Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı
Ermənistanın beynəlxalq qurumlara böhtan ataraq onları açıq surətdə şantaj etməsi artıq sistematik şəkil alır.

Bunu Miq.az-a Ermənistan mətbuatının növbəti dəfə guya Azərbaycan tərəfinin monitorinq zamanı ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə xəbərini şərh edərkən Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 25-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən rəsmi surətdə təsdiqlənib:

"Ermənistan tərəfi də monitorinqin qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yayıb. Lakin həmin xəbərdə Azərbaycan tərəfinin guya ATƏT-in missiyasını təmas xəttinə çıxarmadığı da bildirilib".

Nazirlik bildirir ki, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində keçirilmiş monitorinqdən sonra da erməni tərəfi bu cür təxribat xarakterli məlumat yayıb:

"Bir daha bildiririk ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir, monitorinqin baş tutması və sona çatmasını orada iştirak edən səhra köməkçiləri təsdiq edirlər. Əgər münaqişə tərəflərindən biri monitorinqin keçirilməsinə istənilən bir formada problem yaradarsa, bu barədə elə ilk məlumat verən həmin müşahidəçilər olacaq.

Ermənistan mütəmadi olaraq bu kimi böhtan xarakterli yalan məlumatlar yaymaqla beynəlxalq qurumları sistematik şəkildə şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az