Müğənnilərə son xəbərdarlıq edildi

Müğənnilərə son xəbərdarlıq edildi
"Fəaliyyətinizlə bağlı risklərin yaranmaması üçün..."

Vergilər Nazirliyi müğənnilərə xəbərdarlıq edib. Nazirlikdən Miq.az-a verilən məlumata görə, xəbərdarlıqda qeyd edilir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
"Eyni zamanda, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə çatası vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət  tədbirləri tətbiq edilir.
Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir. Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən isə xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur".
Xəbərdarlıqda qeyd edilib ki, təqdim edilən bəyannamələrdə gəlirlər barədə müvafiq məlumatları düzgün əks etdirmədiyi halda, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə edilməklə müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla şəxsi vərəqdə  bərpa olunacaq.
"Odur ki, fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməklə vergi öhdəliklərinizi vaxtında və tam şəkildə yerinə yetirməyiniz Sizə tövsiyə olunur!
Əlavə məlumat almaq üçün qeydiyyatda olduğunuz vergi orqanına və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz".
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az