Gənc yazardan Əlisəmid Kürə AÇIQ MƏKTUB...

Gənc yazardan Əlisəmid Kürə AÇIQ MƏKTUB...
 
Aydan Ay
 
Şair Əlisəmid Kürə açıq məktub

Salam, Əlisəmid Kür- içimdəki qürbətə Vətən olub hopan adam!

Bu məktubun mürəkkəbinə bir az göz yaşı qarışıb, bir az ata nəfəsi, bir az da hələ də mənə darıxan keçmişin səsi...Oxuyacağın, anlayacağın bu məktuba tale naləsi qovuşub, tale naləsi!


Əlisəmid Kür, 
sonuncu dəfə yaddaşında kimin üzü buludlanıb, kimin gözü dolub?
Mən yaddaşımın daş tərəfinə-küncünə körpə kimi qısılıb o daşdan bir ATA umanda məni gördünmü bir nəfəslik məsafədən?
Çox duymuşam həyatın üzümə baxıb çəkdiyi qəhqəhəni...
Qınamazsan məni, bilirəm, bilirəm Əlisəmid Kür!
Uman yerdən küsərlər axı...Küsdüm o daşa, o küncə...


Mən atamın içində bir ovuc torpaq axtarırdım nəfəsində çiçək açmaq üçün...
Mən birbelə yadlıq ummurdum axı, ummurdum, ay tale adamı.
Mən atamı dörd divara, aynalara sükut-sükut danışanda məni səndən başqa kim eşidə bilər, kim?!


Hər misranda Kürə hönkürdüyün həsrət qədimdən də qədim...
İndi məni hönkür Kürə, üşü bu taleyə Əlisəmid Kür, yaşadıqca nəfəs-nəfəs üşü..!


Bilirəm, bu məktubu oxuyub sinənə sıxacaqsan...Lap taleyin acığına qızın kimi qucaqlayacaqsan...
Qoxla bu məktubu gözlərinlə, qoxla Əlisəmid Kür.
Heç olmasa azca səngisin ağrın, azca məni unutsun ağrım...


Bilirsənmi, ay üzümü tutduğum adam, biz atamla EV ola bilmədik...
Mən həmişə evimizin çölündə üşüdüm, üşüdüm həmişə atama sarı...
İndi mənim günüm qürub üzlü ataları axtarmaqla keçir. Onları tapıb sübh çağına inandırmaq istəyirəm. Adam özünü qızına həsrət qoyanda həyat solğun, nimdaş olur...
Neçə vaxtdır ki, su görmür, quruyub torpağım...
Bir içim su kimi çək canına bu məktubu, Əlisəmid Kür.
Biz atamla elə bir xatirəsizliyik ki...Ehh...


Əlisəmid Kür- mürgülü ağrılarımı oyadıb, danışdıran adam,
2400 kilometirlik həsrətin ardından mən səni qızın kimi qucaqlaya bilərəmmi?
Ən azından ona görə ki, mənə "Alo...Alo, qızım, mən səni görürəm" deyən olmadı...Olmadı, Əlisəmid Kür!
Ona görə də bir gün hər payız saralan göz yaşımı danışacam sənə, danışacam bu şəhərdə...
İndi isə bir xahişim var.
Oxu bu sətirləri, mənə də darıx, darıx balan kimi.


Bəzən söz istəyir ki, sən onu doyunca susasan. Ürəyimdə bir ATA sözü elə məlul susub ki...Bütün sözlərimi boynu bükük qoyub.
Atalar tale imiş, Əlisəmid Kür, tale imiş!
Taleyim yorulub...
"Alo... Alo... Məni də görürsənmi?..."
 
Miq.Az







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az