Erməni-PKK terrorunun Azərbaycana hücum hazırlığı: Episentr Qarabağa köçürülür - TƏHLİL

Erməni-PKK terrorunun Azərbaycana hücum hazırlığı: Episentr Qarabağa köçürülür - TƏHLİL

Ermənistanın Livan ermənilərini Azərbaycanın işğal edilmiş ərazilərinə köçürməyə davam etdiyi bu günlərdə PKK terror təşkilatının "xüsusi təyinatlı qüvvələri”nin Dağlıq Qarabağ bölgəsində gətirildiyinə dair məlumatlar yayıldı. Türkiyənin "Cumhuriyyet” qəzeti bu xəbəri bölgədəki təhlükəsizlik qüvvələrindən əldə etdiyi məlumatlara istinadən yayıb.

1980-ci ildə Livanda əsası qoyulan ASALA-PKK "qardaşlığı”nın 1990-cı illərdə Qarabağda Azərbaycana qarşı birgə döyüşü, ardınca terrorçuların işğal altındakı ərazilərdə düşərgələr yaratması faktları fonunda bu xəbər təəccüblü deyil.

PKK "xüsusi təyinatlılarının” Qarabağa məhz indi gəlişi onların hansı hərbi planlarda yer ala biləcəyi kontekstində maraqlıdır.

Azərbaycan və Türkiyə üçün strateji "enerji dəhlizi”nin hədəf alındığı Tovuz döyüşlərindən sonra regionda cəbhələşmə açıq müstəviyə keçdi və Bakı ilə Ankaranın mübarizə apardığı areal Cənubi Qafqazdan Şərqi Aralıq dənizinə qədər genişləndi. Ermənistan bu coğrafiyada Ankaraya, dolayısı ilə Bakıya qarşı olan güc mərkəzləri arasında dəstək axtarışına çıxıb və bu, həm də təhlükəsizlik amilində Moskvadan asılılığını azaltmaq məqsədi daşıyır. Çünki:

- Azərbaycan və Türkiyə ilə mübarizədə təkcə Rusiyanın dəstəyinə bel bağlamaq Moskvanın İrəvan üzərində Paşinyan hakimiyyətinin istəmədiyi təsir gücünü artırır;

- Rusiya Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı strateji maraqları üçün istifadə edir və situasiya dəyişəndə qurban verə bilər (Son günlər Rusiya mediasında Ermənistanın Tovuz döyüşlərini başlayan tərəf kimi göstərilməsi və məqsədin Moskvanı Bakı ilə müharibəyə cəlb etmək olduğu haqda yazılanlar əslində rusların Azərbaycan və Türkiyə ilə münasibətlərdə qapını aralı qoyduğunu göstərir);

- Ermənistanın Rusiyadan başqa alternativinin olmaması rusların Dağlıq Qarabağ münaqişəsini Sarkisyanın prezidentliyi dövründə qəbul edilən variantda – ətraf rayonların qaytarılması – və öz maraqlarına uyğun həllinə şərait yaradır;

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə üç günlük səfəri (12-15 sentyabr) Bakı-Ankara ittifaqına qarşı Moskvadan kənar alternativ dəstək tapmaq məqsədi daşıyır və İrəvan bu dəstəyi əldə etmək üçün Şərqi Aralıqda Türkiyəyə qarşı Misirin də yer aldığı ittifaqa öz xidmətini təklif edir.

Bu xidmət Şərqi Aralıqda Yunanıstana, ümumilikdə Fransanın rəhbərliyindəki ittifaqla mübarizə aparan Türkiyəyə Azərbaycanın Tovuz-Qazax bölgəsindən ikinci cəbhəni açmaqdır. Mnatsakaynanın Misir səfərinin sonuncu günü – 15 sentyabrda erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu törətməsi də təklif etdiyi xidmətin əyani nümayişi idi. Ermənistan Tovuz döyüşlərində Rusiyaya göstərdiyi xidməti indi anti-türk cəbhəsinə təklif edir və bununla Ankaranın bu cəbhəyə qarşı əlindəki əsas rıçaq olan Avropanın enerji təhlükəsizliyi kartına təhlükə yarada biləcəyini göstərir.

Və bunun fonunda PKK terrorçularının gəlişi hücumların davam edəcəyi ehtimallarını gücləndirir.

PKK bu prosesin harasında yer alır, maraqları nədir?

2007-ci ilin oktyabrında PKK rəhbərlərindən Murat Kayarılan "Bakı-Tbilisi-Ceyhan boru xəttinin Türkiyə ordusunun maliyyə mənbələrindən biri olduğunu” deyərək, kəmərə hücum edəcəklərini açıqladı. Bir il sonra – 2008-ci ilin 5 avqust tarixində kəmərin Ərzincandan keçən hissəsində güclü partlayış baş verdi və PKK bu partlayışı üzərinə götürdü. Burada məsələ partlayışı terrorçuların törədib-törətmədiyi yox, PKK-nın Türkiyəyə qarşı terror hücumlarında Azərbaycanı və Azərbaycanın maraqlarını da hədəf seçməsidir. Həmin ilin dekabrında PKK-nın Fransadakı təmsilçisi Seyvan Bərzani "Türkiyə İraqda hücum edərsə, Azərbaycanda hərbi əməliyyatlara başlayacağıq” təhdidini irəli sürmüşdü.

