Hərbi ekspert: "Əvvəl Ramil Usubova, indi isə Vilayət Eyvazova qarşı təxribatlar var"

Hərbi ekspert:
Polkovnik məmurlara SƏSLƏNDİ: Azərbaycana bostan gözü ilə baxırsız

Əziz dostlar! Hörmətli həmkarlar!

Ola bilsin ki, mənim son günlər müxtəlif mövzularda ardbard yazdığım statuslar kimlərisi qıcıqlandırır, yaxud kimlərəsə narahatçılıq gətirir. İstisna etmirəm. Amma, susa da bilmirəm. Və SUSMAYACAĞAM. Bu vaxta kimi susduq və gördük ki, çoxları Azərbaycana bostan gözü ilə baxır. Sağmal inək kimi sağır və özünü çox yekəxana aparır. İndi keçəcəyəm əsas mətləblərə. Səbrli olsanız, çox məsələlərdən hali olacaqsınız.

Bir qədər bundan öncə Yasamal rayonundan Binəqədi rayonu ərazisinə gəlib çıxdım. Deməli, nələri gördüm və nələri yaşadım, onlar haqqında fikirlərimi bölüşəcəyəm.

Bu Azərbaycan Avtomobil Yolları (AAY) cəmiyyətinin sədri var. Saleh Məmmədov adlı bir şəxs. Mənim ona əlim yetmir, amma inanmaq istərdim ki, hörmətli həmkarımız Anar Nəcəfli müdirinin diqqətinə çatdıracaq ki, bu gün müşahidə etdiyim mənzərədə mən Saleh Məmmədovu, həmçinin Bakının merinin məvacibini alan Eldar Əzizovu xeyli "yakışıklı sözlərlə" yad etdim. Ay insan, bu soxasoxda, nə vacibdir ki, siz Yasamal Rayon Polis İdarəsinin qarşısındakı yolu, özü də normal, rahat yolu qaşıyıb, süni tıxac yaradırsınız?! O yolda nə olmuşdu ki, siz oranı son illər artıq neçənci dəfə qaşıyır və PUL SİLİRSİNİZ?!

Ay reallıq hissini itirən Saleh Məmmədov və Eldar Əzizov! Sizin ağlınız yerindədir ümumiyyətlə? Axı ölkədə və paytaxtda o qədər görüləsi işlər var, siz niyə büdcənin olan qalan pullarını, özü də hansı vaxtda, lazımsız yerə DAĞIDIRSINIZ? Vicdanınız olsun, dövlətinizə zərrə qədər hörmət qoyun. 

Saat 20.00-21.00 arası isə Ziya Bünyadov prospektində üzü Koroğlu metrostansiyasına tərəf, Elit TM-dən üzü Nərimanov metrostansiyasına dogru körpünün üstünü də qaşıyıb, yolu tam bağlamısınız. Ay sizin olmayan düşüncənizə.....Niyə mən və şəhərin mənim kimi yüzlərlə, minlərlə sakini, qonağı sizin debil hərəkətinizə görə əsəb keçirtməliyik? Siz nə vaxt bu yazıq Bakının və Azərbaycanın anasını ağlatmaqdan nəhayət ki, əl çəkəcəksiniz? Ayıbdır axı.

Gəlirəm evə və pahhh. AzTV hər mənada itən səhiyyə naziri Oqtay Şirəliyevi ekrana çıxarıb və bu məsuliyyətsiz nazir da danışır eee. Elə danışdı ki, mən özüm-özümə xəcalət çəkdim. Sən demə, bu həqiqətən də neçə aylardır "iş başında" imiş və Bakı sakinləri, sosial media hətərən-pətərən yazılar yazır, bunu axtarırlarmış. AzTV-də işə başalayan Tofiq Abbasov adlı jurnalist də az qalmışdı Oqtay Şirəliyevi qucaqlayıb öpsün ki, siz necə də gözəl çalışırsınız. Ay Tofiq Abbasov, hörmətli politoloq və jurnalist, mən sizi başa düşürəm ki, təzə iş yeri, AzTV-nin cavan şefi Rövşən Məmmədovun yüksək qonararı və məvacibi-filan. Başa düşdük ee bunu. Heç olmasa özünüzü söydürməyin.
 
Oqtay Şirəliyev kimi BİVEC və MƏSULİYYƏTSİZ naziri ekrana çıxartmazdan əvvəl sual vermək lazım idi ki, ay nazirfason, sən indiyə kimi harda ÖLÜB-İTMİŞSƏN ki, sənin müavinin dünən mətbuat konfransında deyir ki, TƏXMİNİ(?!) 1000 nəfər karantində adam var. Bu gün isə məlum olur ki, 2 000 mindən çox insan karantindədir və aralarında çox ciddi xəstəliyə şübhəli adamlar da var.

Ən sonda: Bu haqda inşallah yaxın günlərdə yazacağam. Sən demə, Baş prokuror Zakir Qaralovla Ali Məhkəmənin bu yaxınlarda inşallah gedəcək sədri Ramiz Rzayev birləşib, bundan əvvəl Daxili İşlər Naziri olmuş Ramil Usubova qarşı, indi də hörmətli Vilayət Eyvazova qarşı təxribatlar həyata keçirirlər. 1 faktı yazıram, o birilərini yaxın günlərdə ətraflı sizlərə çatdıracağam.
 
Binəqədi rayonu ərazisində bir gecədə 21 ədəd ayrı-ayrı avtomobilləri qarət edən CİNAYƏTKARI Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin əməliyyatçıları tutub, bu haqda süjet Xəzər TV-də nümayiş edilib, amma cinayəti törədən şəxsi Zakir Qaralovla Ramiz Rzayevin nümayəndələri, sözsüz ki, rəhbərliyin icazəsi ilə AZADLIĞA BURAXIBLAR. BRAVO, ƏHSƏN, MOLODES!!!

P.S. Polisin həbs edib, prokurorluğun və məhkəmənin buraxdığı adam(lar) TƏKRARƏN rayon ərazisində ağır cinayətlər, qarət və soyğunçuluqlar həyata keçiriblər və keçirməkdə davam edirlər. Bu işdə Binəqədi Rayon İcra Hakimiyyətinin də əməkdaşlarının "əməyi" var.

Yoruldunuz yəqin. Mən isə dəli olmaq dərəcəsinə çatmışam. Bu nə biabırçılıq və rəzalətdir? Biz hara gedirik?

Allah axırımızı xeyir eləsin.

Üzeyir Cəfərov
Hərbi ekspert
Ehtiyatda olan polkovnik-leytenant



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az