Göy velyur donlu qadın, balıqçı arvadı və şans

Göy velyur donlu qadın, balıqçı arvadı və şans
Aydın Canıyev


Ya ədəbi obrazlar həyatda qəhrəmana çevrilir, ya da adamlar ədəbiyyatda obraza.
Bulqakovun Marqaritasını, Sveyqin "naməlum qadını"nı həyatda bir neçə dəfə gördüm, amma...
90-cı illərdə Moskva metrolarının sərnişini olarkən oxuduğum iki əsər otuz yaşımda məni heyrətləndirən epizodlarıyla hələ də unudulmazdı və mən iyirmi il axtarışdan sonra bəndənin yazdığını Allahın da yaratdığını gördüm.
O dövrün bestsellerləri sırasında elə də böyük süjet xəttinə və dahiyanə fikirlərə malik olmayan bu əsərdə, belə deyək, "Göy velyur donlu qadın" (italyan əsəri), məni qəhrəmanın beş il səbri və istədiyi qızı alma yolu cəzb etmişdi.
Deməli, oliqarx atasının yanına şirkətə gələn qızı sıravi mühasib görən kimi bir könüldən min könülə vurulur və həmən də eşq  elan edir. Göy velyur donda olan qız buna elə həqarət edir ki, oğlan pərt olur və elə o gün də işdən çıxması barədə ərizə yazır. Ancaq səhərisi eyni profil üzrə şirkət yaradaraq rəqabətə başlayır. Oliqarxı bir il içində kredit borclarında boğub iflasa uğradan mühasib şirkətlə haqq-hesabı üzəndə keçmiş müdiri girovda olan dinastiya mülkünə dəyməməyi və geri qaytarmağı xahiş edir. Mühasib razılaşır: qızını mənə ərə verirsən, mülkünü qaytarıram. Oliqarx da razılaşır. Qızını da razı salır. Qız mühasibə - onu sevən oğlana "sən mənim sevgimi qazanıb məni almadın, udub aldın, odur ki, mən sənin mülkiyyətinəm, mülkiyyətin də olacam, qadının yox" deyir.
Maraqlı orasıdı ki, beş il bir otaqda yatsalar da, oğlan qıza yaxın durmur, amma bütün etiket qaydalarına əməl edir, ziyafətlərdə, ballarda, rəsmi tədbirlərdə bir-birlərini yola verirlər. Xüsusi vurğulamağa dəyər ki, oğlan işdən sonra bütün vaxtı evdə olur, qıza xəyanət etmir, xətrinə dəyəcək heç bir hərəkətə yol vermir, kübar dünyanın qaydalarına tam əməl edir, qıza yaltaqlanmır, onu şirnikləndirmir və heç kimə hiss etdirmir ki, aralarında heç nə yoxdur. Hətta bacıları uşaq olmadığına görə həkimə aparmaq istəsələr də gəlini birtəhər fikrindən daşındırır. Ancaq su daşı dəlir: beş ildən sonra qız ilk görüşdə geydiyi göy velyur donu əyninə keçirir və "molniya"nı çəkməyi mühasibə - Aleks Braziyə təklif edir və istəyir ki onu əlləri üstündə aşağı zala, ad günündə onları gözləyənlərin yanına aparsın.
Mən quru təfsilatı yazmaqla yoruculuq etsəm də, bir məqama diqqəti çatdırmaq istəyirəm: ətrafında yüzlərlə belə göy velyur donlu qızın olduğunu bilə-bilə, sənin də onların heç birinə tamah salmaq haqqın olmadığı halda, üstəlik də Aleks Brazi ola bilməmək şansın əsəri şirinləşdirir, həm də o məqamıyla ki, beş ilə udub aldığı qızı həm də sevgisi ilə fəth edir.
Bunu otuz yaşda dərk etmək romantik xülyalar yaşatsa da, həyat əlli yaşda Allahın sürprizlərindən xali deyil.
Dünyanın göy velyur donlu qızlarını xəyallarımızda yaşada-yaşada "faciənin ikincisi" ilə tanış olmaq da zülümdü. Nəzərə alaq ki, bu otuz yaş hələ bitmir.
Nobeliant Con Steynbekin o qədər də "harika" olmayan "Mirvari"sini oxuyanda mən dəhşətə gəldim. Çünki oxuduğum cümlənin yiyəsi ancaq və ancaq əsərdə var idi, nə mənim, nə də tanışlarımıın elə gözəl həyat yoldaşı yox idi. Cümlə beləydi: "Evləndikləri on il ərzində o hər gün gözünü açanda görürdü ki, qadını bir cüt qara gözüylə ona heyran-heyran və maraqla baxır".
Otuz yaşda belə qadın istəməmək qeyri-mümkündü.
Şərh və izah vermirəm.
Artıq əlli yaşa çatmışam. Bir çox ədəbi əsərlərin obrazlarının həyatını yaşadım, bir neçə əsərə obraz ola biləcək "qəhrəman" da oldum. Fəqət talelərinə şahid olduğum, iştirakçı və yaxud dinləyicisinə çevrildiyim 1400 qadının içində göy velyur donlu qadını balıqçı arvadıyla... bir obrazda bu yaxınlarda gördüm.
Bəzən Allah özü də ədəbi əsər yazır və onun qəhrəmanlarını həyatda bir araya gətirməyə sadəcə şans lazım olur.
Beş ili montaj edəsən, on ili ikiqat uzadasan və yaşayasan.
p.s. Mühasib və balıqçı olmağın da öz ləzzəti var, jurnalist olub oxuyub dərd dağarcığına çevrilmək də o "ləzzətlər"dəndi...
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az