EY VƏTƏN, Oğullarının hər birinə DAYI OL!-Polkovnik Teymurov yazır

EY VƏTƏN, Oğullarının hər birinə DAYI OL!-Polkovnik Teymurov yazır
Zahid TEYMUROV
Ehtiyyatda olan POLKOVNİK
Daxili Qoşunların sabiq Qərərgah rəisi  

MİLLİ QÜSURLAR SƏRGİSİNDƏN...

Uzaqdan Vətən nostaljisi....

Hərbi taleyim məni uzaq Sibirə aparmışdı.
Böyük bir dövlətin zabit romantikası SSRİ ilə yanaşı Azərbaycanımın qartalabənzər xəritə görüntüsünü müqəddəs varlıq kimi zehnimdə, qəlbimdə yaşadırdı. Elə bilirdim Azərbaycanım Sovet İttifaqının ən mühüm hissəsi və dəyəridir.

Bu daxili fəlsəfəmlə də özümü xidmətdə təstiq edirdim. Digər millətlərin də nümayəndələri artıq mənim eqoma şəkk gətirmirdilər. ,,Hər bir gözəllik mənim millətimdə, Azərbaycanımdadır" mövqeyim sarsılmaz idi.
Hətta rus millətindən olan zabitə kinayə ilə ,"Sən heç bilmirsən Puşkin kimdir!" deyəndə, o sakit tərzdə cavab verdi:
- Bilirəm. Azərbaycanlıdır.
Azərbaycanımın, millətimin nüfuzuna kölgə salan hər hansı hal mənə əzab verirdi, sanki uzaq Sibirdə olsam da, bunun günahkarı mənəm...

... Şaxtalı qış gecəsi idi. Novosibirskin dəmir yol vağzalında qatar gözləyirdim. Sibirdən də uzaq yerə ezamiyyətim var idi. Gözləmə zalında minlərlə səs-küy uğultusunda ürəyimi dalğalandıran bir Azərbaycan dili eşitdim: ana uşağını səsləyirdi. Xeyli çemodan və çantalar arasında gənc qadın biri-birindən balaca uşağını sakitləşdirirdi. Bu uşaq cəh-cəhi məni, Azərbaycan həsrətində olan insanı Vətənə, doğma məkanıma aparırdı.
Bir az keçmiç uşaqların atası da gəldi: qucağında vağzal ərzaqları - kefir, selofanda bulkalar, konfetlər. Uşaqların kefi açıldı.
30-a yaxın yaşı olan möhkəm bir insan idi. Davranışında mükəməllik hiss olunurdu.
O Azərbaycanın, mənim kimi, Sibirdə, bu şaxtalı ögey diyarda bir parçası, bir səsi idi. Onunla tanış olmaq fürsətini əldən verə bilməzdim. Salamlaşdıq. Söhbət şirinləşdi.
- Hara belə, bu qışın günündə?- təəcübləndim.
- Eh qardaş! Saxalində əsgərlikdə olmuşam. Ora gedirəm.
- İndi bu qışın günündə, ailə, üç körpə uşaq, Saxalinmi vaxtıdır?
Ani fikirə getdi:
- Belə alındı. Keçmiş komandirim ordadır. Məktubuma cavab verib: gəl, burda sənə iş var...
- Dayan...- sozünü kəsdim. - Azərbaycanda işmi yoxdur!? Gözəl ölkəmiz, öz millətin, qohum əqrəban....- özümün məhrum olduğum həyat dəyərlərini bir nəfəsə sadaladım ona.
- İş var. Ədalət yoxdur. On ildir qiyabi milis məktəbini fərqlənmə ilə qurtarmışam. Hələ də serjantam. Zabit rütbəsi, zabit vəzifəsi ala bilmirəm.
- Onları sən niyə almalısan? Onlar sənə verilməlidir!
Əsəbləşdi.
- Vermirlər. Bir il qurtarana verirlər. Mənə yox. Dayım yoxdur. Dayım Saxalindədir. Ora gedirəm.
Çox söhbət etdik. Bulkalarını yeyən körpələrə, acizyana, naməlum bir həyata məhkum olan qadına, Vətənindən küskün düşmüş bir dağ cüssəli oğula baxıb ürəyim parçalanırdı.
Qatara yola saldım. Gənc, üç uşaqlı Azərbaycan ailəsini. Saxalinə.
- Bəs Vətən? Darıxacaqsız! - əlimi qoydum çiyninə.
- Darıxacağam. Vətəndən mənə bu da bəs edər...

Mən də qatarıma mindim. Ata-anamdan, bacı-qardaşımdan, Sibirə gətirəcəyim nişanlımdan aldığım, özümlə gəzdirdiyim, təkrar-təkrar, kitab kimi oxuduğum, Azərbaycan ətirli məktubları qatar tıqqıltısı müşayəti ilə yenidən oxuyurdum...

EY VƏTƏN! OĞULLARININ HƏR BİRİNƏ DAYI OL!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az