Ölümü həyata çevirən Aprel qəhrəmanları-Azərbaycan ƏSGƏRİNİN HÖKMÜ

Ölümü həyata çevirən Aprel qəhrəmanları-Azərbaycan ƏSGƏRİNİN HÖKMÜ
 
Ermənistan ordusunun POZULMUŞ nizamı


Zəruri ön söz

Torpaqlarımızı geri qaytaracağımıza ürəkdən inananlar zamanın yazılmamış qanunlarını səhnə önünə daşıyanlardır. Yazılmış qanunlar ayaq altına atılanda bu insanların fədakarlığı böyük ideallara, böyük məqsədlərə həyat verən ən etibarlı gücə çevrilir. Belələrinin yeraltı çaylar kimi kükrəyən inadkarlığı əlahəzrət tarixin saralmış səhifələrindən ədalətin təntənəsi kimi oxunur və bəşəriyyətə olacaqların gizli mahiyyətini anladır: bütün haqsızlıqların qələbəsi ötəridi!..

Qeyri-müəyyənlik, mücərrədlik və nağıla meyilli ruh tarixin möcüzəyə bənzər çox həqiqətlərini reallığa çevirib; inam və şübhə, sevgi və nifrət, qələbə və məğlubiyyət arasındakı yolu tanıdıb: zamanın yazılmamış qanunlarını səhnə önünə daşıyanların yoludu bu…

Aprel döyüşləri

Xalqın bərkimiş xarakterini, mənindəki gücünü tarix həmişə yaşam haqqı kimi dəyərləndirib, istinad nöqtəsi kimi tanıyıb. Etirafın və özünütəsdiqin ən böyük ünvanı ideya və ideallarla yüklənmiş insanlardır. Onların sözü tarixdən, tarixin sözü onlardan keçir…

Burada hər şey olduğu kimidi. Burada hər şey realdı.

Budur, biz indi yalançı vətənpərvərliyin, süni xalq və torpaq sevgisinin küncə sıxışdırıldığı yerdə dayanmışıq. Söhbət şübhəni inama, nifrəti sevgiyə, ölümü həyata çevirən Aprel qəhrəmanlarından gedir…

Ən böyük etirafımız bu qəhrəmanların misilsiz rəşadəti qarşısında əbədi ehtiramımızdan başlayır. Səngər yoldaşlarını qorumaq naminə sinəsini düşmən qumbarasına sipər edən, döyüşə-döyüşə son nəfəsinədək yaralı silahdaşını yalqız buraxmayan, polad iradəsilə polad tanklara cığır açan Azərbaycan əsgərinin hökmüdü bu…

Onun tarixi missiyası hətta yad torpaqlara göz dikmiş düşmən ordusunu geri oturtmaq qədər böyük çərçivəyə sığmır. Yağmalanmış yurdundan qovduğu, qanına qəltan etdiyi yabançı erməni quldurları bu əsgərin ən sonda gələn hədəfidi.

Daha böyük idealların, daha böyük məqsədlərin, daha böyük amalların elçisi – zamanında geri dönəcək köçün sarvanıdı O…

O, sadəcə döyüşən əsgər deyil!

O, döyüşən məqsəddi, döyüşən idealdı, döyüşən amaldı…

Onun qəhrəmanlığı yad torpaqlarda gəbərdilmiş erməni işğalçılarının sayı ilə ölçülməz.

Onun qəhrəmanlığı haqqı tapdanmış, yurdu yağmalanmış bir ulusun azadlıq yanğısıdı, mübarizə yoludu, mücadilə rəmzidi…

Metitasiya

Aprel döyüşləri cəbhə xəttindən xeyli uzaqda, düşmən düşərgəsində bu gün də davam edir, bu gün də meydan sulayır. Qarşı tərəfin mənəvi-psixoloji durumunu daha ağır, daha sarsıdıcı zərbələrlə sınağa çəkir; günbəgün dərinə işləyən təsirlərilə toplumda düşüncə ətaləti, fikir ayrılığı, sinir partlayışları, əqli qarşıdurmalar yaradır. Nəhayət, zorla yad torpaqlara göndərilən erməni əsgərlərinin valideynlərini ayağa qalxmağa, mafiyalaşmış iqtidarla haqq-hesab çürütməyə vadar edir…

Köç asta-asta geri dönür, cənablar. Budur, Getaşen rayonunun Varin kəndində Lyuks Stepanyanın dəfninə yığışan qəzəbli kütlə ipə-sapa yatmır, kirimək bilmir; elə ermənilərin özləri tərəfindən öldürülmüş əsgərin nəşini götürərək İrəvana yürüş edir. Yolu kəsməyə çalışan polis və hərbçilər güclü müqavimətə tab gətirmir, üstəlik, hərbi avtomobillər də dağıdılır və kəskin qarşıdurmalar, etiraz dalğası İrəvanın düz 40 kilometrliyinədək uzanır!..

