“Ət monopoliyasını yaradan nazirlər, məmurlardır” -Reportaj

“Ət monopoliyasını yaradan nazirlər, məmurlardır” -Reportaj

Son dönəmlər ölkədə ətin qiymətinin süni şəkildə qalxması ilə bağlı vəziyyət müşahidə olunur. Kimiləri bunu dünyanı cənginə alan koronavirusun yayılmasıyla izah etdi, kimiləri də bunun sadəcə bir monopoliya olduğu fikrini irəli sürdü. Məlumat üçün bildirək ki, qiymət monopoliyasının baş qaldırması bazar iqtisadiyyatı şəraitində azad rəqabəti mümkün etmədiyindən bahalaşmaya rast gəlinir.

Qiymət narazılığı da ət bazarlarında, qəssabxanalarda və marketlərdəki ət piştaxtalarının qarşısındakı sakinlərin tək-tük sayda olmasıyla bilinirdi. Bunu vəziyyəti öyrənmək üçün reportaj hazırlayarkən üz tutduğumuz həmin məkanların alıcı durumu bizə söylədi.

8-ci kilometr bazarındakı ət satış yerindəki satıcılardan biri Musayev Ramiz bildirdi ki, ancaq qoyun əti satır:

"Qiyməti də 7-8 manat arasıdır. Qiymətin belə olmasına səbəb burdakı yer haqqının ucuz olmasıdır. Heyvanları bəzi rayonlardan (Şamaxı, Ağsu) gətiririk. Özümüzün kəsim yerlərimiz var. Elektrotok qəsəbəsindəki kəsim yerlərində kəsib bazara gətiririk. Ramiz Musayev qəssabxanalarda ətlərin baha olduğunu deyərək, o yerlərin icarə haqlarının baha olmasıyla əlaqələndirdi. 

Daha bir satıcı İlham Mahmudov: 

”Dana əti 11,00 manat, inək əti isə 7,00 manatdır. Bazarda ətlərin qiymətləri ucuzdur. Çünki bütün rayonlardan bura ətlər gətirilir. Seçim çoxdur. Müştərini cəlb etmək üçün də qiymətlərdə mexaniki endirimlər olur. Qiymətlərdə cüzi fərq satıcıların obyektləri özlərinə aid olub-olmasıyla əlaqədardır. Yəni satıcı əgər yeri icarəyə götürübsə, hesab edək ki, dana ətini 11,50-ə deyil, əgər, şəxsi yeridirsə, o zaman qiymət 11,00 manat olur”.

İlham Mahmudov bizə AQTİ-nin Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun baytarlıq arayışını da təqdim etdi. Amma İlham Mahmudov digər satıcılardan fərqli olaraq ətlərin AQTA-nın kəsim yerlərində kəsildiyini bildirdi.  

Satıcı həm də bahalaşmanı bu cür əlaqələndirdi: 

"Heyvan yemlərinin baha olması ətlərin qiymətlərinin qalxmasına təsirsiz ötüşmür. Hazırda Bakı ərazisində bahalaşmaya rast gəlmirəm, amma bölgələrdə vəziyyət fərqlidir”.

Digər satıcı İsfəndiyarov Razif bildirdi ki, yalnız qoyun ətinin satışıyla məşğuldur:

"Qiymətlər 8,00, 8,50, 9,00 manat arasındadır. Yerlərdən ətləri alıb öz kəsim məntəqələrimizdə kəsib satırıq. O, bunu belə izah etdi:

"Hökümətin kəsim məntəqələrində heyvanın kəsilməsi baha başa gəlir. Məsələn, bunun üçün taksi çağırmaq, qəssab tutmaq əlavə xərclərdir, əgər, biz bunu etsək, bazarda da ətin qiymətini qaldırmağa məcburuq. Alıcı fəallığı da olmadığından qiymət artımı effektli olmur. Bura aidiyyəti qurumlardan da rəsmilər gəlir, yoxlamalar keçirdir. Ancaq qiymətləri sahibkarlar müəyyənləşdirirlər. Onların qiymət təyinatıyla bağlı hər hansı göstərişləri olmur”- deyə bildirdi İsfəndiyarov Razif.    

