Heyrət etdiyim iki qadın

Heyrət etdiyim iki qadın
Aydın Caniyev
 
I yazı

Elə qadını hər bir kişi arzulayar, rastına çıxsa, deməli, allahın sürprizi olar. Yox, bəxtinə çıxsa, allahın hədiyyəsi!
***

Azərbaycanda xəyanət olmayan ailələr milyonlarladır, amma xəyanət üstündə dağılan ocaqlar ildə minlərlədir. Sevgi çatışmazlığı, maddi-məişət problemləri və s. və s. - bu ayrı yazımın mövzusudur. İndi mən milyonlarla qadınlardan biri haqqında yox, milyondabir qadından danışacam. Niyə? Yazı bitəndə billəcəksiniz...
***
Kişiləri peyğəmbər göndərən allah qadınlara bu haqqı tanımayıb. Bir sadə səbəbdən - Allahın yanında qadın olmayıb! Allah bilir ki, Qadın qarşısında özü də nəfsinə sahib olsaydı belə, qadın Onu da sevgisinə görə şərləyərdi, sındırmaq istəyərdi. Yusif-Züleyxa söhbəti nağıl deyil təkcə, həm də həqiqətdi! Sevən qadın hər şeyə qadirdi! Sevməyən kişi də - bütün əclaflıqlara! Kişi qadını Tanrı bilməz! Yataq ona xoş olsun, yemək dadlı olsun, qadının qayğısı, diqqəti bol olsun deyə özünə Məkkə də saydığını deyər, lap fb-də status da yazar, amma və lakin... bir daha və yenidən xəlvət odalarda özünə istirahət də verər, hətta "Tanrıya səcdə bildiyi Məkkədə" sevdiyi qadının yatağında ayrısıyla da "modern Quran ayələri" də vəhy edər.
Qadın isə... kişini Tanrı kimi sevər. Yemək-içməyi, hegemonluğu, hər şeyi kişiyə verən Allah sevməyi özünə saxlayıb, odur ki... hələ də həqiqi sevgilər faciəylə bitir. Hansı sevginin həqiqi, xas olduğunu isə Allah bilir! Bu sevib evlənmək, aşiq-məşuqluq xoşbəxtlikləri sıradan bir aktdı! Həqiqi sevgi... bax bu ayrı məsələ!
***
Mən özümü tanıyandan eşidirdim ki, nənəmin qırx hörüyündən yeddisi qopub onu döyən babamın əlində qalıb, gəlinlik sandığında saxlanılır. Amma məni heç mələklər də inandıra bilməz ki, nənəm babamı sevdiyindən ona dözmüşdü - yaşı keçmiş yetim babama nökəri olduğu bəy evinin qarımış qızını soxuşdurmuşdular. O vaxtı da fb yox idi ki, nənəm Merilin Monronun şəklini profilə qoyub özünə oğlan tapa biləydi.
Amma nənəmlə babam həyatını ən yaxşı yaşayanlardan oldular - biri 126 il, o biri 96 il yaşadı. Nəvə, nəticə, kötücə toylarını gördülər.
Mən sonradan bildim ki, adamları bir-biriylə evləndirməkdən başqa, həm də sevib evlənmək variantı da varmış.
Mən lap sonralar bildim ki, sevənləri bir-birindən ayırmaq da varmış.
Mən lap sonralar bildim ki, kişilərin özləri edəndə adına "bazlıq" dediyi, qadınlarda isə "xəyanət" deyə suçladıqları zina da var imiş.
Mən həmişə kşiləri qınayardım. Amma lap axırda bildim ki...

