı olar, evi-eşiyi olar, axşamçağılar tüstülənən təndirləri, isti od-ocaqları olar... Tale elə gətirmişdi, bir neçə dəfə Quyucağın yaxınlığından keçib dostum Əlirza Xələflinin görüşünə – Cəbrayıla getmişdim. Kimdənsə eşitmişdim ki, bu kənd XIX əsrin əvvəllərində rus – fars müharibəsinin nəticəsi kimi ikiyə bölünmüş, yarısı Arazın o tayında, yarısı da bu tayında qalıb. Astara, Biləsuvar və Azərbaycanın onlarla digər yaşayış məntəqələri kimi. Belə yaşayış yerlərində sərhəd xətti qonşunu qonşudan, qardaşı qardaşdan... ömürlük ayırmışdır.

Və 180 il sonra Quyucaq daha dəhşətli faciəsini yaşadı. Bu dəfə Azərbaycanın yüzlərlə, minlərlə yaşayış məntəqəsi kimi. Əhali qaçqın, köçkün, didərgin düşdü. Eldar kişi də gəlib Bakının Sabunçu qəsəbəsinə düşmüşdü, bu yaxınlarda rəhmətə getdi. Yurddan kənarda əsrin dörddə birini dözdü. Əgər buna dözmək demək mümkünsə. Qızı danışır ki, özü ilə həmişə balaca bir radioqəbuledici gəzdirərdi. Bütün xəbərlərə qulaq asar, elə bil haçansa xoş xəbər eşidəcəyini gözləyərdi. Kənddə süd maşını sürərmiş. Ölənə qədər maşının açarını cibində gəzdirir ki, qayıdanda işsiz-gücsüz qalmasın. Yaşlaşdıqca kənd, el-oba, torpaq nisgili kişini üstələdi ...və yatağa saldı.
 
 Eldar kişinin cavanlıq fotosu

Lələ təpə alınanda, Cocuq Mərcanlıda məskunlaşma söhbəti çıxanda kişi xeyli dirçəldi, sanki çiçəyi çırtladı. "Gedək, dedi, biz də orada torpaq götürək, ev-eşik tikək, necə olmasa, Quyucağa yaxındır, oradan Cəbrayılın dağlarına baxmaq mümkündür”. Amma xəstəlik get-gedə Eldar kişini üstələyirdi. Artıq həyət-bacaya çıxa bilmir, gündən-günə əriyirdi. Arada huşunu itirirdi. İnadından da əl çəkmirdi. Ayılan kimi deyirdi: "Nə oldu, ay bala, bəs sizə söz dedim axı, getmirik?” Kişinin vəziyyətinin ağırlaşdığını eşidən, bilən qohum-əqraba, kənd adamları onu yoluxmağa gəlirdi. Atam Əzrayıla can vermək istəmir, tez-tez kəndi dilinə gətirirdi. Bir dəfə huşu üstündə olanda soruşdu: "Qızım, bu camaat nə yaxşı buradadır? Hamısı da bizim kənd adamlarıdır”.Başa düşürdüm ki, atamın vəziyyəti ağırdır, bu xəstəlikdən ayılmayacaq. Fikirləşdim ki, qoy o dünyaya nisgilli getməsin, torpaq həsrətini ürəyində aparmasın. ...Və yalan danışmalı oldum: "Ata, - dedim, kəndimizə gəlmişik də, gözün aydın olsun, inşallah, sağalıb  gəzərsən, çölə-bayıra - Otaybağa, Qarıbağa, Qurtlu dərəyə, Qara dərəyə gedərsən, Sarı yala, Lələ düzünə qalxarsan”. İnandı. Xeyli sevindi: "Qızım, Allah səni muradına çatdırsın!”
Hər dəfə su verəndə deyirdim: "Ata, bu, kənddəki Baş bulağın, bu isə Xəzəl bulağın suyundandır”. Atamın boğazından heç nə keçməsə də, sudan bir-iki qurtum içməyə çalışır, elə bil dirçəlirdi...
Və Eldar kişi qızının "müqəddəs”  yalanı hesabına dünyadan nakam getmədi...

Akif MƏMMƏDOV
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az