Əliyev Putinlə razılaşdı, Paşinyana diktə etdi: Qarabağda nələr olacaq?

Əliyev Putinlə razılaşdı, Paşinyana diktə etdi: Qarabağda nələr olacaq?

Moskvada 4 saat davam edən görüüş başa çatdı. Liderlərin mətbuat qarşısında çıxışı zamanı Paşinyanın açıqlamaları və Əliyevin sərgilədiyi davranış qapalı görüşdə nələrin olduğunu ehtimal etməyə imkan verir.

Nikol Paşinyan: Münaqişə hələ həll olunmayıb; Qarabağın statusu məsələsi qalır; Minsk qrupu çərçivəsində gələcək nizamlanmanı müzakirə etməyə hazırıq; Hərbi əsirlər məsələsi həll edilmədi;

- Münaqişə, status və Minsk qrupu açıqlaması daxili auditoriyaya hesablanıb, çünki o evinə qayıtmalıdır və hansısa nəticə ilə dönmək istəyir;
- Digər həmsədr ölkələrin, xüsusilə Fransanın oyuna yenidən daxil olmaq istəyinin dilə gətirilməsidir;

Ən diqqətçəkən məqam Əliyevin ondan sonra danışan Paşinyanın bu sözlərinə cavab vermək ehtiyacı duymaması idi və bu o deməkdir ki:

1. Ermənistan qapalı görüşdə istədiyi heç nəyə nail ola bilməyib;
2. Əsirlərin qayıtması məsələsinin həll edilməməməsi də görüşün İrəvan üçün ürəkaçan olmadığını göstərir;

Söhbət 10 noyabr razılaşmasından sonra Xocavənddə keçirilən anti-terror əməliyyatı zamanı əsir götürülən silahlı ermənilərdən gedir (rəsmi məlumata görə 62 əsir): Azərbaycan rəsmi şəkildə bu əsirlərin terrorçu olduğunu açıqladı və onlarla bağlı məsələnin həll edilməməsi də görüşdə Bakının istəyini qəbul etdirdiyi fikrini gücləndirir:

- Qarabağ (Xankəndi də daxil olmaqla) Azərbaycan ərazisidir;
- Qarabağda baş verənlər Azərbaycanın daxili məsələsidir, oradakı qanunsuz silahlılar terrorçudur (bundan sonra) və Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacaq;
- Qarabağdakı silahlı ermənilər çıxarılmasa anti-terror əməliyyatı
təkrarlanacaq;

Bunun əksi olsaydı, Bakı 62 erməni əsirlər bağlı rəsmi mövqeyinə rəğmən, onların qaytarılmasında razılaşardı. Kiçik detaldır, lakin qapalı görüşün nəticəsini təxmin etməyə imkan verir.

İlham Əliyev dedi: Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə düşünməliyik; Qarabağla bağlı razılaşmalar səmərəli şəkildə həyata keçirilir, narahatlıq üçün ciddi səbəblər yoxdur;

Bu, Əliyevin qapalı görüşdə istədiyinə nail olduğu deməkdir: Qarabağdakı erməni silahlıların çıxarılması; Qarabağda hər şeyin rəsmi Bakının icazəsi ilə həll edilməsi;

Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının Qarabağdakı şərtləri qəbul edilməsəydi, ortaq bəyanatın mətni üçtərəfli əməkdaşlıq olmayacaqdı.

Əliyev Moskvada Putinlə razılaşdı, Paşinyana diktə etdi və mesaj verdi: Münaqişə bitib və Azərbaycan Ermənistanı Qarabağ məsələsində hər-hansı maraqlı tərəf hesab etmir:

a) Qarabağdakı erməni silahlıların çıxarılması prosesi başlanır;
b) Xankəndidə separatçı-terrorçu rejimin mövcudluğuna son qoyulur;

Proseslərin bu istiqamətdə inkişafı gözlənilir. Bundan sonra regional əməkdaşlıq prioritet olacaq.

Asif Nərimanlı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az