YERİ GƏLMİŞKƏN BİR HƏDİS:
Qadın həyatını, xarakterini elmi işinin mövzusu edən alim kəndbəkənd dolaşır. Son  dəfə bir qapını döyür. Tək yaşayan bir qadının qonağı olur. Qadın yemək-içmək hazırlayır, süfrəyə otururlar. Sözarası soruşur ki, nə əcəb düşmüsən çöllərə, nə axtarırsan? Alim məqsədini deyir. Qadın birdən qışqırır ki, ay aman, kömək edin... Tikə kişinin boğazında qalır. Qonşular haraya gəlir... köməkləşib tikəni qonağın boğazından çıxarırlar... və gedirlər.
Alim-qonaq meyitə dönür. Mal kimi qadının üzünə baxır. Qadın:
- Mən deyə bilərdim ki, sən məni zorlamaq istəyirdin, amma mən naməhrəm olduğun üçün sənə əl vurmayım deyə sizi köməyə çağırdım dedim. Görürsənmi? Get, ağlını başına yığ, özünə iş tap. Qadın xarakterin öyrənənə bax...
Hə, beləcə, qadın dünyası və qadın cazibədarlaşdı... Fatmanisədən ta Anna Kareninayacan!
Hətta Volter əclafın dediyini də razılıqla qəbul edəsi oldum: "qadın hətta anamdısa belə, ona şübhə ilə yanaşıram".
***
Həyata, qadına bu cür münasibət ən yaxşı halda şizofreniyaya gətirib çıxarır, depressiyalar davamlı olur, qısqanclıq artıq cinayətə təhrik edir.
Çıxış yolu... çıxış yolu olmasa, tapılmasa, heç bir işə əl yatmır, beyin işləmir! Miskin bir durum yaranır, hamıdan maddi və mənəvi yardım ummalı olursan! Üstəlik də bu hal sənin növbəti sevgilin səni tərk etməyindən və yaxud da xəyanətinin, yalanının üzə çıxmağından sonradısa. Ən pisi də odur ki, öz xilasın üçün başqasına yalan deyirsən!
***
Onların ikisini də eyni vaxtda tanıdım - birindən yazıram. Mənim jurnalistlikdən irəli gələn gözəl bir xüsusiyyyətim var: müsahibimi diqqətlə dinləyir, demək istədiyi ən incə məqamı özündən belə tez tutur, belə deyək, zəif damarını ilk saniyələrdəcə üzə çıxarıram. Hələ də olmayıb ki, ya redaksiya tapşırığı olsun, ya öz istəyim, verdiyim sualın istədiyim cavabını almayım. Çatışmayan cəhətim əldə etdiyim "sərvətdən düzgün istifadə bacarığı"mın olmamasıdı, yəni xəzinəni xammal kimi dağıdıram. Ən yaxşı cəhətim isə müsahibimə müqəvvadan başqa bir təsir bağışlamıram - bunu da bacarıram. Danışan adam münasibətimi bəyan etməyincə, məni zərərsiz bilir. Müqəvva kimi...
 
***
 
İki eyni düşüncəli qadına bəlkə də yer üzündə məndən başqa rast gələn olmayıb.
Bütün qadınların içində cəsarət var! - istisnasız...
Bütün qadınların heyrətləndirici hissləri, duyğuları var! - istisnasız...
Bütün qadınların sevmək məharəti var! - istisnasız...
Bütün qadınların qatillik damarı var! - istisnasız...
Bütün qadınların kişiləri dəyərləndirmək, şanslandırmaq mərhəməti var! - isitisnasız...
Və... yandıqları yer də elə budu!

