Gəl, ay üzüqara və yaxud Peysər dərmanı

Gəl, ay üzüqara və yaxud Peysər dərmanı
Aydın Canıyev


Zaman hər şeyi qəbul edir və hər üzünü göstərir, hər üzü qəbul edir. Zamanın kiməsə etiraz etdiyini görən olmasa da, zamandan şikayətçilər bəs qədərdi. Ancaq zamanın mərhəmətli olduğu vaxtlar da olub. Son iyirmi beş ildə yaşadığımız zamanda nələr olmadı ki...
Deməli, belə... Bir qoca kişi imkansızlıqdan ailəsi ilə sağollaşaraq baş götürüb gedir. Yolda bir ilan bunun qarşısını kəsir və deyir:
- Şahın qızı xəstədi, dərdinə əlac edə bilmirlər, sən bu yarpağı apar yedirt, sağalsın, iki kisə qızıl alacan, biri sənin, biri mənim.
Razılaşırlar.
Kəndli şahın qızın sağaldır, iki kisə qızılını alır və birbaşa... evinə gedir. 
Aradan bir müddət keçir, şahın arvadı xəstələnir. Çaparlar tez kəndlini tapırlar ki, durma, gəl, xanım xəstədir. Kəndli yaman yerdə axşamladığının fərqinə vararaq, "mən məlhəm hazırlayım, sabah gələrəm", - deyib aradan çıxmaq istəyir. İlan yenə yolunu kəsir: 
- Gəl, ay üzüqara, bu dəfə sənə daha çox ənam verəcəklər, yarısı sənin, yarısı mənim.
Kəndli nə deyəsidi ki!
Əlqərəz, xanımı da sağaldır, ənamını da alır, üstəlik yaraq-əsləhəni də hədiyyə verirlər.
Kəndli də birbaşa ilanın yuvasına gəlir, qılınıcı çıxarıb ilanı quyruğundan yaralayır.
...Üçüncü dəfə şah xəstələnir. Təbii ki axtarılan kəndli olur. Kəndli də görür ki daha xilas mümkün deyil. Evdəkiylə sağollaşır, hellənir üzü dərəyə... ilan yenə bunun qabağını kəsir:
-Gəl, ay üzüqara, şərtimiz şərtdi, nə alsan, yarı bölürük.
Bu dəfə də təhlükədən sovuşan kəndli sevincək yarpağı alır və şahı sağaldır, aldığı ənamların hamısını gətirib tökür ilanın yuvasının ağzına:
- Al, bu qır-qızılın qorxusundansa, əmin-amanlıqda yaşamaq mənə xoşdu.
İlan:
- Ay üzüqara, mən torpaq yeyirəm, qızılı neynirəm? Belə də ki mən zəmanənin özüyəm. Sən birinci dəfə gəlməyəndə athaat dövrüydü, ikinci dəfə döyüş vaxtıydı, kəshakəs idi, indi atəşkəsdi, əmin-amanlıqdı, sən də zəmanəyə uyğun hərəkət edirsən. Götür apar qənimətini...
Sözüm ondadı ki, Azərbaycanda təzə mərhələdi. Yəni ki...
Müalicəmin qızğın vaxtında dostlardan biri yaxşı qonorar müqabilində yazı təklif etdi. İmtinamı gördükdə inanmadı. Gördüm həm də inciyir. İzah elədim:
- Əzizim, bu dərmanlar var ki, mən atıram, bunlar peysər dərmanıdı, heç neyə reaksiya verə bilmirəm, baş işləmir.
Gördüm yenə narazı qalır, qayıtdım ki:
- Dost, indi desələr anan Dubayda oteldədi, tüküm tərpənməz.
Aradakı gülüş və səmimiyyət halımı çatdırdı.
Gəlin, səmimi etiraf edək, ölkədə baş verənlərin (bütün sahələr üzrə) qarşılığında indi hansı vəziyyətdi?
Əlbəttə...
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az