Fürsətçilərə meydan veriləndə - BAXIŞ

Fürsətçilərə meydan veriləndə - BAXIŞ

Müsəlmanların müqəddəs Qurban bayramı münasibəti ilə Təzəpir məscidində qılınan namazdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin söylədiyi fikirlər cəmiyyətdə ciddi müzakirə olundu. Şeyxülislamın çıxışını qəsdən təhrif edərək mətbuata ötürənlər qısa müddət də olsa istəyinə çatmağa çalışdılar, insanlarda çaşqınlıq, qarşıdurma yaratmağa cəhd göstərdilər. Mediada, xüsusi ilə sosial şəbəkələrdə problemin mahiyyətinə önəm vermədən hər kəsə qara yaxmağa, hətta  təhqir etməyə hazır olan fürsətçilərə idman termini ilə desək, məhsuldar ötürmə verdilər.

Şeyxülislam Allahşükür Paşazadənin təhrif edilmiş məlum çıxışına münasibət bildirənlər arasında Rafiq Əliyevi görmək o qədər də təəccüblü olmadı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrini yaxından tanıyanlar yaxşı bilir ki, "fürsətçi ekspert” belə şansı əldən qaçırmağı heç xoşlamır, imkan düşən kimi QMİ sədrinə qara yaxır, din kimi həssas mövzunu öz şəxsi məqsəd və məramına uyğun alverə çevirir, məzhəb ayrı-seçkiliyi salmaqdan belə çəkinmir. Bu dəfə də istisna olmadı.

"Cənubi Yəməndə elmi sosializm” üzrə mütəxəssis sayılan Rafiq Əliyev həmişəki kimi suyu bulandırmaq adətindən əl çəkmir, dəlil-sübut gətirmədən oxucuların fikrini yayındırmağa çalışır. Dünyada böyük nüfuza malik, bütün həyatı boyu Azərbaycan amalı ilə yaşayan, ən kritik məqamlarda dövlətinin yanında olan Şeyxülislam Allahşükür Paşazadəni israrla başqa dövlətə "sevgi bəsləməkdə” günahlandırır.

Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində cəmi 5 il 6 gün işləməyə bacarığı çatan, ölkə başçısı tərəfindən işdən azad olunan bu alim-biznesmenin hansı dini qruplara yaxın olduğunu Azərbaycanda bilməyən yoxdur. Rəhbər vəzifədə işləyərkən yol verdiyi qüsurlara, ərəblərlə saxta diplom alverinə görə sakitcə kənara çəkilib abrına qısılmaq əvəzinə 40 ilin Şeyxülislamına məsləhət vermək və yol göstərmək, dünya şöhrətli şərqşünas alim, akademik Vasim Məmmədəliyevlə birgə tərcümə etdikləri Qurani-Kərimi təftiş etmək ancaq Rafiq Əliyev və onun kimi düşünənlərin ağılına gələ bilər.

R.Əliyevin unutqanlığını nəzərə alıb bəzi məqamları onun yadına salmaq məcburiyyətindəyik. Şeyxülislam Allahşükür Paşazadə hər zaman ona kömək əlini uzadıb, yaxşılıq edib, hətta "İrşad” otelini alim-biznesmenin əlindən almaq istəyənlərin qarşısına çıxıb. Yəqin R.Əliyev elə düşünür ki, keçmişdə olanları heç kim xatırlamır. Amma həyatın öz qanunları var, keçmişdə baş verənlər yenə təkrarlana bilər...

Uzun illər ərzində ancaq QMİ sədrini tənqid etmək üzrə ixtisaslaşan R.Əliyevin səsi erməni işğalçıları Ağdamda, Şuşada, doğma Qarabağımızın digər ərazilərində məscidlərimizə, dini abidələrimizə qarşı vandalizm hərəkətləri edəndə niyə eşidilmirdi?

Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli dövlətimizin, Rəşadətli Ordumuzun və məğrur xalqımızın gücünü birləşdirərək Qarabağı düşməndən təmizlədi, böyük tarixi bir Zəfərə imza atdı. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə hər zaman olduğu kimi yenə qalib dövlətinin, onun Ali Baş Komandanının və xalqının yanındadır.

Rafiq Əliyevin kimin yanında olduğunu isə həmişəki kimi yenə bilmək olmur...

Adil Mirzəyev



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az