Gender əsaslı zorakılığa qarşı fəaliyyət prosedurları təqdim olunub – FOTO

Gender əsaslı zorakılığa qarşı fəaliyyət prosedurları təqdim olunub – FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə oktyabrın 2-də gender əsaslı zorakılığa qarşı cavab tədbirləri üzrə minimum standart fəaliyyət prosedurları təqdim olunub.


Miq.az xəbər verir ki, tədbir "Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində təşkil edilib.
Tədbirdə çıxış edən AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova gender əsaslı zorakılığın ciddi problem olduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə 2010-cu ildə məişət zorakılığının qarşısının alınması ilə bağlı müvafiq qanun qəbul edilib. Məhz bundan sonra bu həssas təbəqəyə diqqət və qayğı artırılıb və rayonlar üzrə icra hakimiyyətlərinin nəzdində monitorinq qrupu yaradılıb. Hazırda bu məsələ ilə bağlı bələdiyyələrlə sıx əməkdaşlıq edildiyini bildirən S.Qəhrəmanova qadın hüquqlarının və azadlıqlarının müdafiəsində birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Standart Fəaliyyəti Prosedurları sənədinin gender zorakılığına qarşı mübarizədə əhəmiyyətindən danışıb. Qaçqınların, məcburi köçkünlərin digər təbəqələrə nisbətən daha çox təzyiqə məruz qaldığını bildirən Quido Ambroso bildirib ki, cinsi və gender zorakılığının aradan qaldırılması üçün onlar sığınacaqla təmin olunmalı və hüquqi dəstək göstərilməlidir. Azərbaycan Hökuməti qaçqınlar və məcburi köçkünlərin sığınacaq məsələsini öz üzərinə götürdüyünə və bu problemi həll etdiyinə görə bizim təşkilat ancaq hüquqi dəstək məsələsində yardım edir. BMT QAK qaçqınların, məcburi köçkünlərin təhlükəsizliyi və cəmiyyətə uğurla inteqrasiyası üçün sığınacaq sisteminin bərpasında Azərbaycana dəstəyini əsirgəməyəcək.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa qadınların cəmiyyət həyatındakı rolundan danışıb. O qeyd edib ki, qızlarımızın, qadınlarımızın təhsilli olmaları gələcəyimiz olan uşaqların vətənpərvər insan kimi tərbiyə olunmasında mühüm rol oynayır. Deputat gender zorakılığına qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az