Nazpəri Dostəliyeva “Metro, avtobus sənət adamı üçün deyil” dedi, ələ salındı...

Nazpəri Dostəliyeva “Metro, avtobus sənət adamı üçün deyil” dedi, ələ salındı...
Elza Seyidcahan: "O boyda Fuad Poladov metro ilə gedib-gəlirdi, məgər o sənətkar deyildi?”; Nüşabə Ələsgərli: "Populyar olana qədər metrodan, avtobusdan istifadə etmişəm”

Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov bu dəfə Xalq artisti Nazpəri Dostəliyevaya "sataşıblar”.  Aktyorlar qısa videoçarx çəkərək, xalq artistinin "metro, avtobus sənət adamları üçün deyil” sözlərini ələ salıblar.
Qeyd edək ki, "İçərişəhər” metrostansiyasında lentə alınan videçarxda Bəhram Bağırzadə "sənətkar”, Tahir İmanov isə metro əməkdaşı obrazını canlandırıb. İmanov Bağırzadəni yeraltı nəqliyyata buraxmır və "Metro sənətkar üçün deyil. Avtobusa da minmə” deyir.
Xatırladaq ki, bu günlərdə N.Dostəliyeva bir neçə gün öncə "Səhər-səhər” proqramında sənət adamlarının ictimai nəqliyyatdan istifadə etməsinin doğru olmadığını bildirmişdi: "Sənət adamlarını metroda, avtobusda görmək möcüzə kimi gəlirdi. Əslində, belə lazımdır. Çünki metro, avtobus sənət adamları üçün deyil. Aparıcısan, metroda, avtobusda rahat gedə bilərsənmi? Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl də bunlar. Düz yol gedirəm, kimsə ”Nazpəri keçdi" deyir, mənim üçün xoşbəxtlikdir. Avtobusda, metroda hamıyla şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar. Bunlar sevgidəndir".
Çəkilən videoçarxla bağlı Nazpəri Dostəliyevanın mövqeyini öyrənməyə çalışdıq. Lakin xalq artisti telefon zənglərimizi cavabsız buraxdı.
Bəs həmkarları xalq artistinin fikirləri ilə razıdırmı?
Elza Seyidcahan ile ilgili görsel sonucu
Əməkdar artist Elza Seyidcahan qeyd etdi ki, sənətçilər nəinki ictimai nəqliyyatdan istifadə etməli, hətta piyada gəzib, xalqın arasında olmalıdır: "Bəzi sənətkarlar var ki, onlar özlərini göstərir. Onlar sonradan ”görənlərdir". Elə bilirlər ki, artıq zirvədədirlər. Lakin ən sadə insanlar elə zirvələrdə doğulurlar. Baxın, prezidentimiz, vitse-prezidentimiz sadə xalqla necə görüşüb, onları səmimi dinləyir. Onlar insanların gözlərinin içinə baxaraq problemlərini oxuyurlar. O boyda Fuad Poladov həmişə metrodan istifadə edirdi. Eləcə də əfsanəvi bəstəkarımız Qara Qarayev konservatoriyaya piyada gəlib, piyada gedirdi. O, daim xalqın içərisində olub. Məgər onlar sənətkar deyil? Ümumiyyətlə, o sözü deyənlər sənətkar deyil, sənətçidir. Hər iki sözün arasında dağlar qədər fərq var. Şəxsən mən sadəliyə üstünlük verirəm. Olur ki, öz avtomobillimlə gedəndə yoldan yaşlı analarımızı, xanımlarımızı götürüb mənzilinə qədər yola salmışam. Bundan nə utanmışam, nə də çəkinmişəm. Məni tanıyanlar bilir ki, məclislərə, o cümlədən yas mərasimlərinə gedəndə özümü sadə xalqdan ayırmamışam. Hətta hamı kimi yerdə əyləşmişəm Deyiblər ki, "Elza xanım, qalxın başqa yerdə əyləşin”, buna etiraz etmişəm ki, mən də hamı kimi sadə insanam, camaat harada, mən də orada".
NÃ¼à Ÿabə Ələsgərli ile ilgili görsel sonucu
Əməkdar artist Nüşabə Ələsgərli isə həmkarının fikri ilə razı olduğunu dedi: "Nazpəri xanım əslində o sözləri pis mənada deməyib. Bu doğrudur ki, sənət adamı gərək camaat içərisində az görünsün, adiləşməsin, əlçatmaz olsun. Amma ictimai nəqliyyatdan istifadə etmək hamıya lazımdır. Nə vaxtsa tıxac olanda ictimai nəqliyyatdan istifadə etmişik, neyləməliyik ki?”.
Əməkdar artist bildirdi ki, populyar olana qədər ictimai nəqliyyatdan istifadə edib: "Hazırda ictimai nəqliyyatdan istifadə etmirəm. Lakin tələbə ikən Sumqayıtdan Bakıya avtobusla gəlirdim, sonra ”20 Yanvar" metrostansiyasına minib, "28 May” stansiyasında düşürdüm və sairə".
Azərbaycanlı sənətçilər komplekslə yanaşır, dünya ulduzları isə...
Beləliklə, ölkəmizdə çox nadir hallarda hansısa müğənninin ictimai nəqliyyatdan istifadə etdiyinin şahidi ola bilərik. Lakin dünyada ən məşhur ulduzlar bu məsələyə çox sadə və komplekssiz yanaşır. Məsələn, dünyaca məşhur müğənni Rihanna tez-tez metrodan istifadə edir. Sərbəst şəkildə, açıq-aşkar metroya minən müğənninin bu barədə çoxlu sayda fotoları var.
Cenifer Lopez də metrodan istifadə edən ulduzlardan biridir. Müğənnini tez-tez tıxac üzündən metroya minir.
Hollivud ulduzları Maykl Duqlas, Ann Hathevey, Dru Berrimo da vaxtaşırı metrodan istifadə edirlər. Bəzən ulduzlar metroya minərkən üzlərini gizlətməyə çalışsalar da, fanatları onları həmən tanıyır, yaxınlaşıb foto çəkdirirlər.
Türkiyənin məşhur şoumeni Mehmet Əli Ərbil də illər öncə metrodan istifadə edib. Belə ki, İstanbuldakı tıxaclardan bezən şoumen həmkarı Ümit Okurla metroya minib. Bu haqda sosial şəbəkədə yazan Mehmet metronun çox rahat olduğunu, bundan sonra tez-tez istifadə edəcəyini qeyd edib.
Rusiyada yaşayan Azərbaycanın Xalq artisti, müğənni Emin Ağalarov da metrodan istifadə edən ulduzlar siyahısındadır. Bir neçə il öncə müğənni tıxaclara görə metrodan istifadə etdiyi barədə sosial şəbəkədə fotolar paylaşmışdı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az