Gülə-gülə şəhid oldu, cibindən anasının verdiyi konfet çıxdı: "Son nəfəsdə su istəyib..."

Gülə-gülə şəhid oldu, cibindən anasının verdiyi konfet çıxdı:
 
Şəhid Nuran Mirzəyev: 27 iyul 1999-cu ildə Quba rayonu, Qımıl kəndində anadan olub. Həqiqi hərbi xidmətdən iki ilə yaxın idi qayıtmışdı. Səfərbərlik vaxtı müharibəyə könüllü yola düşdü. 2 bacının bir qardaşı idi.

Şəhid Nuran Mirzəyevin atasıyla danışdıq. Miq.az-a müsahibə verərəkən şəhid atası oğlunu uzaqdan tanıdığını deyir:

"Bizə oğlumun şəhid olması ilə bağlı yox, yaralanması ilə bağlı xəbər verdilər. Beyləqana getdim. Bir yer var idi, şəhidləri ora gətirmişdilər. Uzaqdan orda olanlara baxa-baxa axtarırdım oğlumu. Hardasa 10 metrlik məsafədən birinin ayağını gördüm. Gəlib yaxınlaşdım həmin adama. Şəhidlərin arasında idi. Üstünə mələfə örtülmüşdü.Yaxınlaşıb, üstündən mələfəni açdım. Şəhid mənim oğlum idi, o idi Nuran, gülə-gülə gözləri açıq mənə baxırdı...Ucaboy, hündür birisi idi, boyu 1 metr 81 sm idi. Oğlum 42 razmer ayaqqabı geyinirdi. İnanın ki, oğlumun üzünü görmədən, ayağından tanıdım. Bəlkə də ata kimi qoxusundan tanıdım onu... "

Şəhid atası deyir ki, oğluma diqqqətlə baxdım. Gözləri açıq, təbəssümü sifətində donub qalmışdı:

"Qucaqladım oğlumu, cansız bədəninə sarıldım. Gözləri açıq qalmışdı, onu qucaqlayandan sonra gözlərinin biri batdı. Cənazənin yanında Beyləqanda "Peyğəmbər" məscidinə çatanda, açıq qalmış o biri gözü də bağlandı...orda dayanan hərbi polisdə işləyənlərdən biri bizi qohum idi, məni tanıyıb yaxınlaşdı, ürək-dirək verdi və bizi müşayət elədi."

Akif Mirzəyev deyir ki, oğlu peşə məktəbini bitirmişdi. Quba Rayon Qaz İstismar idarəsində işləyirmiş:

 "Həqiqi hərbi xidmətdən 2 ilə yaxın idi gəlmişdi. Səfərbərlik vaxtı müharibəyə yollandı. Çox mədəni bir uşaq idi. Hər kəsin hörmətini qazanmışdı, istər iş yerində, istərsə də dostları arasında. Sentyabrın 29-da müharibəyə yola düşdü. Cəbrayıl və Qubadlı istiqamətində döyüşlərdə iştirak edib. Döyüş yoldaşları deyir ki, həmişə öndə gedirmiş. Qumbaratan atan imiş. Qubadlı uğrunda gedən döyüşlərdə minamyot atəşindən qəlpə yarası alıb. "

Şəhid atasının dediyinə görə bu yaxınlarda oğlunun döyüş yoldaşları gəlibmiş onlara. Oğlunun döyüş yolundan və son vəsiyyətini atasına çatdırıblar:

"Sağ olsunlar, oğlumun döyüş yoldaşları gəlmişdi bizə. Xeyli söhbət etdik. Onların dediyinə görə, oğlum ölümündən 4 gün əvvəl Cəbrayıl rayonunda bir tağımı ölümündən qurtarıb. Düşmən onların irəlilədiyi yeri minalayıbmışlar. Oğlum təsadüfən orda bir məftil, ya da sim görüb. Əraziyə baxış keçirəndə görüb ki, onların irəliləyib hücum edəcəyi mövqelər minalanıbmış, arxasınca gələnləri geri qaytarıb. Mianaxtaranlar gəlib ordan xeyli mina təmizləyiblər. Qubadlıda hansısa yüksəkliyi alandan sonra düşmən bizim mövqeləri minatanlarla atəşə tutub. Qəlpə sifətindən dəyib, başının arxasından çıxmışdı. Şəhadətə qovuşmamış dostlarından su istəyib. Su içən kimi canını tapşırıb.  Gülərüz və şən uşaq idi. Müharibə yoldaşları deyir ki, həmişə bizi ruhlandırırdı, mahnılar zümzümə edirdi. Həmişə üzü gülürdü, təbəssüm üzündən əskik deyildi. Şəhid olanda sifətinin təbəssümü elə üzündə qalmışdı. Gülə-gülə şəhid olmuşdu."

