Faciəli il -1992

Faciəli il -1992

XX əsri "Faciələr əsri” adlandırmaq olar. Çünki 1992-ci il və ondan əvvəlki illərdə bu millətin amansız işgəncələrə məruz qaldığı, tükürpədici əzablara düçar edildiyi təkzibedilməzdir...

Xocalı kimi faciələrə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı növbəti dəfə dəhşətli cinayət işlədib.​​ 1992-ci ildə xalqımızın başı üstünü növbəti dəfə qara buludlar aldı. Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl-1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.​​​​

Xocalını işğal etməklə düşmən bir sıra məqsəd güdürdü: 

1.Dağlıq Qarabağı ələ keçirtmək üçün strateji üstünlük qazanmaq;

2.Regionda yeganə mülki hava limanına malik olan mühüm kommunikasiya mərkəzini ələ keçirtmək;

3.Xocalıda törədilən soyqırım ilə azərbaycanlıların iradəsini qırmaq;

4.Xocalıda və ətraf ərazilərdə olan tarixi izlər ermənilərin ərazi iddialarını puça çıxartdığı üçün Xocalını yer üzündən silmək. ​​​​Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən, Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi, 7000 əhalisi olan Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülüb. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin köməyi ilə bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara ağılasığmaz,misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib, milli mədəniyyət abidələrimiz dağıdılmışdır.

Xocalı faciəsi yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəlib həyata keçirilmiş dəhşətli terror aktıdır və bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. 

Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib.

Azərbaycan parlamenti 2017-ci il fevralın 24-də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsini bir daha təsdiq edib. ​Azərbaycan Respublikasının hüquq mühafizə orqanları Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirləri davam etdirir.  Xocalı faciəsinin dünya ölkələri parlamentləri səviyyəsində tanınması xarici siyasətimizin əsas vəzifələrindən biridir. ​​​​

Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: "Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu,Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.Beləliklə, Ümummilli Lider millətinin başına gətirilən faciələrin unudulmadığını, unudulmayacağını,unutdurmayacağını,axıdılan qanların yerdə qalmayacağını və faciənin səbəbkarlarının qanun qarşısında hesab verəcəyini dünyaya bəyan etmişdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.

Ölkəmizdə Xocalı soyqırımının araşdırılması və cinayətkarlarının üzə çıxarılıb, məsuliyyətə cəlb olunması sahəsində ciddi addımlar atılmışdır.Bu da xalqımızın nələr yaşadığının dünya miqyasında nümayiş olunması üçün əvəzsiz xidmətdir.​​​​

Xocalı döyüşündə iştirak etmiş Azərbaycanın Qəhrəman oğullarının hər biri ana-bacılarımızın müdafiəsi,bacı-qardaşlarımızın təhlükəsizliyinin təmin edilməsi keşiyində durmuş və öz həmvətənlərinin qeydinə qalmışdır.Bu yolda böyük hünər,şücaət göstərmiş,düşünmədən belə canlarını fəda etmişlər.Yeri gəldikdə düşmənə öldürücü zərbələr endirmiş,əsirlərin düşmən əlindən azad edilməsində fəal iştirak etmiş və yeri gəldikdə isə düşmənlə üz-üzə vuruşub qəhrəmancasına şəhid olmuşlar.Onlar ölümləri ilə ölümsüzlüyə imza atdılar. Xalqımızın qəlbində əbədi yaşayacaqlar,sonsuz sevgi, dərin hörmət və daima böyük ehtiramla yad ediləcəklər. Onlar adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar.

Xocalı soyqırımından 28 il keçmişdir. Amma XX əsrdə yaşananlar silinməmək üzrə yaddaşlara həkk olunmuşdur.Şəhidlərimiz ölümləri ilə qəlblərdə əbədi məskən salıb və sönməz məşəl yandırdılar.Xalq belə qəhrəman milləti ilə fəxr edir.Suyunu içdiyimiz,çörəyini yediyimiz,bizi boya-başa çatdıran və üzərində gəzdiyimiz torpaq Vətəndir.Azərbaycanımız gözəl mənzərəli güşələri, bağlı-bağatlı bağları, şəffaf bulaqları, bol ruzi-bərəkətli torpaqları ilə zəngin,millətinin qonaqpərvərliyi ilə tanınmış və qəhrəman oğul-qızları ilə məşhurdur.Buna görə də yurdumuz daima diqqət mərkəzində olmuş və müşahidə edilmişdir. Bu yurd, bu oba saysız-hesabsız qəhrəman övladlar yetişdirmişdir. Bu qəhrəmanlar düşmən üçün daim təhlükə olmuş,adları belə düşməni vahiməyə salmağa kifayət etmiş,çünki onların varlığı həmişə düşmən üçün təhdid olmuşdur.Onların  qanı, canı bahasına qazandığı azadlıq adlı neməti qorumaq bizim də vətəndaşlıq borcumuzdur.​​​​​​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə "Dünya Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya ədalət!”, "Xocalını unutmayın!”, "Rədd olsun erməni faşizmi!”, "Xocalı - XX əsrin soyqırımı”, "Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.

Ümummilli Lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edərək deyib: "O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”...​

Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

Hər il fevralın 26-da Azərbaycan ictimaiyyəti Xocalı faciəsini böyük hüznlə yad edirlər və Xocalı Abidəsinə böyük ehtiramlarını bildirirlər. Xocalı faciəsi bizim milli dərdimizdir,min illər keçsə də bu yara heç vaxt sağalmayacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!
 
Hazırladı:
Gülanə SƏDA,
tarixçi
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az