Başqa bir satıcı Həsənov Ramiq deyir ki, bu bazarda satılan ətlərin çoxu satıcıların özlərinə aid kəsim məntəqələrində kəsilir:

"Bazarda demək olar ki, dana əti satılmır. Mal ətinin satışına gəldikdə, daha dəqiq, orta yaşlı inəklərin ətlərin satışı həyata keçirilir. Bunların qiymətləri 7,00, 7.50 manatdır. Biz alıcıya dana əti adıyla qoca inək ətini satmırıq. Alıcıya qiymət deyən kimi anlayır ki, bu ət hansı mal ətindəndir. Sözsüz ki, dana ətinin qiyməti 11.00, 11.50 manatdır. Ümumiyyətlə, dananın qiyməti bölgələrdə də, Bakı şəhərində də demək olar ki, eyni qiymətdir. Aidiyyəti qurumların bazarlarda ətlərin keyfiyyətindən hansı tip məhsul olduğundan məlumatları var. Satıcı yalnız inəklərin Qida Təhlükəsiziliyinin kəsimxanalarında, qoyunların isə qəssabların öz kəsim məntəqələrində kəsildiyini də bildirdi. Səbəb kimi də inək ətlərində daha çox xəstəliklərin olmasını bundan başqa qoyunların daha baha başa gəldiyini vurğuladı müsahibim.
Bazardakı satıcı qəssabların əksəriyyətindən satdıqları məhsulların baytarlıq nəzarətindən keçməsiylə bağlı aktlarının olmadığını dedilər. 

Daha sonra ət dükanlarına üz tutduq. 

İlk müraciət etdiyimiz qəssabxanadakı qəssab Eminov Orxan deyir ki, satdığı dana və quzu ətləridir: 

"Dana ətinin 1 kiloqramı 11,50 manat, quzu əti isə 14,00 manat təşkil edir. Bizdə ətllərin topdansatışı da mümkündür. Bu halda ətin balaca və böyük miqdarından asılı olaraq qiymətlər 10,80, 11,00 manat arası dəyişir”-dedi.

Digər dükandakı satıcı  Mazanov Səxavət bildirdi ki, dana və quzu ətləri satır:

"Dana ətinin satışı 11,50, quzu əti isə 13.50 manatadır. Quzu ətinin topdansatışını etdiyimiz üçün digər dükanlardan bir qədər ucuzdur. Heyvanları Bərdə, Beyləqan rayonlarından gətiririk. Nəzərə alsaq ki, hər yerdə heyvan bahalaşır, bu baxımdan topdansatış bizə sərf etmir. Buna baxmayaraq, müştərilərimizin məmnuniyyəti bizim üçün əsasdır”. 

Satıcı-qəssab hazırda bahalaşmanın olmadığını vəziyyətin stabil olduğunu bildirdi.

Dükanda heyvanların kəsilib yuyulması üçün yeri görüb satıcıya onların harada kəsildiyini sual etdik. Satıcı qəssab AQTA-nın kəsim yerlərində kəsildiyini dedi. 
Bu an gözümüz dükandakı baytarlıq aktına sataşır. Məlum oldu ki, baytarlıq aktı 15  noyabr 2016-cı ildə verilib.Satıcı cavab olaraq bildirdi ki, bu aktlar 5 ildən bir dəyişir. 
Dükanda olduğumuz zaman müştəri qadın qızı ilə birgə içəri daxil oldu. Satıcı qəssabla ilə münasibətindən uzun zamandır buradan alver etdiyi bəlli idi. 

Həmidə adlı qadın:

"Elə buna görə də uzun zamandır buradan alıram. Həm yaşadığımız ünvana yaxındır, həm də heyvanın kəsilməsini yeni olduğunun şahidi oluruq”.

Satıcı  heyvanların AQTA-nın kəsim yerlərində kəsildiyini desə də, müştəri bizə qəssabın özünün kəsdiyini bildirdi.

