Müğənnilər ifalarına diqqət etsinlər” - Dilçilik İnstitutundan XƏBƏRDARLIQ

Müğənnilər ifalarına diqqət etsinlər” - Dilçilik İnstitutundan XƏBƏRDARLIQ

AMEA-nın Dilçilik İnstitutu tərəfindən musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb.


Maraqlıdır, monitorinqlər necə keçiriləcək? Hansı müğənnilərin ifalarına nəzər salınacaq?

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva Modern.az-a danışıb. O bildirib ki, monitorinqə həm muğam ifaçıları, həm də estrada müğənnilərinin ifaları daxil olacaq: 

"Bizi maraqlandıran ifadakı qüsurlardır. Ad olaraq konkret bir şey demək mümkün deyil. Amma siyahıda gənc, yaşlı, sevilən, yaxud  bizim yaxşı tanıdığımız ifaçılar da var. Bu şəxsən mənim illərdir müşahidə etdiyim məsələ idi. Lakin son zamanlar   ədəbi dil baxımından qüsurlu ifaların birbaşa auditoriyaya təsir etdiyini gördük. Hətta ifaçılar öz yetirmələrinə belə təsir edirlər. O cümlədən musiqiyə yeni gələn gənclər də həmin müğənnilərin ifa tərzini örnək alır və davam etdirirlər. Musiqimiz qazanır, amma dilimiz itirir. Mən də mütəxəssis olaraq ifalarda mövcud olan qüsurları duyuram və hətta özümə sual verirəm ki, doğurdanmı filan musiqidə keçidlər belə tələffüz edilir? İfalarda ədəbi dil qüsurları o qədər daşlaşıb ki, mütəxəssis kimi  mən də çaşıram”.

S.Əliyeva qeyd edib ki, ifalardakı dil qüsurları yolverilməzdir:

"Bu gün artıq Azərbaycan musiqisi məkan tanımır. Bir vaxt Qarabağın  musiqi beşiyi olduğunu deyirdik. Lakin hazırda ölkənin bütün regionlarından peşəkar musiqiçilər çıxır.  Necə ki, aparıcıların nitqi tamaşaçılara təsir edir, müğənnilərdə də belədir. Tamaşaçı sevdiyi müğəninin ifasında bir sözü  dəfələrlə eşidirsə, bu artıq onda alışqanlıq halına çevrilir. Yəni səhv tələffüz edilən sözü elə həmin cür də  bilir, qulaq yavaş-yavaş öyrəşir. Axı bu, yolverilməzdir.

Ədəbi dilimizin  lüğət tərkibi dialektlərimizə əsaslanır. Amma dialekti kütləvi informasiya vasitələrinə  çıxarsaq, biz uduzacağıq. Sabit orfoepiya qaydalarımız pozulacaq.  Bu səbəbdən monitorinqlərə başlamışıq və nəticələri aprel ayında ictimaiyyətə açıqlayacağıq”.

Müsahibimiz deyib ki, musiqilərə fərd kimi müdaxilə etməyə heç kəsin ixtiyarı yoxdur:

"Mahnılarımızda rast gəldiyimiz fonetik,  leksik  qüsurları aşkar edəcəyik. Məsələn, rəhmətlik Şövkət Ələkbərova, Rübabə Muradova  bu cür dil qüsurlarına yol vermirdi. Düzdür, hansısa ziyafətdə, dar mühitdə müğənnilər ifalarında hansısa dəyişikliyə yol verə bilər. Amma musiqilərimiz mədəniyyətimizin bir parçasıdır.

Bu gün müğənnilərimizin intellektual səviyyəsi də fərqlidir. Buna görə biz heç kəsi qınaya bilmərik. Amma istərdik ki, müğənnilər ifalarına diqqət etsinlər. Belə olduğu halda bu, onların danışığına da təsir edəcək. Monitorinqlər  müğənnilərimizin və dilimizin xeyrinə olacaq.  Əgər biz monitorinqlərin nəticələrini ictimaiyyətə açıqlasaq, inanırıq ki, özlərində qüsur olduğunu aşkarlayan müğənnilər də üzərlərində işləyəcəklər. Konrekt ad çəkmək və ya kimisə sual altına qoymaq fikrimiz yoxdur. Məqsədimiz dediyim kimi mövcud dil qüsurlarını ortaya qoymaqdır. Hansısa qurum və ya şəxs bizimlə işləmək, bizdən mütəxəssis kimi istifadə etmək istəsələr, mən iki əllə buna razı olaram. Biz hər bir şeyə hazırıq, yetər ki, dilimiz korlanmasın”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az