Dünyada heç bir fatehin belə qalib gələ bilmədiyi Qadın şans verdiyi, mərhəmət göstərdiyi kişiyə uduzur!
Sevgi ilahidən olmadığı üçün, İlahiyə təyinləndiyi üçün heç zaman uğur gətirməyib, gətirməyəcək də. Artıq alimlər də bu qənaətə gəlir... Tərəf-müqabillik sırf akta çevrilməyincə normal ailə düzəni olmayacaq!
Sevgi diqqətdi, qayğıdı, nəvazişdi, hər an aramaqdı, hər gün fəth etmək, fəth olunmaqdı və son nəfəsən. Bu isə mümkün deyil! Açmasına yüzlərlə səhifə lazım. Sadəcə deyirəm.
Həə... o Qadını tanıdım. O qadın da dinlədiyim minlərlə qadın kimiydi. Amma və lakin... bir məqamda milyonlarla qadından fərqlənirdi!
Yüzlərlə qadının sevgi simfoniyalarını dinləmişəm. Kişi bilib danışıblar. Kişi kimi də qulaq asmışam. Hamısına da Stefan Sveyqin "Naməlum qadının məktubu"nu oxutmuşam - təkcə Ona oxutmadım, ehtiyac olmadı. Mən onları gözəl, doğru başa düşdüyümü, artıq tanıdığımı bəyan etmişəm, fəqət heç biri bunu anlamayıb! Dəhşət bundan sonra başlayıb. Özlərini bu hekayədə görənlər Eldar Baxışın "Sərçə balası" şeiri qədər bayağılaşıb, ucuzlaşıblar!
Və bu yüzlərlə qadından onlarcasıyla başladığım yol ancaq əzab verib! Mənə də, mənimlə bu yolu gedənlərə də - dəhşət odur ki, adamlar məni anlamaq istəməyiblər. Ki... Stefan Sveyqin qəhrəmanına tay tutulan qadının sevgisi məndə ikrah doğurur!
Çünki mən o qadında mənə danışdığı insana sevgini yox, psixoloji asılılığı görmüşəm. Hətta elə olub ki, sevgililərinə zəng eləmişəm, görüşüb danışmışam, kişi olmağa dəvət etmişəm, onlara onları sevən qadına həqiqəti deməklərini məsləhət bilmişəm ki, hardasa bir qadın onlara görə əzab çəkməsin, aldanmasın, ailəsi dağılmasın. Buna kişiliyi çatanı görmədim: laqeydcəsinə, nakişicəsinə "qoy sevsin də, qoy ümidlə yaşasın da" deyənlər oldu!
Mə saxta sevgilərin düşməni, qatili olmuşam!
Mən ərinə xəyanət edən qadınlarla ən ağır problemləri yaşamışam! Mənə aid olmasa da, heç bir halda istəməmişəm ki, ərinə xəyanət edən qadının ailəsi olsun - ərinə peysər kimi baxsınlar. Əvvəllər yazmışam, bir də təkrar edirəm, qadın kişinin xəyanətini həmən bilir, kişi qadını çox nadir hallarda duyur, tutur, xəyanət edən kişiylə qadın həyatına davam edə bilir, xəyanət edən qadın onu bağışlayan kişiylə... daha yaşaya bilmir, iyrənir, baxmayaraq ki, bağışlanan özüdü!
Və... mən bütün bu ağrılı-acılı hissləri, düşüncələri, sarsıntıları yaşayan adam hər dəfə bu burulğanlara düşməkdən qaçmırdım. İşim lap o alimin dissertasiyasına dönmüşdü.
Etiraf edirəm, mən bu qadını tanımasaydım, Volter demişkən, hətta anama da... pis baxardım!
Nə yaxşı ki, mən o qadını tanıdım!
Tanıdım və ömrümdə ik dəfə olaraq... hətta xəyalımda belə əl uzadıb əllərini tutmağa cəhd eləmədim! Onunla lap dost kimi belə üz-üzə oturub bir stəkan çay içməyi özümə rəva görmədim - mən öz qadınıma, qızıma, gəlinimə rəva görmədiyimi ona da rəva görmədim!
Həzrəti-Əlinin iki dünya xanımı Fatimeyi-Zəhranın dediyini deməkdən məhrum olmasın deyə, belə mövqe tutdum: "Mən hətta xəyalımda belə sənə müxalif olmadım, ya Əli!" Qoy o Qadın özü öz xəyalında yaşatdığı sevginin gözü qarşısında alnıaçıq, üzüağ olsun!
Bəli, mən heç vaxt heç kimi sevmədiyim kimi bu qadını sevə bilərdim, dünyanın heç bir kişisinin deyə bilmədiyi, ağlına belə gətirmədiyi xoş sözləri deyə bilərdim, hətta şahın etdiyi ənamlardan da gözəl görünən hədiyyələri bağışlayardım, sadəcə desək, çox kreativ bir sevgi performansı sərgiləyərdim, zatən də bu qadın ən adi şeylərdən xoşbəxt olan birisiydi! Amma və lakin...
Bu Qadın sevdiyini sevirdi!
Bu Qadın "insan bir dəfə sevər!" prinsipinin ən bariz mücəssəməsiydi!
Bu qadın nəinki yüzüncü dəfə həyatına gələnə yüzüncü dəfə sevgisini və həyatında olanları danışıb üstündən də onu qəbul edən peysərə  "mən İNDİ səninlə xoşbəxtəm" deməyi özünə rəva görürdü, heç ... ikinci dəfə üçün belə düşünmürdü! Özünə bu şansı vermirdi. Heç bir ikincinin və növbətisinin Onun - sevməyi bacaran və sevgisini saf saxlayan vəfa, ruh, yaşantı sədaqətlisinin sevgisinə layiq olmadığını sərgiləyirdi!