İndi 12 il öncəki ssenari yenidən gündəmdədir və Ermənistanın PKK terrorçuları ilə birlikdə "enerji dəhlizinə” qarşı təxribat hücumlarının intensivləşəcəyi istisna deyil.

Türkiyə ordusunun ciddi zərbələr endirdiyi PKK-nın Azərbaycana hücumda yer alması 3 hədəfə hesablanıb:

- Son illər Türkiyənin cənub-şərqində, İraqda və Suriyada Ankaraya qarşı nail ola bilmədiyi "qisas” əməliyyatı keçirmək və bununla sadə kürdlərə "güc nümayişi” göstərmək;

- Şərqi Aralıq dənizində anti-türk cəbhəsində xidmət etmək və qarşılığında dəstək almaq;

- Ermənistana hücumda dəstək verməklə İrəvandan istədiyi almaq;

Üçüncü hədəf və Ermənistan-PKK "qardaşlığı” terror təşkilatının qərargahının Qəndildən Qarabağa köçürülə biləcəyi ehtimallarını və Azərbaycan ərazilərində "terror dövləti” planını yenidən aktuallaşdırır.

Erməni-PKK ittifaqını yaxın və uzaq perspektiv olmaqla iki istiqamətdə proqnozlaşdırmaq olar.

Yaxın perspektiv:

1. Qəndil Qarabağa köçürülür: Türkiyə İraqda "Pəncə-Qartal” əməliyyatı ilə PKK-ya ciddi zərbələr endirir. Eyni addımlar PKK-nın Suriya qanadı olan PYD-yə qarşı da atılır. Hazırki hədəf PKK və PYD-nin əsas quru əlaqəsi olan Sincar bölgəsinə nəzarəti ələ almaq, terrorçuları İraqda və Suriyada ayrı-ayrılıqda məhv etməkdir. Bundan sonra Qəndil dağının İran tərəfində də Tehranla razılaşma çərçivəsində əməliyyatlara başlamaq planlaşdırılır və bu, terrorçularının qaçdığı son yerin də əllərindən çıxması deməkdir. Artıq Qəndil PKK üçün alınmaz qala deyil və terrorçular üçün ən təhlükəsiz yer işğal altındakı Dağlıq Qarabağdır: bu ərazilərdə illərdir yaratdıqları düşərgələr var; İran qanadı – PJAK-la buradan əlaqə qura biləcəklər; bura terror üçün sərfəli olan nəzarətsiz bölgədir;

2. Türkiyənin addımları nəticəsində PKK artıq adam toplaya bilmir: 2016-cı ildə Türkiyə daxilində 2 min 780 PKK üzvü var idisə, bu il 492-yə düşüb; son 30 ildə terror təşkilatına qoşulanların sayı ən aşağı səviyyəyə düşüb - bu ilin ilk beş ayı ərzində təxminən 30 nəfərdən bir qədər çox olub.
Türkiyədə adam toplaya bilməyən PKK Ermənistandakı 60 minlik yezidi kürdlərə ümid bəsləyir.

3. Qarabağda "II Qəndilin” yaradılması ilə PKK Türkiyəyə hücumlarını Ermənistanda Ağrı dağı bölgəsindən həyata keçirə biləcək.

Uzaq perspektiv:

Ermənilər 1923-cü ildə sovetlərin Yaxın Şərq siyasətinin nəticəsi kimi Azərbaycanın Laçın, Qubadlı və Kəlbəcər bölgəsinin bir hissəsində yaradılan və sonra ləğv edilən "Qırmızı Kürdüstan” layihəsini Qarabağ müharibəsində istifadə edirdi. 1992-ci ildə Qarabağın bir hissəsində ermənilərin dəstəyi ilə paytaxtı Laçın olan "kürd dövləti” elan olundu. Məqsəd "Qarabağda Azərbaycana qarşı təkcə "erməni azlığı” yox, "kürd azlığı” da vuruşur” iddiasını legitimləşdirmək idi, lakin bu, "Qarabağın əzəli erməni torpağı” olması ideyasının əleyhinə olduğu üçün baş tutmadı.

PKK "qərargahını” Qarabağa köçürərsə, mümkündür ki, Azərbaycanın işğal edilmiş torpaqlarında ikinci "terror dövləti”nin yaradılması planı yenidən aktuallaşacaq və uzaq perspektivdə bu plan ehtiyat variant kimi qalmaqdadır.

Lakin bu, Ermənistanın təkbaşına verdiyi qərar, yaxud şəxsi strategiyasından daha yox, PKK kartından Türkiyəyə qarşı istifadə edən güclərin toqquşma episentrini Yaxın Şərqdən Qafqaza köçürmək istəyi kimi də görünür.

Bu baxımdan, Mnatsakanyanın anti-türk cəbhəsinə dəstək qarşılığında xidmət təklifi ilə PKK "xüsusi təyinatlı qüvvələri”nin Qarabağa gəlişi ilk mərhələdə Azərbaycanın "enerji dəhlizi” üzərindən Türkiyəyə cəbhə açmaqdırsa, sonrakı mərhələdə "kürd məsələsi”nin bu bölgəyə köçürülməsi də istisna deyil.

Asif Nərimanlı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az