Əsgərin payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən AÇIQLAMA

Əsgərin payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Tovuz rayonunda polis əməkdaşı İlqar Hüseynzadənin əsgərlərə aparılan payı mənimsədiyi üçün işdən çıxarılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-ya açıqlamasında bildirib ki, bu informasiya xaricdə oturub həqiqətə uyğun olmayan, uydurma məlumat yayanların, dövlətin, millətin ünvanına şər-böhtan atanların növbəti təxribatıdır:
"Deyilənlər həqiqəti, reallığı əks etdirmir. Birincisi, Müdafiə Nazirliyi ordunu yüksək səviyyədə təmin edir, ordumuzun heç bir kənar yardıma, ərzağa ehtiyacı yoxdur. İkincisi, hansısa bir vətəndaş yardım gətiribsə, bunun da polisə heç bir aidiyyəti yoxdur. Ona görə də həmin polis serjantının işdən çıxarılması barədə onların göstərdiyi səbəb yalandır.

Həmin əməkdaş ötən il xidmətdə yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmalı idi, lakin onun səmimi etirafı, peşman olması, bir daha belə bir əməl tutmayacağı ilə bağlı verdiyi vəd və gənc olması nəzərə alınaraq ona daha yüngül cəza verilmişdi. Həmin şəxsə o vaxt şiddətli töhmət verildi. Onun həmin nöqsandan heç bir nəticə çıxarmadığı, xidməti fəaliyyətində heç bir dönüş yaratmadığı məlum oldu. O, növbəti dəfə xidmətdə məsuliyyətsizliyə yol verməsinə görə Tovuz Rayon Polis Şöbəsinin rəisinin əmri ilə xidmətdən xaric olundu. Həmin əməkdaşın ailəsi müəyyən qədər imkanlıdır, atası hansısa bir vəzifəni tutur, anası isə həkimdir. Yəni, onun siqaret oğurlamağa, mənimsəməyə ehtiyacı da yoxdur. Xaricdə oturan şəxslər isə dövlətin, millətin adına utanc gətirmək üçün yalan məlumatlarla qarışqadan fil düzəldirlər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az