“Ne panikuyte”: "Vətən... şəhidlərə borcludur!"

“Ne panikuyte”:
 
Aydın Canıyev

"Vətən... sizə borcludur, şəhidlər” şüarı Onun uğrunda vuruşub şəhid olduğu torpaqda aldığı zirvələrdən boylanır!

O...

Həə, Onu tanımırıq! Haqqında bir-iki dəfə yazılıb, haqqında yazılanların yazısında bir-iki dəfə adı çəkilib və... uzandığı torpaqda boyu bərabərindədi! Amma və lakin... ölkənin QƏLƏBƏ MARŞI boyda böyük olan bu DÖYÜŞÇÜ-KOMANDİRin xatirəsini bütün ölkə bilməliykən, dərsliklərə vətənpərvərlik nümunəsi olaraq haqqındakı döyüş hekayəsi salınmalıykən, sadəcə, döyüş dostları toyda-yasda, anım tədbirlərində, bir də arada-bərədə yolu düşən "jurnalyuqa”lara haqqında danışarkən... ruhu şad olur... ruhumuzu, torpağımızı, ölkəmizi, vətənimizi şad edən Oğulun!

Azərbaycanda... ermənilərlə Qarabağ uğrunda savaşda çoxlu ailəlikcə döyüşənlər olub, onlardan biri və birincisi də elə... O... olub! Belə bir az cəsarətli olsaq, deyə bilərik: "Vətən uğrunda döyüşlərə "qohumbazlığı", "yerlibazlığı", "tayfa-klan sistemi"ni gətirən... O... olub”.
Müxtəlif regionlar hakimiyyəti ələ almaqda, idarəetmədə, biznesdə yerlibazlığı, tayfabazlığı, klançılığı təmin etməklə istismar üçün sürət götürəndə... O... vətən üçün döyüşməyə sürət götürürdü batalyonuyla: qardaşları, əmisi-bibisi-dayısı-xalası oğlanlarıyla!
Biriləri hakmiyyətdə vəzifə ierarxiyası, iqtisadiyyatda "şapka” sistemi qurmaqdaykən... O... "qranatomyot taktikası” üstündə işləyirdi!
O… Ukraynanın Dnepropetrovsk şəhərindən durub gəlmişdi kəndinə: 1990-cı ildə, keçmiş Martuni rayonunun Muğanlısına. Özü də əliboş yox, "karlı pulla”! Təpədən dırnağa "kəndçi” olan... O... hərbidə olduğu artillerist kimi elə gətirdiyi pula ilk növbədə artilleriya arsenalı almışdı! Artilleriya bölüyünə də özü rəhbərlik edirdi. O... topları ilə ermənilər üçün əsl başağrısına çevrilmişdi. Dəqiq artilleriya zərbələri ilə Martuni istiqamətində düşmənin bir neçə ağır hərbi texnikasını və çoxlu canlı qüvvəsini məhv etmişdi. Dostlarından biri xatirəsində yazır ki: "Əgər müharibə olmasaydı, hamı... O...nun çox bacarıqlı təsərrüfatçı olduğunu deyərdi. Amma, sən demə, bu adam anadan hərbçi doğulmalı imiş. Hədsiz dərəcədə dəqiqiliyi, qayda-qanun sevən, olduqca sərt, tələbkar, riskli, prinsipial…”

Gələn kimi də başlayır "tayfabazlığa”: bütün döyüş əməliyyatını özü və qardaşları Eyvaz, Əbülfət hazırlayır, əməliyyatı isə icra edən yenə öz qohumları, əfsanəvi kəşfiyyatçı, kiçik qardaşı İbad, əmisioğlu Müşfiq və bibisoğlu Ədalət icra ediblər. Belə xatırlayırlar o günləri: "Əməliyyatlarda öndə getmək üçün bu qohumlar arasında qızğın mübahisə gedərdi. Təbii ki, şəhid, əlil olanların əksəriyyəti bu nəslin payına düşürdü!”

