İtaliyalı müşahidəçi: "Səslərin sayılması mütəşəkkil və düzgün qaydada aparıldı"

İtaliyalı müşahidəçi:

GİSDİ QHT-nin dəvəti ilə Azərbaycanda səfərdə olan İtaliyanın keçmiş senatorlarından ibarət qrup dünən keçirilən prezident seçkiləri zamanı seçki prosedurlarının şəffaflıq səviyyəsini qiymətləndiriblər.


Miq.az Trend-ə istinadən xəbər verir ki, qrupun üzvü Franko Orsi bildirib ki, seçki günü ölkədə vəziyyət sakit və dinc olub, polis tərəfindən seçkiyə müdaxilə halları qeydə alınmayıb. Bülletenlərdə namizədlərin siyahısı düzgün qeyd olunub:

"Səsvermədən əvvəl məntəqələrdəki seçki qutularında heç bir bülleten olmayıb. Seçicilər şəxsiyyət vəsiqələrinin qeydiyyat siyahısı ilə uyğunlaşdırma rolu ilə müəyyən edilirdi. Seçicilərin iştirakının təsdiqlənməsi üçün onların barmaqlarına xüsusi gözəgörünməz mürəkkəb vurulurdu".

F.Orsi əlavə edib ki, seçki günü yüksək seçici fəallığı müşahidə olunub. Seçki günü seçki məntəqələrinə gəlmək imkanı olmayan seçicilər üçün evlərində səs vermək imkanı yaradılıb və seçki məntəqələrində əlillər üçün pantuslar quraşdırlmışdı:

"Səsvermə bitdikdən sonra bizə digər müşahidəçilərlə birlikdə səslərin sayılması prosesində iştirak etməyə icazə verildi. Səslərin sayılması mütəşəkkil və düzgün qaydada aparıldı. İtaliyalı müşahidəçilər kimi seçkilərin azad və şəffaf keçirilməsindən razılığımızı bildiririk. Seçicilərin heç bir müdaxilə olmadan sərbəst şəkildə səsvermə hüquqlarından istifadə etməsindən məmnunluq duyuruq".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az