Əgər zərrə qədər elə olmasaydı, tam səmimi deyirəm, mən onun ağlını başından alardım! Bütün avantüralarla! Bütün olan və olmaz yollarla!
Mən müqəddəs sevginin şahidiydim. Hətta Ona "sən sevimlisən" deməyə utanırdım - Onun sevdiyi vardı. Onun sevdiyinə hörmət etməyə mən borcluydum! Yeri gəlmişkən deyim ki, sevən insanların sevgisinə şahid olmaqdan güc alıram, gözəl yazılar yazmağa ruhlanıram, yeri düşəndə haşiyə kimi qeyd edirəm yazılarımda.
Dəqiq bilirdim - hamı sonda ona eşq elan etmək üçün dost olurdu.
Amma o... bir gülü dərməyi belə özünə rəva görməyən, dərsə kolu ağrıdacaq deyə bundan vaz keçən o boyda mərhəmət yiyəsi hər gün qırılırdı - hamı ona eşq elan edirdi. Hamı onun sevgilisi olmaq istəyirdi.
Bu danalar anlamaq istəmirdi ki, o bir dəfə sevib və bu dünyaya bir dəfə gəldiyi kimi yaşayır bu sevgisini!
Harda o qadın desəniz, deyərəm - Azərbaycanda! Hər gün həyasızcasına inboxlarına soxulub "xanım səninlə tanış olmaq olar? xanım, şəklinə baxdım, bayıldım, xanım, qəşəng gözləriniz var, xanım, fikirləriniz çox maraqlı və düşündürücüdür..." deyə yazdığınız, ələ keçirmək istədiyiniz Azərbaycan xanımlarının içində!
Sevgisini üfürə-üfürə, əzizləyə-əzizləyə yaşayır!
Vəfasına sadiq qala-qala!
Mənə "konstitusiyasız adam" deyirlər!
Mənə dostlarım "sən məscidə də ayaqqabı ilə girirsən,  sənin qadağaların yoxdur" deyirlər!
Mənə dəli deyənlər də var - arxamca!

Amma o qadın məni konstitusiyaya - sevgi konstitusiyasına hörmət etməyə yönləndirə bildi!
Amma o qadın məscidə - bir insanın dünyasına nəinki ayaqqabıyla girməyi, hətta qapısını belə döyməməyin vacibliyini anlatdı - o məsciddə Tanrı da onun özününküydü, ibadət etdiyi də tək özüydü!
O  qadın anlatdı ki... həyat dəlilər və dəlilik üçün deyl!
Və mən o qadına görə... İlqar Rəsulun "Yalnız bir səs susurdu" hekayəsini paylaşdım.
Bir az ayılın, əfəndilər. Nə demək isədiymi, açıq yazıram: siz ki fb-də və həyatda bu sürətlə, bu sayla belə "sevə-sevə" gizli-açıq profillərlə "aşk" yaşamaq istəyirsiniz, bir də bir gün ayılacaqsınız ki, "sevdikləriniz" qapınızda gəlindi - sizin yox, qardaşınızın, əminiz oğlunun, bəd ayaqda dostunuzun arvadı qismində.
Murdarlamyın qadınların dünyasını!
Murdarlamayın sevən insanların ovqatını - onsuz da həqiqi sevən insanların həyatına girə bilməyəcəksiniz. Girə bildiklərniz isə... ocağınızın xanımları olacaq!
Bəli, xanımları!
Utanmaqdan məhrum etdiklərinizin qabağınızda oynamaq lüksları var!
Unutmayın!

Mənə gəldikdə isə, mən xoşbəxt sayıram özümü: tam depressiyadan çıxdım, bunun üçün mənə sevgisinə sadiq bir Qadına rast gəlməyim yetdi. Mən yenidən həyata başladım, həyata davam dedim. Çünki başa düşdüm ki, bu həyatda elə qadınlar var ki, onların sevgisi adama etiraf edirir: sən bu sevgiyə layiq deyilsən!
Layiq olduğunuz sevgiləri yaşayın, lütfən!

p.s. Son vaxtlar yazılarımın motivi dəyişib. Bəlkə də mən indi yazdıqlarımı heç üç il qabaq da yazmazdım. Amma indi yazıram - artıq mənim yaşımın itirmək mərhələsidi. Nəyi allah alıb itirəcək məndən ona da hazıram, nəyi də özüm itirə bilərəm, ona da. Bu yazılar məndən çox şeyi alır. Amma mən bunları başqaları itirməsin deyə yazıram. Volontirliyim tutub!


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az