Ermənistan küncə sıxışdırılır və... - Boltonun səfəri NƏ VƏD EDİR?

Ermənistan küncə sıxışdırılır və... - Boltonun səfəri NƏ VƏD EDİR?
"Con Boltonu ilk növbədə regionda təhlükəsizlik məsələsi maraqlandırır. Bu səfər həm iki dövlət arasındakı mövcud münasibətlərə, həm də onun bundan sonrakı inkişafına təsir edə bilər".

Bu sözləri Publika.az-a açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakı səfərini şərh edən politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, bu səfər ABŞ-ın regiondakı təhlükəsizlik məsələləri ilə yaxından maraqlandığını göstərir.
"Prezidentin təhlükəsizlik müşaviri olan Bolton başa düşür ki, münaqişələr regionda təhlükəsizlik və stabilliyə birmənalı olaraq manedir. Ona görə də Azərbaycan rəsmiləri ilə danışıqlarda Con Bolton daha çox bu məsələyə diqqət edib. Danışıqlar zamanı İran problemi, regionda təhlükəsizlik, Azərbaycan-Amerika münasibətlərinin bundan sonrakı inkişafı, Dağlıq Qarabağ problemi müzakirə edilib. Bu da Amerika kimi super dövlətin bu məsələlərlə artıq yaxından maraqlanmağa başladığını göstərir. Bu, öz-özlüyündə müsbət amildir. Lakin bu görüşlərdən sonra ABŞ-ın addımları münaqişənin həllinə yönəlməlidir. Danışıqlar, söhbətlər, vədlər çox olub, bizi artıq konkret addımlar maraqlandırır.
Azərbaycana gələn yüksək səviyyəli məmur düşünməlidir ki, ABŞ-ın regionda təhlükəsizlik arzusu ancaq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər".
Bu səfərdən sonra ABŞ-ın Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addım atıb-atımayacağını şərh edən F.Sadıqov dərhal belə bir dəyişikliyin gözlənilən olmadığın dedi.
"Təbii ki, biz hamımız qısa zamanda müsbət nəticənin olmasını istərdik. Lakin dərhal vəziyyətin radikal şəkildə dəyişməsinə, ABŞ-ın Ermənistana güclü təzyiq göstərəcəyinə inanmıram. Bununla yanaşı məsələdə xeyrimizə olan bəzi məqamlar da var. Ermənistanın İranla çox yaxın əməkdaşlıq etməsi, hətta neftayırma zavodunun tikilməsi planının olduğu bəllidir. Bir tərəfdən isə Amerika İranı təcrid vəziyyətə salmağa çalışır, ona qarşı sanksiyalar tətbiq edir. Bu amildən istifadə etmək olar. ABŞ Ermənistan İran münasibətlərinin onun xeyrinə olmadığını görürsə, bir tədbir görməlidir. Bunun üçün Ermənistana təzyiq göstərə bilər, yaxud onu bu yoldan çəkindirməyə çalışmalıdır. Düzdür, bu reallıqları görüb nəticə çıxarmaq super dövlətin öz işidir. Məntiqlə ABŞ Ermənistanı bu yoldan çəkindirməlidir. Əks halda İran tam təcrid vəziyyətə düşməyəcək. Bu proses regionda mürəkkəb vəziyyətin olduğunu göstərir və ABŞ mövcud vəziyyəti nəzərə almalıdır. Bu məsələlərin də dərhal həll ediləcəyini gözləmirəm. Lakin Azərbaycan-ABŞ münasibətlərinin daha qabarıq şəkildə inkişaf edəcəyini, tanışlıq səfərinin müsbət xarakter daşıdığını söyləmək olar. ABŞ-ın regionda maraqları daha da genişlənəcək".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az