Digər dükandakı satıcı qəssab İsmət Qaziyev bildirdi ki, bəzi satıcı qəssablar bilərəkdən müştəriləri aldadırlar: 

"Satıcılardan soruşanda ki, "ət niyə ucuzdur? Hamısı bolluqdandır” deyirlər. Bunlar yalandır. Otun qiyməti 5.50 manat, arpanın isə 0.13 manat olduğu halda fermer arpanı 0.30 qəpikdən alaraq, heyvan bəsləyib satıcılara 8 manatdan satsalar, satıcılar da ətin kiloqramını 10 manata versələr sözsüz ki,  fermere ziyan gətirəcək. Qiymət monopoliyasını yaradan elə məmurlardır. Məmurların, nazirlərin əksəriyyəti bu sahəni əllərində cəmləşdirmək istəyirlər. Bayramlara yaxın ərəfələrdə həmin nazirlərin, məmurların fermalarındakı yetişən heyvanlar bazara çıxarılır və baha qiymətə satılır. Lakin sadə kənd camaatı min bir əziyyətlə yetişdirdiyi heyvanı baha qiymətə satmağa çalışanda qurumlar məsələyə qarışır, qiymət tənzimlənməsi mexanizmini ortaya çıxarır. 

Bizdə əvvəllər çəpiş əti ucuz idi. Amma indi otlaq, yemin qiyməti fərqli olduğundan  quzunun qiyməti bahadır. Belə deyək də, qiymətlərin vəziyyəti düz mütənasiblik təşkil edir. Yem ,otlaq, arpa, buğda yol xərcləri artdıqca  heyvanların qiymətləri də qalxır”-deyə bildirdi. 

Satıcı-qəssab bundan əvvəl üz tutduğumuz 8-ci kilometr bazarındakı ət satış yerindən də danışdı:

"Təəssüflər olsun ki, bəzi oradakı bəzi həmkarlarım mənşəyi məlum olmayan ət məhsulları satırlar. Dana əti adıyla başqa heyvanların ətlərini satırlar. Onlar həm də qurumların nəzarət aktlarını pulla alırlar. İnsanlar da inanır ki, ət keyfiyyətli məhsuldur. Mənşəyi məlum olmayan heyvanlardan başqa, mundar olmuş heyvan ətlərinin satılması  halları da var. Vəzifəli şəxslər heyvan satışı kəsimi sahəsini ələ keçirirlər, şəxsi ferma təsərrüfatları yaradırlar. Nəticədə çobanlar fermerler işsiz qalır. Hər kəs öz sahəsiylə məşğul olsa yaxşı olar”.

Alıcı Əmanət xanım dedi ki, satıcı qəssabların satdığı heyvan ətinə üstünlük verir. Səbəbini isə heyvanların kəsilməsinin şahidi olmasıyla əlaqələndirdi.

Bəzi mağazalar şəbəkələrində də qiymət fərqliliyinə rastladıq. "Araz supermarket”də  sümüksüz  mal ətinin bir kiloqramı 14.49, sümüklü ət isə 9.99 manat civarındadır. "Megastore”-da (Meqastor) isə sümüksüz mal ətinin 1 kilosu 14.95, sümüklü isə demək olar ki, eyni qiymətə 9.90 manatadır. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva saytımıza bildirdi ki, aidiyyəti qurumlar ilə birlikdə qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyətinə nəzarət tədbirlərini davam etdirir: 

"Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınmsı üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülür.  Bu istiqamətdə indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib. Bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə bildirişlər paylanılıb, qanunvericiliyin tələbləri barədə məlumatlar verilib, onlara ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

İstehlakçıların heyvan mənşəli qidalar, xüsusilə ətdən keçə biləcək müxtəlif zoonoz xəstəliklərə yoluxmasının qarşısını almaq üçün heyvanlar  mütləq kəsimdən əvvəl baytarlıq müayinəsindən, kəsimdən sonra isə baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. 

Azərbaycan Respublikası Prezidentinin "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamına əsasən, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələri  yaradılmalıdır.  Sərəncamın icrasından irəli gələrək Agentlik paytaxt Bakı və respublikanın müxtəlif bölgələrində standartlara uyğun, müasir heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir. Bu məqsəd ilə sahibkarlara zəruri metodiki köməkliklər göstərir.

Agentlik dəfələrlə media vasitəsilə heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən sahibkarları müasir ət kəsimi məntəqələrinin yaradılmasında işitirak etməyə dəvət edib. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə, metodiki köməklik almaq üçün   Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.

"Bundan başqa, ət məhsullarının qiymətləri məsələsi sahibkarların şəxsinə aiddir Bununla bağlı agentlik hər hansı qiymət göstərişi nizamlamır”.

İmamət İsmayılova














İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az