"Hərbi qulluqçular ictimai nəqliyyatdan PULSUZ istifadə etməlidirlər"


"Tez bir zamanda qanunvericiliyə edilmiş o əcaib dəyişiklik ləğv edilməlidir"

Sirr deyil ki, son vaxtlar ölkənin güc strukturlarının sıralarına daxil olmaq istəyən insanların sayı artır. Bu sevindiricidir. Əvvala, o insanlar öz xalqını, millətini və dövlətini, dövlətçiliyini qorumaq üçün şüurlu və könüllü sürətdə bu yolu seçirlər. Bu yol əzablı-əziyyətli, çətin və keşməkeşli bir uzun yoldur. Amma, çətin olduğu qədər də şərəfli bir xidmət yoludur. Sözsüz ki, bu yolu seçənlər üçün bütün dünyada olduğu kimi Azərbaycanda da müəyyən güzəşt və imtiyazlar nəzərdə tutulub və tutulmalıdır. Bu günkü qeydlərimdə məhz bu məsələlərdən bəzilərinə toxunmaq istərdim. Nəzərə alsaq ki, gələn aydan yeni parlament fəaliyyətə başlıyacaq, xeyli həllini gözləyən problemlər var. Məhz onların qanunvericilik orqanı tərəfindən təkmilləşməsinə, yeni müddəaların qəbuluna çox ciddi ehtiyac yaranıb.
Ölkənin ən böyük güc strukturu Müdafiə Nazirliyidir (MN) və digər qurumlar da öz xidməti fəaliyyətlərində daha çox məhz bu quruma istiqamətlənib işlərini tənzimləyirlər. Fikrimcə bu belə də olmalıdır. Çünki ölkənin müdafiəsi və təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyan qurum məhz bizim MN-dir.

Bu qurumda xidmət edənlər üçün hesab edirəm ki, ölkənin ən əlçatımlı imtiyaz və güzəştləri həm tətbiq olunmalıdır, həm də onların yerinə yetirilməsinə xüsusi nəzarət olunmalıdır.

1.Bütün hərbi qulluqçular ictimai nəqliyyatdan PULSUZ istifadə etməlidirlər. Ay özəl şirkət belə gəldi, ay özəl şirkət belə getdi variantlarını atın kənara. Necə olur ki, bütün dövləti və dövlətçiliyi qoruyan CANLI İNSAN hesabına az-çox gəlir qazanan sahibkar və onların komandası öz müdafiəçisinə pullu xidmət göstərməlidir? Axı bu absurddur və anlaşılmazdır.

2.Xidmətdə olan və xidmətini başa vuran bütün vicdanlı Vətən müdafiəçiləri ilk növbədə normal mənzil-məişət şəraiti ilə təmin olunmalıdır. Dövlətimizin bu məsələni həll etmək üçün kifayət qədər maddi və hüquqi resursları mövcuddur. Şükürlər olsun ki, son illər artıq bu məsələdə xeyli müsbət işlər görülüb. Zabit və gizirlərə daimi və xidməti mənzillər verilir və bu proses artan xətt üzrə gedir. İndi mənim bu qeydlərimi oxuyan, illərlə mənzil şəraitinin yaxşılaşdırılmasını gözləyən hərbçi qardaşımın ağız büzməsini, narazılığını da hiss edirəm. Səbrli olaq və yaranmış problem və qayğıların həlli yollarını birlikdə axtaraq tapaq və buna nail olaq.

3. Bütün hərbçilərimizin ailələrinin həm xidmətləri zamanı, həm də bu və ya digər səbəblərdən xəstələnməsi, həyatını itirməsi səbəblərindən heç bir halda ailələrinin, uşaqlarının əzab-əziyyətlə üzləşməmələri üçün tez bir zamanda axmaq və ağılsız şəkildə qanunvericiliyə edilmiş o ƏCAİB DƏYİŞİKLİK LƏĞV edilməlidir. Necə yəni, zabit və ya gizir ya vəlvələdən, ya zəlzələdən həyatını itirdikdən sonra dövlət özünün müdafiəçisinin ailəsini faktiki taleyin ümidinə buraxır?! Get necə istəyirsən, başını saxla?! Bu ki əxlaqszılıq və vicdansızlıqdır. Bizim çox hörmətli dostlarımız mərhum polkovnik Valeh Rəcəbov, polkovnik-leytenant Səməd Səmədzadə, Abış Abışov və digər adını çəkmədiyim hörmətli dostlarımızın ailə üzvləri bəzi ağılsızların qanunlara xaincəsinə müdaxiləsi nəticəsində normal yaşam hüquqlarından məhrum olunublar. Bir də gələcəkdə hansı gənc xanım hərbçi ilə ailə qurmağa razı olacaq? Bu məsələnin tərbiyyəvi, mənəvi tərəfini görəsən düşünürlərmi bizim bəzi petləbaşlar?

4. Təcili sürətdə hərbçilərimizin ərzaq təminatı ilə bağlı yaranan süni problemi Baş nazir Əli Əsədov və müvafiq rəhbər şəxslər tərəfindən NƏHAYƏT ki, HƏLL OLUNMALIDIR. Sadəcə xəbərdar edirəm ki, tez bir zamanda bu məsələ həllini tapmazsa, kimlərsə həm vəzifəsini, həm də azadlığını itirməli olacaq.
Güc strukturları ilə zarafat etməyin, ciddi olun və dərindən düşünün. Nə demək istədiyimi isə yəqin ki, hamı anlayır.

Allah Azərbaycanımızı qorusun!
Tanrı Silahlı Qüvvələrimizə daim kömək olsun. Dövlətimizin daha da inkişaf etməsi, xalqımızın firavan gələcəyi naminə üzərimizdə olan vəzifələrin yerinə yetirilməsində hər birimizə uğurlar və möhkəm can sağlığı.

P.S. Statusumun çox uzun olmasına görə həm üzr istəyirəm, həm də haminin borcu deyil onu oxumağa. Bu sahəyə aidiyyatı olan dostlara əgər lazımdırsa, qoy oxuyub özlərində paylaşsınlar. Mənim də edə biləcəyim bu işdir. Bir daha təşəkkürlər.

Üzeyir Cəfərov
Hərbi ekspert
Ehtiyatda olan polkovnik-leytenant





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az