"MƏNƏ AİD DEYİL..." - Putin milyardlıq malikanəsindən imtina etdi


"Orada mənim mülküm olaraq göstərilən heç nə mənə və mənim yaxın qohumlarıma aid deyil və heç vaxt da olmayıb”. "Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının araşdırmasını şərh edərkən söyləyib.

"Bu filmi sadəcə bu cür məlumatları izləmək üçün boş vaxtım olmadığına görə izləmədim, köməkçilərin mənə gətirdiyi video seçimlərə göz gəzdirdim”, - o vurğulayıb.

V.Putinin fikrincə, həmin araşdırma montaj və kompilyasiyadır: "Sadəcə vətəndaşlarımızın beynini yumaq üçün rahat vaxt tapıblar”.

Dövlət başçısı deyib ki, "Putin üçün malikanə: Ən böyük rüşvətin tarixçəsi" filmində adı çəkilən şəxslərin bəzilərini ümumiyyətlə tanımır.

Xatırladaq ki, rusiyalı müxalifətçi Aleksey Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və malikanəsi barədə 2 saatlıq sənədli film yayımlanıb. Araşdırma videosu qısa zamanda 86 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt müdaxilələr edib, minlərlə insanı həbs edib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az