Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb – Rus nəşrindən şok iddia

Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb – Rus nəşrindən şok iddia

Ermənistan və Azərbaycan Dağlıq Qarabağın taleyi ilə əlaqədar gizli danışıqlara başlayıblar.

Teleqraf.com xəbər verir ki, belə bir iddia Rusiyanın Lenta.ru saytında yer alıb.

Yazıda bildirilir ki, bu münaqişənin nizamlanması prosesi uzun illər öz yerində sayıb, 2016-cı ildə isə hərbi əməliyyatların bərpasına gətirib çıxarıb: "Amma bu gün gülləbaranı əhəmiyyətli dərəcədə sakitlik, aqressiv bəyanatları isə daha yumşaq ritorika əvəz edib. Ola bilsin, tərəflərdən birində inandırıcı dəlillər yaranıb, yaxud kimsə güzəştə getmək qərarına gəlib. Bəlkə də nəhayət, tərəflər bu qənaətə gəliblər ki, Qafqazda növbəti müharibə yaranmadan bu konflikti birdəfəlik və həmişəlik həll etmək lazımdır”.

Tərəflərin bu çətin və təhlükəli məsələdə hansı qərara gələ biləcəyini də araşdıran müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın əsas problemlərindən biridir və Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla ikitərəfli münasibətlərinin ən mühüm komponentidir: " Bu, həm də iki ölkənin sərhədlərinin bağlı qalmasının, külli miqdarda büdcə xərclərinin olmasının əsas səbəbidir. Ən kədərlisi isə burada insanların öldürülməsi davam etməkdədir.

Bu bomba yavaş-yavaş hərəkət edərək 2016-cı ilin aprel ayında az qala partlayacaqdı. Həmin vaxt qısamüddətli münaqişədə yüzlərlə əsgər həyatını itirdi. Qarabağdakı dörd günlük müharibə göstərdi ki, bu vulkan yalnız hərəkətsizdir. Heç kim onun oyanmasını istəmir”.

Yazıda qeyd olunur ki, 2018-ci ilin sonundan etibarən atəşkəsin pozmasının intensivliyi kəskin azalıb, sonra isə tamamilə dayanıb: "Erməni müşahidəçilərinin məlumatına görə, 2018-ci ilin son 130 günündə Qarabağda və ya Ermənistan-Azərbaycan sərhədində bir erməni əsgəri də həlak olmayıb və bu sakitlik indiyədək davam edir.

Bu fonda tərəflərin ritorikası da yumşalıb. Əliyev və Paşinyan iki dəfə qeyri-rəsmi görüş keçiriblər, iki ölkənin xarici işlər nazirləri isə protokola tam uyğun olaraq görüşüblər.

Belə ki, dekabrın əvvəlində Milanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla keçirilən görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sensasiyalı bəyanat verdi: "Hesab edirəm ki, son görüşdə mən Ermənistandan olan həmkarımla uzun illər ərzində qarşılıqlı anlaşma əldə etdik”. Buna cavab olaraq, Ermənistan Xarici İşlər Nazirliyi E.Məmmədyarovu "qeyri-düşmən tonallığını qoruyub saxladığı üçün” təriflədi.

Bu lütfkar qarşılıq yanvar ayında da davam etdi: Parisdə Mnatsakanyan ilə 4 saatdan çox davam etdirdiyi danışıqlardan sonra Məmmədyarov görüşü "çox müsbət” adlandırdı. Ermənistan Xarici İşlər Nazirliyi isə "faydalı və konstruktiv dialoq” haqqında məlumat verdi.

Yazıda qeyd olunur ki, danışıqlar masasında baş verənləri yalnız təxmin etmək mümkündür. Ancaq bir şey gün kimi aydındır ki, bağlı qapılar arxasında yeni nələrsə müzakirə olunur – hər iki tərəfi maraqlandıran və potensial olaraq münaqişənin həllini daha da yaxınlaşdıra bilən bir variant. Dolayı əlamətlərlə artıq indidən bəzi nəticələrə gəlmək mümkündür. Ən mühüm nəticə belədir: aydındır ki, "Madrid prinsipləri” gündəmdən çıxarılıb və ya onun üzərində ciddi şəkildə işlənilib.

P.S. Qeyd edək ki, daha çox siyasi konyuktura səciyyəsi daşıyan analitik məqalə İrəvanda yaşayan erməni müəllif Elen Babayan tərəfindən xüsusi olaraq Lenta.ru üçün yazılıb. Məqalədə Ermənistan ordusunun hərbi qulluqçuları və hərbi arsenalını əks etdirən fotolardan istifadə edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az