Keçmiş maliyyə naziri prezidentin islahatlarından danışdı

Keçmiş maliyyə naziri prezidentin islahatlarından danışdı

Prezident anons etdi: iki gün sonra isə...

Prezident andiçmə mərasimində çıxışı zamanı qarşıdakı yeddi ildə islahatların daha da dərinləşdiriləcəyinin anonsunu vermişdi. Vaxt özünü gözlətmədi.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. O bildirib ki, dünən ölkə başçısının imzaladığı üç sərəncamla islahatların növbəti mərhələsi başlanmış oldu:

"İlk imzalanan sərəncam Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin yaradılmasını nəzərdə tutur. Dünyanın 40-dan artıq ölkəsi turizm məsələlərində dövlət tənzimlənməsini məhz belə müstəqil qurumlar vasitəsilə həyata keçirirlər. Biz ümumi daxili məhsulumuzda turizm sektorunun payının yaxın perspektivdə ən azından ümumdünya göstəricisinə - yəni 10%-ə yaxınlaşmasını hədəfləyirik. Bu səbəbdən də ölkədə turizm məsələləri ilə bağlı müstəqil bir qurumun yaradılması tədqirə layiqdir”.

F.Yusifov qeyd edib ki, prezidentin növbəti sərəncamı ilə istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşdirilməsi və yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradıldı:

"Bu struktur dəyişikliyi nəzarətin daha ünvanlı olması və onun səmərəliliyinin təmin edilməsi baxımından çox uğurlu bir addım hesab edilməlidir”.

F.Yusifov vurğulayıb ki, növbəti sərəncamla ölkə başçısı maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin yaradılması tapşırığını verdi:

"Belə əlaqələndirmə bu sahədəki bütün uyğunsuzluqların aradan qaldırılmasına imkan verəcəkdir”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında; istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında; ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az