Generaldan Əli İnsanovla bağlı ŞOK TƏKLİF: "Ermənistana səfifr GÖNDƏRİLSİN"

Generaldan Əli İnsanovla bağlı ŞOK TƏKLİF:

"Əli İnsanov Ermənistana səfir göndərilməlidir" 

"Əli İnsanovu Ermənistana səfir göndərmək lazımdır. O, çox ermənilərlə sülh danışıqlarından danışır. Bəlkə onu Ermənistana səfir göndərək, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsin".

Miq.Az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov bildirib. 

Deputat deyib ki, Əli İnsanov işğalçı Ermənistana müsbət münasibət bəzləyir:

"Məgər bu neçə ildə mərhum Heydər Əliyev və Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə həll edilməsinə çalışmırmı? Bu gün Azərbaycanın böyük hərbi gücə malik olmasına baxmayaraq, biz yenə də münaqişənin sülh yolu ilə həll edilməsini istəyirik. Hətta, öz tarixi torpaqlarımıza belə hücum etmirik ki, beynəlxalq birlik məsələyə qiymət versin və münaqişə sülh yolu ilə həll edilsin. Biz indiyədək münaqişənin sülh yolu ilə həllinə dözmüşük və hazırda da dözürük. Biz 30 ilə yaxındır ki, münaqişənin sülh yolu ilə həllinə çalışırıq. Ancaq ermənilərin Əli İnsanov kimi dayaqları olduğuna görə münaqişə bu qədər yubanır".   

Əliağa Hüseynov qeyd edib ki, Əli İnsanov özünü hər zaman Heydər Əliyevin "silahdaşı" kimi qələmə verib:

"Əli İnsanov nazir olanda biz onu elə bilirdik. Amma onun iç üzü ifşa olunandan sonra hər kəs şahid oldu ki, əslində heç də belə deyilmiş. Axı Əli İnsanov niyə belə dəyişdi? Onu hansı mühit dəyişdi? Vaxtilə Heydər Əliyev sağ olanda, bu adamların hər biri Ulu öndərin oğlu cənab İlham Əliyevin başımız üstündə yeri var deyə and içirdilər. Deyirdilər ki, İlham Əliyev Heydər Əliyevin yadigarıdır. İndi nə dəyişdi? Hörmətli Prezidentimiz İlham Əliyev Ulu öndər Heydər Əliyevin yolunu çox uğurla davam etdirərək, Azərbaycanı inkişafa aparır. Axı Əli İnsanov bu gün Azərbaycanı özünün yüksək siyasi bacarığı və savadı ilə dünyada tanıtdıran İlham Əliyev kimi güclü liderin qarşında nə edə bilər? İndi cənab Prezident İlham Əliyev Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarıb. Cənab Prezident Azərbaycan xalqının müstəqil və təhlükəsiz şəraitdə rahat yaşaması üçün can qoyur. Nəinki ölkə başçısı, onun ailə üzvləri də bu dövlət və xalq üçün gecə-gündüz əziyyət çəkib çalışırlar. Onların yerində kim olsaydı, bunu etməzdi. Amma cənab Prezident kimi, onun ailə üzvləri də, çox hörmətli Mehriban xanım və Leyla xanım da müdrik insanlardır. Onlar yorulmadan bu xalqa və dövlətə xidmət edirlər. Bütün bunları görməmək Allaha da acıq gedir. Axı cənab Prezident və onun xanımı bundan artıq daha nə etməlidir? Bir-iki nəfərin nə deməsindən asılı olmayaraq, bu gün Azərbaycan xalqı Prezidentimizin və onun xanımının gördüyü işləri çox yüksək qiymətləndirir. Ona görə də Azərbaycanda Prezidentlə xalq arasında güclü etimad və birlik var. Bu birliyi isə heç kəs poza bilməz". 

Deputat vurğulayıb ki, Əli İnsanovun bu gün özünü belə aparması çox qaranlıq məsələdir:

"Axı o kimlərə xidmət edir? Nəinki Əli İnsanovlar, hətta, Rəsul Quliyevlər belə gəlsə, onlar cənab Prezidentin gördüyü işlərin qarşısında sıfırdırlar. Əli İnsanov kimi adamlar ağıllarını başlarına yığıb faydalı işlərlə məşğul olsunlar. Əgər Əli İnsanov yanımda olsa, mən bunu onun üzünə deyərəm. Ümumiyyətlə, adama sual verərlər ki, ay Əli İnsanov, sən hər zaman Heydər Əliyevin yanında gəzən adam idin. Nə oldu ki, sən bu qədər dəyişdin?". 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az