FARAĞAT!!! Diqqət TƏHLÜKƏYƏ!!!

FARAĞAT!!! Diqqət TƏHLÜKƏYƏ!!!
 
Aqil Alışov
Miq.Az saytının baş redaktoru
Ehtiyatda olan zabit

İnamsızlıq ÖLDÜRƏCƏK insanları... Xəstəlik də, taun da, KORONA da boş şeydir! Hökumətin "koronovirus altında" qalmaq ixtiyarı, insanların bu virusa təslim olmaq, müxalifətin isə bundan sui-istifadə etmək haqqı yoxdur. Amma bütün bunlara stimul verən iqtidarın ixtiyarında olan səlahiyyətdən istifadə etməkdi. Tanınmışlar deyil, xalqa yaxın olan insanlar tribunalara qalxmalıdırlar - iqtidarlı-müxalifətli... Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tədbirləri, xalqa müraciətləri nazir səviyyəsində təmsil olunmalıdır. Düşündüklərini birbaşa ifadələrə yönəldənlərdən daha çox, ifadələrini düşünüb danışanlara yer vermək lazımdır. Sosial şəbəkə istifadəçilərini və  jurnalistləri KİV-də ehtiyatlı olmağa çağıran bəzi iqtidar səlahiyyətliləri bilərəkdən və ya bilməyərəkdən PANİKA yaymağa başlayıblar. Əgər vəziyyətin ciddiliyini insanlara başa salmaq üçün o səhvlər bilərəkdən yayılırsa, bunu başqa cür də etmək olar. 

Bu bəladan qurtulmaq üçün nüfuzlu insanların məsləhətlərindən niyə istifadə etməməliyik ki? 
Ziyalılarımız var ki, bu virusun cəngindən qurtarmaq üçün onları dinləməyə dəyər.
Böyük təcrübəsi olan insanlarımız var ki, bu epidemiyanı zərərsizləşdirmək, minimuma endirmək üçün beyinlərindən istifadə etmək olar.
Müharibədən çıxmış, qorxu və panika bilməyən keçmiş döyüşçülərimiz var ki, bu işdə KÖNÜLLÜ xidmət göstərə bilər - bacardığı sahələr üzrə...
Müharibə görmüş, səhra təcrübəsi olan həkimlərimizin savad və təcrübəsindən istifadə etmək olar. 

Bu sadalananları uzatmaq olar. Amma heç nəyin uzadılmasına zamanın az olduğu dönəmdə VARLIĞIMIZI da unutmayaq; indi hər şey bizim üçün dəyərlidir. 

Bu yaxınlarda ehtiyatda olan general-mayor Qabil Məmmədovun şəxsi "Facebook” səhifəsində paylaşdığı təklifi çox unikal idi. Həmin statusu miq.az saytında dərc etdik və yüzlərlə vətənpərvər insandan rəylər daxil oldu redaksiyamıza.

General bizim ehtiyatda və istefada olan çox saylı hərbi həkim, feldşer və tibb bacılarımızın olduğunu qeyd edərək yazır: "Onlar vaxtı ikən güc strukturları sıralarında, böyük bir həyat məktəbi keçmiş və zəngin təcrübəyə malikdirlər. Xalqımızın bu ağır günündə hamımız bir nəfər kimi həmrəy olmalı (dövlətin və xalqımızın marağını üstün tutmalıyıq), bütün imkan və resurslarımızı səfərbər etməyə hazır olmalıyıq. Belə ki, biz sahib olduğumuz kadr və maddi-texniki resurslarımızdan istifadə etmək müqabilində, əlavə olaraq 4-5 hospital açmaqla işlərimizi qismən yüngülləşdirə bilərik.  Ehtiyatda olan zabitlərimiz arasında, vaxtı ikən hospital rəisləri olmuş çoxlu sayda təcrübəli kadrlarımız vardır. Bu gün biz əsla vaxt itirmədən, SHXÇDX-nə (Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti) müvafiq sərəncam verməklə, bu qospitalların açlışlarını (otellərdə, turizm bazalarında və ya digər bazalarda) həyata keçirməliyik. Sözügedən bu qurum (SHXÇDX), zatən belə bir səfərbərlik planlarına malikdir (ən azından müharibə dövrü üçün malik olmalı idi) və sərəncam aldığı saatdan (təyin olunmuş zaman qrafiki çərçivəsində), onların açılışını, komplektləşdirilməsini və fəaliyyətini tam şəkildə təmin etməlidir”.

Əziz oxucular! Kifayət qədər ürəyində vətən, xalq, dövlət məhəbbəti olan insanlarımız var ki, onlar bu işdə dövlətin əsgəri olmağa hazırdırlar. Yeri gəlmişkən, baxın, bütün baş verənlərlə bağlı paylaşdığım status və yazılarımda həmişə önə çəkdiyim bir nüans olub - PANİKA yaratmayın! Bunun insan orqanizmi və şüuruna nə qədər təsir etiyini anlamırsınız. Dünyada ən böyük təhlükəli silah PANİKA silahıdır ki, sağlamlığın 80 faizini müqavimətsiz "işğal" edir, həm də məğlub...
Təklif edirəm ki, bu pandemiyaya qarşı mübarizədə həmrəy olaq. Tarixdə millət olaraq göstərmədiyimiz həmrəyliyi bu gün göstərək. İqtidarlı, müxalifətli... Bütün və bütöv Azərbaycanda yaşayanlar birləşməlidirlər. Ölkənin bu ağır günündə cəmiyyətdə qıcıq yaradan insanların çıxışlarına qadağa qoymaq lazımdır. Telekanallarda  bayağı "korona yalanları"nın səsini almaq, panik təbliğata son vermək lazımdır. 
Mən Ali Baş Komandan İlham Əliyevdən şəxsən bu komandanı gözləyirəm: FARAĞAT!!! Diqqət təhlükəyə: Aprel ayı ZƏFƏR ayı kimi elan edilmək üçün hamı səfərbərliyə alınsın!
Mən bəlkə də yanlış düşünürəm, amma xalqı və dövləti xilas etməyin yolunu bunda görürəm. "Evdə qal" kampaniyasına əməl etməklə yanaşı, "son tikəmizi tanıdığımız kasıblarla yarı bölək" də şüarımız olsun! Biz əsrlərin sınağından çıxmış xalqığ.
FARAĞAT!!! Diqqət təhlükəyə: Aprel ayı ZƏFƏR ayı kimi elan edilmək üçün hamı səfərbərliyə alınsın! Bunu Qarabağın işğaldan azad olunması üçün Azərbaycan xalqının dövlət və həm də xalq olaraq TƏLİMİ kimi də yoxlamaq olar. 
Aprel ayını MİLLİ SƏFƏRBƏRLİK ayı elan edək!
Aprel ayını QƏLƏBƏ ayı elan edək!
Aprel ayını BARIŞIQ ayı elan edək! 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az