İstanbuldakı qaçaq azərbaycanlılar – FOTOLAR

İstanbuldakı qaçaq azərbaycanlılar – FOTOLAR

İstanbulun Halkalı məhəlləsinə ayaq basanda bir anlıq özünü Azərbaycanda zənn edirsən. Bu səmt "Azəri Məhəlləsi” kimi tanınır. Bu məhələdə demək olar ki, hər üç nəfərdən biri azərbaycanlıdır, onların da 90 faizi Naxçıvanın Şərur bölgəsindəndir.

VİZUAL.az xəbər verir ki, Naxçıvanlıları İstanbula gətirən səbəb işsizlikdir. Kimi dindirsən bunu deyəcək.

25 yaşlı Təbriz İbrahimov 2000-ci ildə valideynləriylə birlikdə üz tutub İstanbula. Gəldiyi gündən – 10 yaşından bəri işləyir. Şərurdan çıxalı dəftər-kitab üzü də açmayıb.

"4-cü sinifə qədər məktəbə getmişəm. Sonra bura gəldik, işləməyə başladım, oxuya bilmədim”.

Doğum şəhadətnaməsiylə ölkədən çıxan Təbriz 2008-ci ildə Azərbaycana qayıdır. Hərbi xidməti başa vurduqdan sonra pasport alıb yenidən üz tutur Türkiyəyə.

"Əvvəllər bura iş dalınca gələn azərbaycanlılar üçün çox çətin idi. Qəbul etmirdilər bizi, "niyə öz ölkənizdə işləmirsiz”, "sizə görə iş problemlərimiz yaranır” kimi fikirlər eşidirdik. İndi düzəlib bir az. Başqa ölkələrdən də çox axın olduğu üçün bizə alışıblar”.

"Çörək ucbatından”


Halkalıda Naxçıvandan gələn malların satışı təşkil olunub.

Azərbaycanda "Türk malı” kimi satılan geyim məhsullarının çoxu elə Türkiyədəki azərbaycanlıların əl işləridir. İstanbula gələn əksəriyyət tekstil fabrikində iş həyatına başlayır.

"Çörək ucbatından düşmüşük buralara. Tekstil fabrikində paltar tikirik. Paltar ütüləyirik. Məktəb oxuya bilmədim ki. İşləyən yox, evə pul gətirən yox, məcbur qaldıq gəldik bura, oxumadım”, deyə Samir Abdullayev söhbətə qoşululur.


Samir də 10 yaşındaykən Naxçıvandan ailəsiylə köçüb.

"Heç kim istəməz öz vətənindən çıxıb getsin. İşsizlikdən gəlmişik. Hamımız istəyərik, öz vətənimizdə işimiz olsun. Çünki burda qorxu içində yaşayırıq əslində. Çünki qaçağıq. Nəsə olsa, polis tutar yəni”.

Türkiyədən qovulma riski

İstanbulda yaşayan azərbaycanlılar işsizlikdən də şikayət edirlər.

Samirin dilə gətirdiyi bu problem burda yaşayan əksər azərbaycanlılar üçün keçərlidir. Onların çoxu Türkiyədə qaçaq vəziyyətində yaşayır – nə sənəd var, nə qeydiyyat.

Təbriz İbrahimov: "Burdakı azərbaycanlıların 90 faizi qaçaq yaşayır. Bir problem olsa, dərdimizi polisə deyə bilmirik, çünki qaçağıq. Haqlı olduğumuz halda, haqsız duruma düşürük. Ona görə də problemlərdən qaçmağa çalışırıq əlimizdən gəldiyi qədər. Bəzi şeylərdə güzəştə getməyə məcburuq”.

Təbriz öz başına gələni xatırlayır. Deyir ki, gecə klubunda təhlükəsizlik xidmətində işlədiyi vaxt sərxoş biriylə mübahisə onun Türkiyədən deportasiyası ilə nəticələnib.

"Polisdə mübahisə unuduldu, mənə hücum etmiş sərxoş adam buraxıldı. Mən isə sənədsiz, qaçaq olduğum üçün 1 həftə zirzəmidə qaldım, sonra da ölkədən atıldım bayıra. Deportasiya olunmamaq üçün gərək ayda bir dəfə giriş-çıxış edim. Mən burda nə qazanıram ki, hər ay viza söhbətinə görə yollar pul töküm. Olmur. Məcburuq, pasportu öldürək”.

Qeydiyyatsız adam xəstələnsə..


Rəsmi qeydiyyata düşməmələri azərbaycanlılar üçün əlavə xərclərdir. Onlar tibbi sığortasız olduğuna görə, dövlət xəstəxanalarından yararlana bilmirlər.

"Sığorta-filan məsələsi problemdir, 2 yaşlı uşağım var, qeydiyyatszıdır. Xəstələnsə, onu özəl xəstəxanaya apara bilərəm ancaq, bu da çox baha başa gəlir”, deyə Əjdər bildirir.

Halkalının azərbaycanlı əhalisinin bir ağızdan səsləndirdiyi problemlərdən biri də təhsillə bağlıdır.

Əjdər 2005-ci ildə əsgərlikdən çıxıb İstanbula yola düşüb.

"İş-güc yox. Sözün açığı, siqaret almağa cibdə pul yox idi. Neyləyək? Moskvada bir dost-tanış yox idi. Türkiyədə qohum-əqrəba vardı. Gəldim bura, elə o vaxtdan da burdayam. 2009-da bir dəfə getdim Azərbaycana. Yenə iş tapa bilmədim. Pulsuzluq. 2010-cu ildə təzədən Türkiyəyə qayıtdım. Qismət olar, Azərbaycanda bir fabrik-zavod açılar, çıxıb gedərik. Olmasa, elə ömrümüzün axırına kimi burda yaşayıb, burda da ölərik”.

Özəl bir şirkətin anbarında fəhlə işləyən Əjdər Azərbaycanda heç fəhləlik etməyə də yer tapmadığını deyir:

"İnşaata getmişdim, fəhlə axtarırdılar günü 10 manata. Getdim, ora da götürmədilər. İçəridən tanışın yoxdusa, götürmürlər. Şükür allaha, ailəmi istədiyim kimi dolandıra bilirəm burda. Evimin kirayəsi, kommunal xərclərim, uşağımın məsrəflərini artıqlamasıyla ödəyirəm. Həftə sonu olanda ailəmi aparıram istirahətə”. Amma orda bunu edə bilmirdim. Bura gəlməyimə heç peşman deyiləm”.

Halkalının azərbaycanlı əhalisinin bir ağızdan səsləndirdiyi problem isə təhsillə bağlı idi. Burda doğulub yetkinlik yaşına çatmış heç bir azərbaycanlı məktəbə getməyib.


Həmsöhbətin Əjdər ümid edir ki, 2 yaşlı qızı məktəb çağına gələnə qədər Azərbaycanda iş tapıb qayıdacaq və qızını məktəbə göndərə biləcək.

İstanbul şəhər rəsmilərinin bildirdiyinə görə, Halkalı ərazisində 5 mindən çox naxçıvanlı ailə yaşayır.|BBC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az