"Anası müharibəyə gedəndə oğluna bir ovuc konfet vermişdi. Dostları deyir ki, susuz qalan vaxtlar konfet paylayırdı bizə. Hərəmizə bir dənə iris verib deyirdi ki, ağzınızın tamını dəyişin... 
Oğlumun cansız bədənini qucaqlayıb bağrıma basdım. Onu oxşayıb, hönkür-hönkür ağladım. Birdən gözlərim şalvarının cibindən çölə çıxmış bir dənə konfetə sataşdı... elə bil oğlumun cibindən bir konfet çıxıb mənə baxırdı. Birdən yadıma düşdü ki, anası buna bir ovuc konfet vermişdi müharibəyə yola salanda. Hamısını dostlarına paylamışdı. Sadəcə bircə o konfeti saxlamışdı. İndi o konfet bizdə, ona baxıb təsəlli tapırıq. O konfetdə oğlumun əl izi var, cibinin qoxusu var." -deyir şəhid atası Akif Mirzəyev.

Atası deyir ki, sonuncu dəfə mənimlə ölümündən bir gün qabaq danışdı. Dedi ki, ata yadında mənə həmişə bir şer deyirdin?: 

"Şəhid olmamışdan bir gün əvvəl mənə zəng elədi. O qədər qürurlu danışırdı ki...Dedi ki, ata, yadında həmişə mənə sevdiyin bir şeri deyirdin?.. Yadına düşmədisə, deyim... Ata, bax, o şeri sənə deyirəm qulaq as... 

"Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim."

Oğlum o şeri mənə dedi və əlavə etdi ki, ata, ən çox sevdiyin şerdi, nəsə olsa ağlama...Axı bu şeri özün mənə sevdiribsən, bu Vətəni mənə sən sevdirmisən...Heç vaxt narahat olma, qələbə bizimdi. Səndən bir xahişim var, halallığını istəyirəm, başqa heç nə. Bu şeri mənə telefonla bir də dedi və həmin günün səhərisi şəhid oldu." -deyir şəhid atası Akif Mirzəyev.

"Oğlum subay idi. Şəhid olandan sonra xəbərim olub ki, qonşu kənddən qız istəyirmiş...Bir dəfə anası ilə danışanda deyib ki, ana siqaret çəkmək istəyirəm. Atam bilsə, görəsən məni danlayarmı?..Amma bilsəm danlamaz siqaret çəkərdim. Anasına dedim ki, yox çəkməsin. Olmaz. Döyüş yoldaşları mənlə görüşəndə onu da dedilər ki, şəhid olan günə kimi siqaret çəkməyib. Deyib ki, atam icazə verməyib, siqaret çəkə bilmərəm."

"İndiyə kimi sizinlə kimsə maraqlanıbmı" sualımıza isə şəhid atası belə cavab verir: 

"Nuran şəhid olanda Qubanın icra başçısı Ziyəddin müəllim və deputatımız Vahid Əhmədov gəlmişdi dəfnə. Bir dəfə də sosialdan və Yaşat fondundan gəlmişdilər. Gəldilər, maraqlandılar getdilər. Ondan sonra heç kim qapımı açmayıb, heç zəng edən də olmayıb. Bəlkə də pandemiya ilə əlaqədər gəlmirlər, nə vaxtsa gələrlər..."

Şəhidimizin anası Mirzəyeva Təranə Yarsultan qızı ilə danışıb oğlu haqqında xatirələrini soruşmaq istədik. Akif Mirzəyev dedi ki, mən sizinlə danışıram, o da mənə baxıb ağlayır, çətin sizinlə danışa bilsin...

Telefonda o ana oğluna ağlayırdı, hıçqırırdı, amma Şəhid anasına hansı söz deyib ovundurmaq lazımdısa, tapa bilmədim...O isə  bizimlə telefonda şəhid oğlu haqqında danışan həyat yoldaşı ilə telefonda sağollaşana qədər ağladı...

Müsahibənin sonunda şəhid atasının harda işlədiyi, hansı ixtisas sahibi olduğunu soruşdum:

"Fəhləyəm, övladlarımı fəhləçiliklə böyütmüşəm, nə edək, Vətən sağ olsun!"-deyə cavab verdi. 

Redaksiyadan: Şəhid atası dəfndən sonra rəsmi dövlət qurumlarının onunla maraqlanmamağının səbəbini pandemiya ilə əlaqləndirir. Bu, şəhid atasının etikasından, mədəniyyətindən irəli gəlir, necə deyərlər qürurunu sındırmır. 

Ay dövlət yetkililəri, başa düşdük, pandemiya əlinizə düşən bəhanədir. Bir şəhid ailəsinə telefonla zəng etmək çoxmu əziyyətlidir? Baxın, fəhləçiliklə övladlarını böyüdən şəhid atası..Siz isə müftəxor məmur yığını. Onun etikasına baxın, sizin etikaya baxın. Ağzından dürr tökülür. Çünki halal zəhmətlə böyüyüb və uşaqlarını da halal zəhmətlə böyüdüb. Siz isə haram dənizində üzürsünüz... 


Şəhidimiz Nuran Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın müdafiəsi uğrunda", "Qubadlının müdafiəsi uğrunda", "Hərbi xidmətlərdə fəqləndiyinə görə" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Aqil Alışov
Miq.Az










İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az