Günel Səfərova Konstitusiya Məhkəməsinə müraciət etdi - ƏDALƏTLİ OLUN!

Günel Səfərova Konstitusiya Məhkəməsinə müraciət etdi - ƏDALƏTLİ OLUN!

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd, "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 9 fevralda keçirilən seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edib.

Miq.Az xəbər verir ki, bu barədə Günel Səfərova öz feysbuk səhifəsində yazıb. Müraciəti olduğu kimi təqdim edirik:

"İslahatlara, gələcəyə, dəyişəcəyimizə, hər kəsə bərabər imkanların tanındığı daha ədalətli bir cəmiyyət qura biləcəyimizə inanaraq, böyük ümidlərlə qatıldığımız parlament seçkiləri özünün məntiqi sonluğuna yaxınlaşdı. İndi son söz Konstitusiya Məhkəməsinindir. Hüquqlarımıza təminat verən Ana Qanunumuzun keşiyində dayanan Məhkəmə ya sözün bütün mənalarında hüquqi dövlətin vətəndaşı olmaq haqqımıza sahiblənmək istəyənlərin qarşısında qanunun sərt üzü ilə səd çəkməli, ya da bunu gələcək onilliklərin və nəsillərin öhdəsinə buraxmalıdır. Hələ ki, gec deyil və hələ ki, seçim imkanı var.

Mən Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edirəm: Ölkəmizin gələcəyi, işıqla qaranlığın, xeyirlə şərin savaşından kimin qalib çıxacağı sizin verəcəyiniz qərardan asılıdır. Əlinizi Konstitusiyanın və vicdanınızın üzərinə qoyub qərar verin. Çünki bu qərardan asılı olan ayrı-ayrı seçki dairələrində qalib elan edilmiş, yaxud edilməmiş deputatlığa namizədlərin taleyi deyil, millətimizin və dövlətimizin gələcəyidir.

Dövlətin böyüklüyü onun ədaləti ilə ölçülür. Ədalətin kiçildiyi ölkələrdə yalnız günahlar və günahkarlar böyük görünürlər. Bunu bildiyimdən və ədalətli olduğum üçün zamanında hüquq fakültəsini seçmişdim. Dövlətin ədalətinin gücünü ortaya qoymaq imkanı indi sizin əlinizdədir. Ədalətli olun! Çünki ədalətsiz insanları nəinki biz, heç tarix də bağışlamayacaq!"

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az