Jurnalist nazirə açıq məktub YAZDI

Jurnalist nazirə açıq məktub YAZDI

Aida Eyvazlı


Mədəniyyət naziri Əbülfəz Qarayevə açıq məktub!!!!

Bir neçə il bundan əvvəl xaricdən gələn qonaqlarımı Şamaxı və Qobustan ərazisində yerləşən XIII-XIV əsrə aid olan Diri Baba türbəsini ziyarətə aparmışdım. Məqsədim həm də 1000 illik dövlətçilik tarixi olan Şirvanşahlar, onun tarixi abidələri ilə qonaqları tanış etmək idi. Bu həmin tarixdir ki, 1402-ci ildə 7 dünya hökmdarı Əmr Teymur da buradan gəlib keçmişdi. Və Teymurilər dövlətinə Şirvanşahlar dövlətini müttəfiq etmişdi. 

Bu günlərdə yenə həmin abidəni ziyərt edəsi oldum. Kaş getməyədim. Uzaqda bir xarabalığı xatırladırdı məkan. Bu xərabət yerə bizimlə eyni zamanda 2 avtobus turist də gətirmişdilər. Sındırılıb qoparılmış istinad divarı və pilləkanlarla Diri Baba türbəsinə qalxdıq. Şirvanşahlar dövründə yaşayan sufi Məhəmməd baba bu türbədə xəlvətiyyəyə çəkilib. Bildiyimiz kimi, həmin əsrlərdə sufiliyin xəlvətiyyə qolu çox məşhur idi və Nəsimi, Fəzlullah bu cərəyanın tərəfdarları və təbliğatçıları idilər. 

Şeyx Məhəmməd səcdə vəziyyətində vəfat edib. Şirvan bölgəsində çox məşhur olan Şeyx Eyyub babanın 1740-1780-ci illərdə gəlib onu dəfn etməsi rəvayət edilir. Şeyx Eyyub baba deyirmiş ki, mən onu dəfn edərkən, ruhunun cismini tərk etdiyini hiss etdim. Məşhur türk səyyahı Çələbi 1647-ci ildə , alman səyyahı Adam Oleari 1637-ci ildə, holland səyyahı Karneqi 1703-cü ildə Şeyx Məhəmmədi səcdə vəziyyətində oturan görüblər. Belə çıxır ki, Şeyz Eyyub baba onu dən edəndə, səcdəyə getməsindən 300 il keçmişdi. Bu əlamətə görə də yerli insanlar indi bu türbəni Diri Babanın türbəsi adlandırırlar.

Bu qədər müqəddəs və qədim yaşı olan tarixi bir abidə uçularaq, xərabətə dönüb. Abidənin yaxınlığında olan insanlar dedilər ki, bu ilin yanvar ayında bir qrup vəhabi gəlib Diri Baba türbəsinə ciddi ziyan vurub, divarlarını yandırıb, pəncərə və nəfəslikləri sındırıblar. Bu haqda Mədəniyyət Nazirliyinə məlumat verilib, onlar isə vəd ediblər ki, türbə təmir olunacaq.

Özbəkistanda Əmir Teymur dövrünü əhatə edən, Diri Baba türbəsinin yaşında olan yüzlərlə abidə qorunub bu günümüzə qədər saxlanılıb, bərpa edilib. Biz isə son illərə qədər insanlarımızın inanc yeri olan bir tarixi abidəni bu günümüzə qədər gətirib çıxarsaq da, indi cinayətkarların onu yox etməsinə imkan vermiş oluruq. 

Buradan üzümü Mədəniyyət Nazirliyinə tutub deyirəm. 
Hörmətli Əbülfəz Qarayev!

Mən bir neçə gün bundan əvvəl gördüyüm mənzərədən xarici turistlərin qarşısında utanıb yerə girmək istədim. Hətta bir turistdən Diri Baba haqqında təəssüratını soruşanda, "Nooo..." deyib dayandı. İkinci sualımı vermədim. 
Əgər bu abidəni bərpa edəcəksinizsə, o zaman ətrafını hasarlayın və yazın ki, təmir -bəpa işləri getdiyi üçün bağlıdır. Belə bir xərabətə turist gətirməsinlər. Amandır, bizi biabır etməsinlər!!! Damcı-damcı yığdığımız imicimizi xaricilərin qabağında gözdən salmayaq. Tarixi abidələrimizi hamılıqla qorumaq bizim mənəvi və şərəf borcumuzdur. 

İmadəddin Nəsimi boyda bir sufi şairin yubiley ili çərçivəsində gərək ki, onun dövrünə aid olan bütün abidələr qonaqlarda xoş ovqat yaradaydı... Nəniki xərabətlərdə görüşlərə gedilməyədi... 

Yox əgər, Mədəniyyət Nazirliyinin bu abidəni tezliklə bərpa etmək firkri yoxdursa, Şirvanda doğulub boya başa çatmış, Şamaxının havasını, suyunu udub, məşhurlaşmış elm və incəsənət, iş adamlarından xahiş edirəm ki, vəsait toplayın, abidəni bərpa edin, ətrafını hasarladın. Ətəyində bir mühafizə köşkü qoydurun. 

Hər şeyi dövlətdən istəməyin, dövlət üçün də əlinizi cibinizə salın, ey imkan və iman sahibləri!!!


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az