Lerik rayonundan NÜMUNƏVİ ADDIM: "Şənlik nəfsimizə qalib gəlməliyik"

Lerik rayonundan NÜMUNƏVİ ADDIM:

Lerik rayonunda insanlar Yeni il bayramı keçirməyi düşünmürlər. Miq.Az saytının Lerik rayonunda apardığı sorğusu belə deməyə əsas verir. Leriklililərin az qala hamısı belə fikirdə olduğunu bildirdi. Zəng etdiyimiz insanların, xüsusən də iş adamlarının əksəriyyəti şənlik keçirtməyəcəklərini, obyektlərin isə qapalı olacağını bildirdilər.

Başda Azərbaycanın ən böyük istirahət mərkəzlərindən olan "Relax" istirahət mərkəzi olmaqla Lerikdə bütün əyləncə mərkəzləri 31 dekabr-3 yanvar tarixlərində fəaliyyətlərini dayandıracaqlar: 

"Relax" istirahət mərkəzinin icraçı direktoru Famil Kərimov deyir ki, biz 31 dekabr-3 yanvar tarixinə kimi istirahət mərkəzinin fəaliyyətini dayandırırıq. Bu günlər ərzində şəhid ailələri və qazilərimizi ziyarət edəcəyik: 

 "Düzdür, Azərbaycan müharibədə qalib gəldi. Amma biz azərbaycanlılar da şəhid ailələrini, itkin düşənlərimizi və yaralı qazilərimizi nəzərə alıb şənlik nəfsimizə qalib gəlməliyik. Bizə Qələbəni bəxş edən şəhidlərimizdən bəzilərinin qırx mərasimi çıxmayıb, biz necə şənlik edə bilərik? Onlar Azərbaycanın yeni tarixini yazdılar. Cənab Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" ifadəsini dünyanın gözü qarşısında təsdiq etdilər. "Şəhidlər hamımızındır" deyirik, gərək bunu sözdən əmələ çevirək. Lerikdə bir evdən iki  qardaş şəhid olan, 4 qardaş 2 bacıoğlusu (bacıoğlulardan biri şəhid olub) ilə müharibədə döyüşənlər var idi. Onlara görə bayram etməyəcəyik"-deyə Famil Kərimov deyir.

"9 qardaş" istirahət mərkəzinin sahibi Hatəm Baxşıyev də deyir ki, biz də bu il Yeni il şənliyi keçirməyəcəyik. İstirahət mərkəzi fəaliyyətini dayandıracaq. Şəhidlərimizə hörmət əlaməti olaraq obyekt bağlı olacaq. Bütün şəhidlərimiz bizə əzizdir, hamısını əzizimiz bilirik. Təkcə Zuvand mahalından 9 şəhidimiz, Lerikdə ümumilikdə 50-dən yuxarı, bütövlükdə isə 2823 şəhidimiz var. Mən özümdə bayram əhval-ruhiyyəsi hiss etmirəm"-deyə Hatəm Baxşıyev deyir.

Lerik rayon, Züvüç kənd sakini, 1-ci Qarabağ müharibəsinin veteranı Maqsud Mərdiyevə görə, indi bayram qeyd etmək müharibədə şəhid olanlara hörmətsizlik deməkdir:

"Bizim kənddən bir evdən iki qardaş- İsgəndər və Şahin Tahirli qardaşları döyüşürdü. Onların biri Şuşada şəhid oldu. Kəndimizin digər şəhidi Çərkəz Teyyubov, Mehman Əliyev də var. Təkcə bu şəhidlərə deyil, bütün Azərbaycan şəhidlərinə görə bayram keçirməyəcəyik."

Lerik rayonunda anadan olan iş adamı Rahim Cəfərov isə Lerikdə 10 şəhid ailəsinə birdəfəlik 300 manat yardım edib. O, bayramqabağı şəhid ailələrini belə ziyarət edib. İş adamı gələcəkdə bu sayı çoxaltmaq fikrində olduğunu da bildirib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az