Müharibə astanasında: Qarabağ qazilərindən FHN-ə vəzifə məsuliyyəti xatırlatması!

Müharibə astanasında: Qarabağ qazilərindən FHN-ə vəzifə məsuliyyəti xatırlatması!

Müharibə uzaqlarda deyil. Artıq astanasındayıq.

Müdafiə naziri Z.Həsənov son müsahibələrindən birində bildirmişdi ki, "...biz bilirik, ermənilər bizim yaşayış məntəqələrimizi atəşə tutacaqlar."

Birinci müharibəni görənlər düşmənin gecələr intensiv artilleriya atəşi altında cəbhəyanı rayonlarda yaranan şəraiti, mülki əhalinin vəziyətini xatırlayırlar.

Daha gənclər üçün qısa ifadə eləsəm- humanitar katastrof və nəqliyat kollapsı. Hər gecə! Və səhər insanlar yenə qayıdırdılar evlərinə.

Eyni mənzərə ermənilər bizim yaşayış məntəqələrimizi 24-26 aprel 2016-cı ildə atəşə tutanda müşahidə olundu.

Bunlar ona görə baş verir ki, cəbhəyanı rayonlarda mülkü müdafiə müharibə tələblərinə uyğun təşkil olunmayıb.

Qazilər və ehtiyatda olan zabitlər cəbhəyanı yaşayış məntəqələrində mülki müdafiə ilə bağlı müvafiq strukturlar qarşısında dəfələrlə ən zəruri məsələləri qaldırıblar, konkret təkliflərlə çıxış ediblər.

Təkliflərdən biri cəbhəyanı kənd və rayonlarda evlərin həyətində fərdi bomba sığınacaqlarının qurulmasıdır. Atəş vaxtı insanlara 1-2 saat daldalanmaq üçün həyətdə üstüörtülü qazma qurulmasında yardım olunsun. Digər təklif, cəbhəyanı rayonların əhalisi ilə mülki müdafiə təlimatlar və praktiki təlimlərin keçirilməsidir. Bu təkliflərdə biz, o cümlədən, İsrailin təcrübəsinə söykənmişik.

Mülki müdafiənin qurulması düşməndən qorxmaq demək deyil, dövlətin vətəndaşının həyatını və sağlamlığını qorumasıdır. Necə ki, indi dövlət tərəfindən koronavirusla bağlı görülən tədbirlərin məqsədi vətəndaşların həyatı və sağlamlığıdır.

Fövqəladə şəraitdə, müharibə şəraitində mülki əhalinin müdafiəsinin qurulması FHN-nin birbaşa vəzifəsidir və bilavasitə məsuliyətidir. Bu məsələdə məsul şəxslərin laqeydliyi- vəzifə cinayətidir.

Ona görə bizim təkliflərimiz bu mənada əslində FHN-ə vəzifə borclarını xatırlatmaqdır.
 
Nazim Bayramov, 
ehtiyatda olan zabit
Qarabağ qazisi


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az