ƏDƏBİYYATIMIZIN YENİ İNCİSİ

ƏDƏBİYYATIMIZIN YENİ İNCİSİ

Müasir Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, qüdrətli qələm ustası, böyük insanşünas İlqar Kamilin oxuculara təqdim etdiyi "Yerlə göy arasında” adlı növbəti romanı öz çoxcəhətli məziyyətlərinə görə müasir ədəbiyyatımıza dəyərli bir töhfədir. 

Özünün uğurlu, aktual mövzu seçimi ilə daima diqqəti cəlb edən müəllif, bu əsərində zamanımızda Novxanı qəsəbəsinin timsalında, bütövlükdə Azərbaycan cəmiyyətində keçmişin qalığı kimi mövcud olan patriarxal mühiti, ictimai pozğunluq, despotluq, zülm və özbaşınalıqları ustalıqla qələmə almışdır. 

Əsas qəhrəmanı Leyla olsa da, Cavanşirlə Nadir arasında baş verənlər əsərin əsas ideya istiqamətini və süjet xəttini müəyyən edir ki, bu da müəllifin estetik ideallarını, görüşlərini səciyyələndirir. Müəyyən qədər hadisəçiliyə meyl edilsə də, təfəkkürə yönəlik məqamlardan da geniş istifadə və situasiyalarda yerində verilmiş geniş məzmunlu sosial-psixoloji fikirlər, mühakimələr əsərin ideyasının daha dərindən dərk edilməsində oxucuya yardım edir.  

Yazıçı burada daxili zülmətə, mənəvi tənəzzülə uğramış insanla ali dəyərlərdən qaynaqlanan fədakar insan obrazlarını qarşı-qarşıya qomuşdur. Müəllif, söz tablosunda insanlığın fitrəti ilə səsləşən dərin, fundamental dəyərlərin aydınlığı fonunda Nadir kimi heyvani nəfsinin girdabında çabalayanları, molla Əliqulu kimi müqəddəs dəyərlər arxasında şəxsiyyətsizliyə yuvarlanan "din xadimləri”ni, övladının "xoş güzəranı” üçün heysiyyətini ayaqlayan nadan valideyin – Süleyman kimilərin təsvirini bədii ştirixlərlə önə çəkərək tənqid edir.

Əsərin ən mənfi personajı Nadirdir. O, son dərəcə eqoist, harın və bütün əxlaqi dəyərlərini itirmiş bir insan obrazıdır. Müəllif, Nadir obrazı ilə, əslində, cəmiyyətdə maddi amillərin şərtləndirdiyi sosial təbəqələşmənin deyil, var-dövlətin mənəviyyatsızlığa qazandırdığı "hər zaman haqq sahibi olmaq” imtiyazlı bütün amirlərin ümumiləşdirilmiş surətidir. Yazıçı, Cavanşir obrazı ilə cəmiyyətin düşüncəsində dərin kök salmış belə sosial stereotipləri darmadağın edir. 

Əsərin əsas hədəflərindən biri də fədakarlığın, ləyaqətin insan üçün ən ali dəyərlər olduğunu, kitabın, biliyin isə onlara sahib olmaqda vasitə olacağı halda dəyər tapdığını ifadə edir. Müəllif, bunu Səxavətlə Cavanşir obrazlarını qarşı-qarşıya qoymaqla səciyyələndirir; Səxavət oxumuş, savadlı, lakin qətiyyətsiz və xeyli naqis düşüncə tərzinə malik olduğu halda, Cavanşir isə oxumağın, savadlı olmağın insana verə biləcəyi mənəvi üstünlüklərə sahib olan, savadsız olsa da, qətiyyətli, aydın düşüncəli və fədakar bir insandır. 

Müəllif əsas süjetlə əlaqədə yaratdığı bir çox süjetlər arasında ideyaya yönələn situasiyalararası üzvi əlaqə yarada bilmişdir ki, bu da əsərin kompazisiya tərtibatının yüksək səviyyədə olduğunun göstəricilərindəndir. 

Əsərin ən başlıca məziyyətlərindən biri də onun dili ilə bağlıdır. Yazıçı  əsərin ədəbi uğurunda onun dilinin də müstəsna rolunu peşəkarlıqla diqqətə alaraq, hər bir personajın xarakteri, onun daxili aləmi və düşüncə tərzinin yüksək bədiiliklə canlandırmasını onların nitqində bədii fərdiləşmə ilə nəzərə almış, eyni zamanda hadisələrin cərəyan etdiyi ərazinin yerli şivəsinə uyğun olaraq bütün personajların dilində ümumiləşdirmə də aparmışdır.  
Əsər təəssübkeşlik hissindən uzaqdır, məsələlərə kompleks yanaşılır,  hadisələr güclü məntiqlə təhlil edilir və həqiqəti bəyan edən sətirlər dərin mətnaltı məna yükünə baxmayaraq, aydın şəkildə əsaslandırılır. Beləliklə, "Yerlə göy arasında” romanı özünün bütün məziyyətləri, ələlxüsus, tərbiyəvi xüsusiyyətləri ilə sağlam ədəbi mühitin formalaşmasına gözəl bir töhfədir. 
Bu dəyərli əməyinə görə biz də müəllifə təşəkkür edir və yeni yaradıcılıq uğurları arzu edirik!

Tural Şiriyev
Miq.Az
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az