Əvvəlcə hadisəni ört-basdır etməyə çalışan, sonradan isə əsgərin "təsadüfən” açılan atəş nəticəsində öldüyünü bildirən Ermənistan iqtidarı kütlənin sarsıdıcı həmləsindən polis və ordu bölmələrinin köməyilə zorla canını qurtarır…

Dinc erməni əhalisinin qəzəbi isə soyumur. Çünki Aprel döyüşlərindən sonra ordu rəhbərliyində aparılan dəyişiklər də problemin həlli istiqamətində hansısa yeniliklərlə yadda qalmır.

Əksinə, həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən erməni hərbçilərinin durmadan artan sayı insanlarda kəskin ruh düşkünlüyü, sayrışan nevroz və davamlı stress yaradır. Çünki kütləvi informasiya vasitələrində əsas müzakirə mövzusuna çevrilən və ictimailəşdirilən bu problem öz əhatə dairəsini küçə söhbətlərindən tutmuş sosial şəbəkələrədək günbəgün genişləndirir. (Təkcə cəbhə zonasında bu ilin ötən dövrü ərzində onlarla erməni hərbçisi həyatını itirib; qeyri-döyüş şəraitində ölənlərin sayı da kifayət qədərdi). Nəticədə qaçılmaz fəsadlar daha böyük problemlərə start verir.

Metitasiya – qarşısıalınmaz kəskin epidemiyaya çevrilməklə əhalinin bütün təbəqələrini özündən asılı vəziyyətə salır.

Budur, "Joxovurd” qəzeti toxunulan məqamla bağlı hətta hüquq-mühafizə sistemində ciddi narahatlıqlar yaşandığını vurğulayır və tutarlı iddialarla əsas ittiham obyektini tanıdır:

"Ölüm hallarında məsuliyyət daşıyan bir nömrəli şəxs – müdafiə naziri Vigen Sərkisyan problemi önləmək iqtidarında deyil!”

Digər kütləvi informasiya vasitələrinin də bu kimi ittihamlara dəstək verməsi onları bir növ orkestr halına gətirir və çalınan həyəcan təbilinin səsini ölkənin ən ucqar nöqtələrinədək daşıyır…

"Ordunun içində qırğın gedir”

Beləliklə, əhalinin Ermənistan iqtidarına etimadsızlığı ordu müstəvisində xroniki patologiyalarla diaqnozlaşdırılır. Problemin həllinə inamsızlıq gələcək proqnozlar üçün yaxşı heç nə vəd etmir. Durmadan artan suallar isə veriləcək cavabların yerini eyni dinamika ilə daraldır. Yaranmış xaos pozuq və rabitəsiz dialoqlarla xarakterizə olunduğu üçün ideya və ideallar davamlı sarsıdıcı zərbələrə tab gətirmir, mövqeyini itirir.

Nümunə:"Mənim oğlumu öldürüblər və mənə deyirlər ki, ədalət tələb etmə. Belə ölkədə övladlarımızı orduya göndərməyə dəyərmi!!?”

Qətlə yetirilən 19 yaşlı erməni əsgərinin anası Lusine Mxitaryanın haqlı sualı dinc əhalinin əksəriyyəti tərəfindən dəstəklənir:"İntiharlar, əsgərlərin müəmmalı qətli getdikcə artırsa, biz öz övladlarımızı niyə yad torpaqlara, yəni Qarabağa(!)göndərməliyik!..”

"Epress” saytı isə diqqəti Mxitaryanın hərbi xidmətə gedəndən bir neçə ay sonra müəmmalı şəkildə qətlə yetirilməsilə bağlı daha maraqlı məqamlara yönəldir:

"Aradan bir il vaxt keçir, amma yüksək vəzifəli məmurlar qətlin izlərini gizlətməyə çalışır. Hərbi rəhbərlik əvvəlcə Arsenin Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldüyünü bildirib. Daha sonra ortaya intihar versiyası atılıb. Əsgərin valideynləri isə onun ermənilər tərəfindən qətlə yetirildiyinə əmindir!”

Göründüyü kimi, məsul şəxslərin qeyri-müəyyən mövqeyi və fərqli yanaşmaları yuxarı eşalonu təmsil edən məmur ordusunun pozuq psixoloji durumu haqqında fikir yürütməyə ciddi əsas verir.Yuxarıların xaotik reaksiyası isə aşağıların mövqeyini daha nizamlı və tutarlı iddialarla möhkəmləndirir.

DİQQƏT:Bu iddialar Ermənistan iqtidarına bir qayda olaraq ordunun simasında etimadsızlıqla ifadə edilir.

Lusine Mxitaryan:"Ordunun içində qırğın gedir. Mənim oğlum nə Azərbaycan tərəfindən atılan güllə ilə ölüb, nə də özünü güllələyib. Onu öldürüblər. Mən erməni analarını öz övladlarını orduya göndərməməyə çağırıram. Əgər belə imkan yoxdursa, onda onların taleyini lap əvvəldən həll edin: ya ölkədən qaçırın, ya da başqa bir yola əl atın. Bu ölkədə orduya övlad göndərmək, onu ölümə göndərmək deməkdi. Çünki Vigen Sərkisyanın başı siyasətə qarışıb. Ölən bizim övladlarımızdı, onlar isə öz keflərindədi!”

