Əli Həsənov: "Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub"

Əli Həsənov:
"Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub. Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet dərc edə bilər".

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-syiasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edərkən deyib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda elektron sayt yaratmaq üçün domen almaq kifayətdir. Əhalinin 80 faizinin internet istifadəçisi olduğunu deyən Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır:
"Azərbaycanda 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-lərin sayı isə 5 mini ötüb. Bundan əlavə, ölkəmizdə 2 min nəfər insanı özündə birləşdirən Həmkarlar İttifaqı fəaliyyət göstərir".
Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşdiyini xatırladan Ə.Həsənov bildirib ki, beynəlxalq siyasi vəziyyət və dövlət qurumlarının o vaxtkı rəhbərlərinin naşılığı sayəsində Azərbaycanda tənəzzül qeydə alınmışdı:
"Azərbaycanda hüquqi və demokratik dövlətin qurulması, azad iqtisadi münasibətlərin formalaşdırılması başlıca məqsəd kimi qarşıya qoyulub. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə inkişaf və liberal iqtisadiyyata keçid təmin edildi. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada insan hüquqlarının təmin edilməsi, liberal iqtisadiyyata keçid öz əksini tapıb. Prezident İlham Əliyevin siyasətinin məğzində də insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının inkişafı durur və bu istiqamətdə də ardıcıl siyasət həyata keçirilir. Ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaradılıb. Qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Nəticədə 55 partiya dövlət qeydiyyatından keçib. 2012-ci ilin mayında "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər qüvvəyə minib. Hər il dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2,5 milyon manat vəsait ayrılır. Bu vəsaitin 40 faizi parlamentə seçilmiş partiyalar arasında, 50 faizi isə deputatların sayına uyğun olaraq proporsional şəkildə bölünür. Vəsatin 10 faizi isə son parlament seçkilərində ən azı 3 faiz səs toplamış partiyalar arasında bölünür. Hazırda 7 müxalifət partiyası Milli Məclisdə təmsil olunur".
Prezidentin köməkçisi qeyd edib ki, qanunvericilik QHT-lərin azad və sərbəst fəaliyyət göstərməsini təmin edir:
"Hazırda dövlət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclər Fondu vasitəsilə QHT-lərin layihələrini maliyyələşdirir. Digər dövlət qurumlarının xətti ilə də QHT-lərin layihələri maliyyələşdirilir. Dövlət və ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizminin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanacaq. Mühüm dövlət proqramlarının hazırlanmasına QHT-lərin cəlb edilməsi təmin olunacaq. 2014-cü ildə qüvvəyə minmiş "İctimai iştirakçılıq haqqında" qanun da bu məqsədə xidmət edir. Qanuna əsasən mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılıb".
Elektron hökumətlə bağlı görülən işlərə də toxunan Ə.Həsənov deyib ki, bu sahədə əsas məqsədlərdən biri QHT-lərə elektron xidmətlərin göstərilməsidir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az