Hərbi icmalçı: "Ordumuz dağ-meşə şəraitində döyüşə tam hazırlıqlı vəziyətə gətirilməlidir"-

Hərbi icmalçı:

Nazim Bayram
Hərbi icmalçı

1988-90 illərdə erməni milli hərəkatının ideyası Qarabağ, aparıcı qüvvə isə ziyalılar idi. Bu hərəkat 90-cı ilin noyabrında ziyalı Ter-Petrosyanı hakimiyətə gətirdi. 
Paşinyanın hərəkatının ideyası sosial yönümlüdür- hərbi-feodal sistemi qurmuş "qarabağ klanından” canlarını qurtarmaq, aparıcı qüvvə isə sosial ədalətsizlikdən və yoxsulluqdan bezmiş sadə xalq və həmişə yeniliyə meyilli gənclikdir. Bu hərəkat da özünə layiq meydan liderini hakimiyətə gətirdi. Ermənistan iqtidarı Paşinyanı (haqlı olaraq) qeyri-ciddi fiqur qəbul etdiyindən, etirazların "inkubasiya dövrünü” nəzərindən qaçırmışdı. Daha sonra çoxminli kütlələrin qarşısını güclə almaq mümkün olmamışdı. Hakimiyət Paşinyanın potensialını düzgün qiymətləndirsə də, özünə qarşı sosial narazılığın dərəcəsini doğru təxmin etməmişdi.

İndi isə Ermənistan siyasi elitasının və Moskvanın niyəti, populist Paşinyana sosial-iqtisadi və siyasi reformalarda "özünü göstərməsinə” imkan verməkdir ki, bir müddət sonra həmin(amma artıq məyus olmuş) xalq onu devirsin, Respublika partiyasını yenidən hakimiyətə qaytarsın. Bəzən bizə çox dərin və mürəkkəb görünən siyasi oyunlar bir qayda olaraq, ən bəsit(ona görə etibarlı) mexanizmlərə söykənir. Bu mexanizm bizə, məlum (daxili)siyasi güc mərkəzi tərəfindən AXC-yə hakimiyətə yol verməsindən tanışdı. 11 ay ərzində hesab özünü tam doğrultdu və ulu öndər hakimiyətə prezident təyarəsi ilə gətirildi. Paşinyan bir müddət ərzində ölkəsində müəyən "avrokosmetik” təmir apara bilər, lakin Azərbaycanla və Türkiyə ilə normal münasibətlər qurmasa, ölkəsini blokadadan çıxarmasa, bu ümumi qanunauyğunluqları ("zəlzələnmi-vəlvələdənmi”) aşa bilməyəcək.

Qarabağ nizamlanması prosesinin təsirini də nəzərə alsaq, Paşinyan çox tezliklə daxildə güclü nüfuza və resurslara malik müxalifətlə qarşılaşacaq. Sarqsyan, istefası ərəfəsində, "Qəbirdə belə eşitsəm ki, Qarabağda güzəştə gedirsiniz, xortlayıb çıxacam”, dedikdə, məhz bu mesajı verirdi.

Yaranmış xarici siyasi şərait də bizə 90-91-ci illərdən tanışdır. O zaman Moskva regiona hələ tam hakimdir, ancaq Qərblə həm qlobal, həm regionda qarşıdurma vəziyətindədir. Ermənistanda hakimiyətə qərbpərəst qüvvələr gəlir(L.Ter-Petrosyan Ali Sovetin sədri seçilir), Moskvadan müstəqillik elan edirlər, Azərbaycan hakimiyəti isə Rusiyanın mühafizəkar qüvvələri ilə müttəfiqdir, Moskvanın əsas qayəsi İttifaqı saxlamaqdır. O zaman Azərbaycan hakimiyəti bundan istifadə edib, 91-ci ilin may-avqust aylarında Qarabağa nəzarəti qaytardı. Lakin QKÇP-nin məğlubiyəti prosesi saxladı və Yeltsinin hakimiyətə gəlişi ilə əks istiqamətə döndərdi.
Hazırda (yeni tarixi şəraitdə) bənzər konfiqurasiya yaranır. Lakin əsas tendensiyalarda həlledici fərq var- o zaman "mühafizəkar qvardiya” demokrat müxalifətə uduzub, getməkdə idi, son 10 ildə isə Qərbə bağlı liberal və demokrat qüvvələr Rusiyada tam məğlub durumdadırlar və siyasi mühacirətə üstünlük verirlər. 
Bu şəraitdə və qısa zaman ərzində Azərbaycan hakimiyəti ölkədə sosial ədalətin bərpası üçün səmimi və köklü addımlar atmalı, cəbhəyanı əhalinin artilleriya atəşindən mühafizəsi üçün tədbirlər görməli, ordunu dağ-meşə şəraitində döyüşə tam hazırlıqlı vəziyətə gətirməlidir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az