Müdafiəsiz Uşaqların günü

Müdafiəsiz Uşaqların günü

Tünzalə Vəliqızı 
Moskva

Uşaqlar arasında ayri-seçkilik etmədən...

Xocalıda və bütün dünyada faciələrin qurbanı olan uşaqların da beynəlxalq müdafiəsi günüdür...

Haqqını verə bilmədiyimiz günü dünyaca, ellikcə bayram edirik. Buna sözüm yox. Birinin müdafiəsizliyinin hesabını o birinin bayram sevincindən kəsməklə ödəmək məntiqindən baxmaq yanlış olar.

Amma bu gün qayğıyla əhatələnib, bü günün adını da, dadını da beşqat dadan, daddırılan uşaqlarla dir sırada bu gündən xəbəri olmayanlar var, haradasa dünyanın bir yerlərində. Ətrafımızda, yaşadığımız məhəllədə, küçədə, binada...

Bütün 365-günü firavan yaşayanın bir günündən kəsib sadəcə bu günü onlara vermək məntiqə zidd olarmı, görəsən? Bunu bax elə-beləcə çılpaq yazdığım üçün məni qınayırsınızmı?

Çox yox, təkcə bir gün... 

Bəs o çılpaq, ayaqyalın, başı-açıq, oyuncaqlara vitrinlərdə baxmaqla qalanı, tankalara daş atmağı uşaqlıq oyununun bir parçası sayanı, kiminsə böyük nimdaş pencəyinin içində özüylə birğə uşaqlığı itən, elə o pencəklə böyüyəni, uşaqlığı sadəcə bir xəyaldan ibarət hesab edib, yuxularında uşaqlıq yaşamaq istəyəni, onun da gününün gələcəyini gözləyəni- onların hansı gündə olduğunu ifadə edə bilirmi bu sözlər?! 

Onun gününün gələcəyi - onun gələcəyinin günü buradan başlayır. Bu gün əsl müdafiəyə möhtac o seçkinlər, dünyanın özündən qorunmaq istəyən o uşaqlar üçün qeyd edilən günün anlamına bir də buradan baxaq....

Yerdə dərdini deməyə adam tapmayıb "Hər şeyi Allaha danışacam” naləsiylə ölüm ayağında dünyaya, insanlığa son etirazını püskürən o uşağın;

Xilas üçün zülmdən qaçan Türkiyə sahilində dənizin cəsədini sahilə atdığı o ürəkparçalayan tablodakı körpənin;

Xocalı çöllərində yuxusundan sərsəkil oyandırılıb xilas üçün yollara düşən, qurğuşuna tuş gələn balaların;

Şəhid atalarının şəkillərini öpənlərin... 

Yetərmi?! Hələ sadalayımmı?! Onların durduğu yerdən baxaq! Bu yerdə ədəbiyyatın verdiyi imkanları, üslubları zorlayıb, təxəyyülün ən zirvəsinə varıb "səmadan onlar bizə baxıb gülümsəyir"- təsəllisi bir şey ifadə etməz. Dadına da yetməz!

Bu günündə belə əsl müdafiə möhtaclarının yanından etinasızcasına keçib, onların dünyasında yaşananlardan bixəbərlər ucbatından öz dünyasının rəngarəngliyindən xəbərsiz "bəlkə də uşaqlıq belə olur”-a özünü inandıran uşaqlar hələ də varkən bütün faydasız hesab- kitabları qapadın, məntiqi də buraxın getsin. 

Elə bu an - Moskva küçələrinə çıxıb bir qayğısız uşağı bağrıma basıb, sadəcə bir anlıq ona bu günün sevincini yaşatmaq istədim. Bəzən bir isti münasibət bəlkə də Yetər!

Miq.Az







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az