Konstantin Paustovski, Marlen Ditrix, ailə və vətən namusu

Konstantin Paustovski, Marlen Ditrix, ailə və vətən namusu
Aydın Canıyev

Bir neçə gün qabaq sosial şəbəkədə Marlen Ditrixin SSRİ-yə səfəri zamanı Konstantin Paustovskini görmək istəməsi və səhnədə əlini öpməsi barədə paylaşılan yazını oxudum. Sən demə, məşhur müğənni cavanlıqda yazıçının hansısa alman jurnalında tərcümə edilib verilmiş "Teleqram" hekayəsini oxuyubmuş və əhd edibmiş ki, Konstantin Paustovskini görsə əlini öpəcək. Səfər zamanı "haraları görmək istəyirsiniz" təklifi qarşılığında Konstantin Paustovskini görmək istəyini dilə gətirən Marlen Ditrixin arzusu yerinə yetirilir. Artıq qocalmış yazıçı səhnəyə çıxanda məşhur sənətçi onun qarşısında diz çökür və əlini öpür, arzusuna çatdığına sevindiyini bildirir, onu qucaqlayır və səmimi şəkildə, artistlik etmədən ağlayır.
Mən Konstantin Paustovskinin "Teleqram" hekayəsini oxuyanda heç qımıldanmadım da, sadə rus yaşamı və adi həyat hekayəsi. Marlen Ditrixin bu hekayə üstə yapdığı duyğu sümürüsünü də mühakimə etmirəm. Çünki elə həmin Paustovskinin başqa bir fikrinə görə, mən onun alnından öpərdim.
"Ruslar ailə namusunu itirib, vətən namusunu qazandılar" deyən Paustovski günü bu gün də məni düşündürür: bizdə vətən namusu varmı? Bizdə ailə namusu vətən namusu ilə hansısa paralelliyə tuş gəlirmi?
Əllərim onsuz da qırx ildi əsir, amma vətən namusu haqqında düşünəndə mənim ayaqlarımın suyu qaçır, ayaqlarım da əsir.
Nədir vətən namusu?
20 faiz torpağımızın 25 ildən artıq düşmən tapdağında qalmasının vətən namusuna dəxli varmı?
Bütün beynəlxalq təşkilatların qara siyahısına düşən Azərbaycanın üzqaraldan sıralarda olması vətən namusumuza ləkə salırmı?
Monopoliyanın, korrupsiyanın tüğyan etməsi vətən namusuna təcavüz sayıla bilərmi?
Rusların, amerikanların, almanların, ingilislərin, fransızların vətən namusuyla bizim vətən namusumuz hampalıq edə, onlara bab gələ bilərmi?
Bizim vətən namusumuz pafoslu çıxışlarda və psevdopatriotçuluqda yer alıb.
Ayaqlarımın əsməyini onunla kəsirəm ki, bəli, bizim qənirsiz vətən namusumuz var. Amma nə olsun ki, heç yerdə üzümüzü ağartmır. Üstəlik də, biz bu namusu heç nə itirmədən qazanmışıq. Amma ruslar ailə namusunu itirib qazanıblar. Elə "Teleqram" hekayəsində də ailə namusuna barmaqarası münasibətin təzahürü əsas leytmotivi təşkil edir.
Keçdik ailə namusuna.
Əllərim cəhənnəm, ayaqlarım şaqqıldayaraq əsir.
Bizdə ailə namusu toxunulmazdı. Odey, kişi arvadının başını kəsib uşaqlarının gözü qabağında. Amma və lakin...
6 ayda 7287 boşanma barədə gözümə statistika dəydi. Aylara böləndə hər aya 1214, günlərə böləndə 40 edir.
Mən biləni, boşanmaların faciəli şəkildə bu qədər çox olması ailə namusuna kölgə sala biləcək gücdə deyil!
Hər gün saytlarda şok xəbərlər seriyasından (amma ürəklərində, "ay can, ay can İP-imiz bol olacaq" sevinciylə) 4 yaşlı qız uşağından 80 yaşlı nənəyəcən zorlama xəbərləri də ailə namusumuza sayğı və diqqətimizə xələl gətirə bilməz.
Hələ xəyanətlər, ona arvadını boşatdırıb bunu ərindən ayırmaq halları, yaşlı kişi və qadınların cavan sevgililər kompleksi, qloballaşma və inteqrasiya sədaları altında mentalitetdən uzaqlaşma tendensiyası da bizim ailə namusu prinsiplərindən vaz keçdiyimizə dəlalət edə bilməz.
Əxlaqsızlıq, fahişəlik barədə xəbərləri elə rahatlıqla yazırıq ki, sanki bütün bunlar Almaniyada baş verir və bu qədər olayın bizim ailə namusu tabusuna edəcəyi bir təsiri yox.
Bu yazını kifayət qədər faktlarla həyəcan təbili statusunda zənginləşdirmək olardı. Amma ən dəhşətlisi odur ki, cəmiyyət bu faciəyə çox laqeydləşib. Bəlkə də Konstantin Paustovskinin "Teleqram" hekayəsindəki laqeydlik Marlen Ditrixin gənc gəlbini sarsıdıb, fəth edib, onu elə müqəddəs arzuyla yükləyib, ancaq rus cəmiyyəti öz güclü dövlətini ortaya qoya bildi.
Vətən namusu ailə namusundan üstün olan ölkələrin hamısında güclü dövlətlər var.
Azərbaycanda nəyin var, nəyin yox olduğu sual doğurur. Dəhşətə gətirən məqam isə odur ki, Azərbaycan taleyi öz əlində olmayan ölkədir!
Hətta sadaladığımız problemlər olmasaydı belə, bizim vətən namusu nümayiş etdirmək cəsarətimizi beşikdəcə boğardılar.
Ailə namusunu isə özümüz itiririk - bax, bu yolverilməzdir. Qloballaşma, Avropaya inteqrasiya, sadəcə, xalqa qarşı yönələn məkrli plandır.
Neyləmək olar sualı isə artıq çox gecikib.
Statistika faciənin qədərini göstərməkdə acizdir!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az