Milli Məclisin deputatı təqvimin 12 ayının ləğvini təklif etdi

Milli Məclisin deputatı təqvimin 12 ayının ləğvini təklif etdi
Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş sədri Tahir Kərimli Azərbaycanda dünyanın əksər ölkələrinin qəbul etdiyi təqvimə paralel təqvimin tətbiq edilməsini təklif edib.

Virtualaz.org xəbər verir ki, deputat bəzi ölkələrdə Qriqorian təqviminin dəyişdirilməsi cəhdlərinin uğursuzluğa düçar olması təcrübəsini nəzərə alaraq, onun Azərbaycanda ləğv edilməsni deyil, sadəcə olaraq, paralel təqvimin tətbiqini təklif edib ki, həmin təqvimdə ayların adları milliləşdirilir.

deputat Tahir Kərimli

Tahir Kərimlinin təklifinə görə, ayların adları aşağıdakı kimi olmalıdır:

1. İlk ay (yanvar)

2. Soyuq (çillə ay) ay (fevral)

3. Boz ay (mart)

4. Yağış ayı (aprel)

5. Çiçək ayı (may)

6. Əkin ayı (iyun)

7. İsti ay (iyul)

8. Biçin ayı (avqust)

9. Məhsul ayı (sentyabr)

10. Qızıl ay (oktyabr)

11. Xəzəl ayı (noyabr)

12. Son ay (dekabr)

Görünür, Azərbaycan parlamentinin üzvləri darıxma hissi ilə özünəməxsus şəkildə mübarizə aparmaqda davam edirlər. Təəccüblüdür, fəqət deputatlar nümayişkaranə surətdə ən aktual sosial və siyasi problemləri qulaqardına vurur və heç kimin ağlına da gəlməyən absurd ideyalarla çıxış edirlər. Elə həmin Tahir Kərimli bir neçə həftə bundan əvvəl dövlət himnini dəyişməyi təklif etmişdi. Onun həmkarı – Azərbaycan SSR-in maliyyə naziri olmuş partokratın qızı Gövhər Baxşəliyeva isə, ümumiyyətlə, ibtidai siniflərdə rus dilinin tədrisini qadağan etməyə çağırmışdı.

Yəqin ki, deputatar – millət vəkilləri seçiciləri və ictimaiyyət qarşısında məsuliyyətlərini dərk edirlər. Axı nədənsə danışmalıdırlar. Lakin ölkədəki real problemlər barədə söz deməkdən çəkinirlər. Özlərini "işə salmaqdan” qorxur və ehtiyat edirlər ki, növbəti dəfə parlamentə düşə bilməzlər. Buna görə də, absurd ideya və təkliflər axtarışına girişir və ümumxalq gülüşünə səbəb olurlar. Bizim Milli Məclisimiz belədir... Nə etməli? Seçimsiz seçki. Kimlərin arasından seçəsən ki?..

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az