Hacıqabulda nişanı qaytaran gəncə qarşı dəhşətli əməl – Şok təfərrüat

Hacıqabulda nişanı qaytaran gəncə qarşı dəhşətli əməl – Şok təfərrüat
Hacıqabulda nişanı qayıdan gənc oğlanı ölümcül hala salmaqda ittiham olunan Salyan rayon sakini, 1976-cı il təvəllüdlü Vahid Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vahid Babayev (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir – red.) 20 may 2018-ci il tarixdə, saat 15 radələrində Hacıqabul rayonunun Kürçülü kəndi ərazisində yerləşən "Qalmaz Dağı" adlanan ərazidə tanışı Zamiq Məmmədova bir müddət öncə onun bacısı qızı Səidə Səlimova ilə nişanı pozmasına irad tutub.
Onların arasında mübahisə yaranıb. Vahid Babayev Zamiq Məmmədovu döyərək, ona çoxsaylı bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Vahid Babayevin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Hacıqabul rayon Məhkəməsinin hökmü ilə Vahid Babayev aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Zamiq Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində Vahid Babayevin cəzasının ağırlaşdırılmasını istəyib.
Zamiq Məmmədov həmçinin Vahid Babayevin qardaşı oğlu Samir Babayev tərəfindən də təhqir olunduğunu, döyüldüyünü göstərib. O, Samir Babayevin də barəsində cinayət işi açılmasını istəyib.
Şirvan Apelyasiya Məhkəməsində hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmiş şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Zamiq Məmmədov kasasiya şikayəti verib. Şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayət təmin olunmayıb.
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş Zamiq Məmmədov təqsirləndirilən Vahid Babayevə qarşı mülki iddia da qaldırıb. O, Hacıqabul rayon Məhkəməsinə ünvanlandığı iddia ərizəsində cavabdeh Vahid Babayevdən 4 min manat maddi ziyan və 3 min manat mənəvi ziyan olmaqla, 7 min manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Zamiq Məmmədov iddia tələbini onunla əsaslandırıb ki, 20 may 2018-ci il tarixdə cavabdeh tərəfindən fiziki təzyiqlərə məruz qalıb, təxminən 3 ay müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməyib.
Aldığı çoxsaylı bədən xəsarətləri, xüsusilə göz nahiyəsindən xəsarətlər nəticəsində sürücülük peşəsindən kənarda qalıb.
Bu müddət ərzində işləməklə əldə etdiyi gəlirdən məhrum olub. İddiaçının qeydlərinə görə, konkret olaraq yük maşını "Kamaz” markalı avtonəqliyyat vasitəsi ilə tikinti materialları daşıyaraq hər gün 50-100 manat məbləğində gəlir əldə edib və xəsarətlərin nəticəsi olaraq 3 ay ərzində bu qazancından cavabdehin təqsiri üzündən məhrum olub.
Hacıqabul rayon Məhkəməsi Zamiq Məmmədovun Vahid Babayevə qarşı "maddi və mənəvi ziyan tələbinə dair” iddiasının təmin edilməməsi barədə qətnamə çıxarıb.
Bundan sonra Zamiq Məmmədov iddia ərizəsinin təmin olunması üçün Şirvan Apelyasiya Məhkəməsinə üz tutub. Apelyasiya instansiyasında işi araşdıran hakim Zəki Babayev birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az