Moskva aeroportunda Ermənistan spikerinin kəmərini açdılar

Moskva aeroportunda Ermənistan spikerinin kəmərini açdılar

Erməni deputat:”Axı biz Avrasiya İqtisadi Birliyinin üzvüyük. Bu, bir qədər xoşagəlməzdir...”

Rusiya paytaxtının hava limanında yoxlanış zamanı Ermənistan parlementinin sədri Ara Babloyanın  kəmərini açıblar.  

Miq.Az xəbər verir ki, "KarabakhTV” bu haqda işğalçı ölkənin mediasına istinadla xəbər yayıb. Erməni spikerin sərgüzəştini bu günlərdə hökumət üzvlərinə suallar üçün ayrılmış  növbəti parlament saatında Ermənistan Xalq Məclisinin "Yelk” fraksiyasından deputatı Sasun Mikaelyan nəql edib. Onun sözlərinə görə, bu yaxınlarda Tacikistan prezidentinin dəvəti ilə həmin ölkəyə yollanan erməni parlamentinin nümayəndə heyəti geri dönərkən təyyarə ilə Moskvadan keçməklə İrəvana uçub. Rusiya paytaxtında yoxlanışdan keçərkən,  S.Mikaelyanın ifadəsi ilə desək, " erməni dövlətinin ikinci şəxsinin üzərini axtarırlar, hansısa serjant ondan kəmərini, qurşağını açmağı tələb edir –bütün xalqımızın gözü qarşısında...” "Axı biz Avrasiya İqtisadi Birliyinin üzvüyük... Və bu, bir qədər xoşagəlməzdir. Axı  söhbət bizim dövlətin ikinci şəxsindən gedir...”-deyə erməni parlament üzvü vurğulayıb.

Erməni deputat iki həftədir Ermənistan xarici işlər nazirinə bu sualı verməyə cəhd etdiyini, lakin onun parlamentə gəlmədiyini bildirərək sual edib: "Görəsən, dövlətlərarası elə bir müqavilə yoxdur ki, belə hallara yol verilməsin?..”

S.Mikaelyan Rusiyanın bu münasibətinə qarşı etirazını belə tamamlayıb:”Və ən nəhayət, Dövlət Dumasının sədri V.Volodin Ermənistana gələndə biz onu ovcumuzun içində tuturuq, onu kəmərini açmağa məcbur etmirik... Mənə bir hərbçi kimi bu, çox alçaldıcı oldu...”

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az