“Fevral ayında yuxularım ərşə çəkilir...” -ƏSİR QADIN...

“Fevral ayında yuxularım ərşə çəkilir...” -ƏSİR QADIN...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakini Dürdanə Ağayeva da qardaşı Elşadla birlikdə ermənilərə əsir düşüb və səkkiz gün olmazın işgəncələrinə məruz qalıb. 

Xocalı faciəsinin 28-ci ildönümüylə bağlı Moderator.az-a danışan D.Ağayeva ermənilər tərəfindən gördüyü işgəncələrə görə indi də səhhətindəki problemlərdən əziyyət çəkdiyini deyib:

"Xocalı faciəsindən 28 il ötür. Bizdə soruşan lazımdır ki, nə yaxşı bu qədər vaxtı sən ölməmisən? Qardaşıma görə erməni əsirliyində qaldım, səkkiz gün mənə olmazın işgəncələrini verdilər. Amma çox şükür Milli Qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə əsirlikdən azad edildik. Bu gecə səhərə qədər yatmamışam, elə bilirdim ki, yenə meşədəyik, ayaqyalın yol gəlirik və ermənilərə əsir düşdük. Ümumiyyətlə, fevral ayında yuxularım ərşə çəkilir”.


D.Ağayeva ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı dünyaya çatdırmaq üçün hadisə şahidi kimi həmişə təbliğat apardığını bildirib:

"Xocalı faciəsindən sonra başıma gələnlərdən bəhs edən "erməni zindanında səkkiz gün” adlı kitabım türk dilində və sonra isə rus dilində işıq üzü gördü. Türkiyədə Xocalıyla bağlı tədbirlərimiz oldu. Prezident Ərdoğanla görüşdüm. Bu günə kimi həmişə çalışıram ki, ermənilərin bizə qarşı törətdiyi bu soyqırımı bacardığım qədər təbliğ edim”.

Vasif Əlihüseyn


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az