İlham Əliyev: "Zəhranın və nənəsinin qanı yerdə qalmadı"

İlham Əliyev:
"İşğalçı ölkə danışıqlar masasına qayıtmağa məcbur oldu"

 "Münaqişənin həlli ilə bağlı təzyiqlər artanda Ermənistan həmişə təxribatlara əl atıb".

Miq.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Dövlət başçısı bildirib ki, bunu illər əvvəl Ermənistan parlamentində baş vermiş terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının Azərbaycan ordusu tərəfindən layiqincə alınması da təsdiq edir.

Ötən ay da törədilən təxribat nəticəsində Azərbaycan ordusunun bir hərbçisinin şəhid olduğunu, lakin Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavad verdiyini deyən Prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib, bunun Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini nümayiş etdirdiyi deyib: "Bu cinayət cavabsız qoyulmadı. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, Zəhranın və nənəsinin qanı yerdə qalmadı".

Dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlində Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma referendum dünya birliyi və beynəlxalq birliklər tərəfindən tanınmayıb: "Bununla da beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib.

Bundan əlavə, ötən ilin aprel ayında Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb. Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib. Beləliklə, işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az