Ötən günlərdə Ermənistanın Şirak vilayətinin Hastik kəndində əsgər Abas Sloyanın intihar xəbəri də ciddi narazılıqla qarşılanıb. Armavir şəhərində xidmət yoldaşları tərəfindən fiziki zorakılığa və təhqirlərə məruz qalan A.Sloyan kazarmadan qaçmağa və əmisinin evində özünü asmağa məcbur olub. Buna bənzər digər hadisə Nubaraşen hərbi hissəsində qeydə alınıb. Əsgər Vardan Melkonyan intihar edib. Ancaq ölənin yaxınları onun öldürüldüyünü iddia edir. Digər əsgər Suren Armenoviç Mosiyanın ölüm səbəbi isə ümumiyyətlə məlum deyil.

Bütün bunlara görə narazı kütlə Müdafiə Nazirliyi və hökumət binası qarşısında toplaşaraq övladlarını boş yerə ölümə göndərən hökumətin istefasını tələb edib.

Ermənistan ordusu – ətçəkən maşın

Həmin gün bütün ölkə əhalisinə ünvanlanan çağırış xarakterli bəyanat kifayət qədər ciddi məqamlarla gündəmi silkələyib:

"Balalarımız müharibədən ya əlil kimi qayıdır, ya qətlə yetirilir, ya da intihar həddinə çatdırılır. Qarabağ onsuz da bizim torpağımız deyil! Uşaqlarınızı rejimin qurbanına çevirməyin. Onları orduya göndərməyin!”

Yeri gəlmişkən, Helsinki Vətəndaş Assambleyasının Ermənistanda fəaliyyət göstərən Vanadzor ofisi də son bəyanatında əhalinin iddialarına dəstək verib:

"Əsgəri xidmətə göndərilən çağırışçıların əksəriyyəti ya "dedovşina”nın, ya da intiharın qurbanlarına çevrilməkdədir. "Əsgər anaları” ictimai birliyi irəli sürülən iddialarla bağlı ölkə rəhbərliyindən, eləcə də güc strukturlarından hesabat tələb etsə də, açıqlanan statistikanın yalan olduğu bir daha təsdiqlənib”.

Lakin bu da son deyil. Oktyabrın 20-də Aram Xaçatryanın və Qraç Avetisyanın ölümcül yaralananması ilə bağlı "1in.arm” saytının rus versiyasında deyilənlər irəli sürülən ittihamları daha aydın və konkret faktlarla möhürləyib.

Sitat:”Orduda həyatını itirənlərin yarısından çoxu zəif idarəetmənin, nizamnamədənkənar hərəkətlərin, düşmənçiliyin qurbanıdır. İctimai rəydə Ermənistan ordusu gənc insanların həyatını yeyən ətçəkən maşın kimi formalaşıb. Çünki ordu rəhbərliyi korrupsiyalaşmış sistemi təmsil etmək və Sərkisyan hökumətinin ömrünü uzatmala məşğuldur!”

Son söz əvəzi

Yuxarıda qeyd olunanlar sadalaya biləcəyimiz faktların yalnız kiçik bir hissəsidir. Degenerasiya – daha çox həm zaman, həm də məkan baxımından düşmən düşərgəsində əhatə dairəsinin kəskin daralması ilə stimullaşır.

Diqqət: Artıq dinc erməni əhalisinin leksikonunda QARABAĞ YENİ STATUSDA – YAD TORPAQLAR SİMASINDA OBRAZLAŞDIRILIR VƏ TƏQDİM OLUNUR.

Şüuraltıdan gələn siqnallar isə bu təqdimatın genetikasını fiksə etmək baxımından müəyyənedici əhəmiyyət daşıyır. Düşmən toplum səmimi etirafları ilə artıq heç kimdən çəkinmədən Azərbaycan xalqının davamlı və haqlı mübarizə əzminə səhnə önündə, açıq-aşkar dəyər verir: Qarabag torpağının həqiqi sahibi – bu torpaqlardan ötrü canından keçməyə hər an hazır olan insanlardır!

Yəni:Mütənasiblik yeni fazaya – ideya və ideallar arasında itən rabitədən nəsillər arasında itən rabitəyə etap olunub!

Yəni:Aprel döyüşlərinin ilk baxışdan gözə dəyməyən gizli kodları zəncirin sın(dırıl)mış halqaları halında şifrələnib! Bu şifrələr düşmən düşərgəsində səbəbsiz övlad itkisilə xarakterizə olunan mənasız faciələrin daha böyük fəsadlara gətirib çıxaracağına əminlik yaradır.

Yəni:Qarabağın yad torpaqlar kimi təqdim olunması ideyası dinc erməni əhalisindən ötrü artıq yeganə çıxış yoluna çevrilib!

Erməni lobbisi isə bu ideyaları pulla almaq və özününküləşdirmək iqtidarında deyil!..

İbrahim RÜSTƏMLİ,

əməkdar jurnalist,

ehtiyatda olan polkovnik-leytenant.

P.S.Təkəbbürlü Səkisyan iqtidarına növbəti xatırlatma: Sevinməyə tələsməyin! Bu günün necə keçdiyini sabah açılanda biləcəksiniz…

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az