Valideynləri Mövsüm kişi və Kifayət ana yalnız fiziki imkanlarına görə onlarla bir sırada ola bilmirdi!
Döyüşlərdə... O…nun qardaşları Eyvaz, Əbülfət ağır yaralanır, elə Özü də!
… Əvvəlcə qərargah rəisi, sonra isə batalyon komandiri təyin olunur…
O dövrlər üçün hələ Azərbaycanda analoqu olmayan çox güclü döyüş qabiliyyəti, nizamlı, komplektləşdirilmiş ordu hissəsi yarada bilir. Prinsipiallığı sayəsində, hərbçi olmasa da, döyüşdə ənənəvi taktikaya və strategiyaya yenilik gətirə bilir: "Qranatomyot taktikasi” - artilleriyanı və ağır döyüş texnikasını əvəz edən "qranatomyot" (bizim dillə desək, minaatan).
Təkcə bir gündə - 1994-cü il yanvarın 26-da ermənilərin nəzarəti altında olan Kuropatkin kəndinin strateji yüksəklikləri bir həmlə ilə geri alınır. 60 erməni məhv edilir. 1 tank, 1 zenit qurğusu sıradan çıxarılır.

1994-cü ildə aprel ayının 14-27-də ermənilər Ağdamın Tağıbəyli və Suma kəndləri istiqamətində genişmiqyaslı hücuma keçir. Düşmənin ən mühüm hücum qüvvələri... O...nun iki rotası tərəfindən məhv edilir.

Ermənilərin elit hərbi hissələrinin onlarca canlı qüvvəsini məhv etmiş, 3 ədəd ağır texnikasını sıradan çıxarmış, xeyli qənimət əldə etmişdi.

Odlu-alovlu vətənpərvər, çılğın təbiətli bu DÖYÜŞÇÜ-KOMANDİR - II qrup Qarabağ müharibəsi əlili aldığı kontuziya və yaralarla şəhid əsgərlərinin qanı bahasına azad etdiyi Nərgiztəpədə - son nəfəsinədək yaşadığı Vətən torpağında həyata "əlvida!” deyib.

Mən bir neçə abzasda döyüşçü dostunun... O...nun haqqındakı yazısından statistik faktları "özəlləşdirdim”, "oğurladım” da deyə bilərəm!

Amma…O… statistikadan ibarət deyil, axı!
O… vətənpərvərlik üçün etalon olan döyüşçüdür! Hə, məhz... O…na görə haqq edirik deyək: "Vətən sizə borcludur, şəhidlər!”

Ukraynada işi-biznesi, ailəsi, oğlu… hələ üstəlik də ailəsindən döyüşdə biri əvəzinə üçü varsa... O... niyə gəlməliydi ki?

Gəldi və... döyüşdü! Döyüşdü və torpağı qorudu! "Mən ölərəm ikimizin, üçümüzün, beşimizin… hamınızın əvəzinə”, - deyərək şəhid oldu! - qardaşlarının da, bizim də əvəzimizə!
Qardaşlarını da, bizi də, vətəni-torpağını da yaşatdı!

Öz əliylə bağ saldı: "torpağı qorumayacaqsansa, əkməyə, əkməyəcəksənsə, qorumağa dəyməz!”

Gəldi və… O…nun gəlişinə görə hamı – qohum-əqrəba, el-oba, ölkə yığışdı başına, beş-on kəndi rayon elədi! Rayon elədilər başına yığdıqları! Himini doğru qoymuşdu… döyüşün! Pərən-pərən sala bilmişdi düşməni! Indiki tarixlə hesablasaq, 100 il əvvəlin tarixi haqsızlığını İlahi ədalətlə bərpa etdi: Azərbaycanın olanı Azərbaycanın adına rəsmiləşdirdi!
Özü vətən üçün vuruşdu! Ukrayanadakı oğlu da vətən – Ukrayna üçün vuruşur!

Gəldi, təkcə bağ salmadı, həm də əsgərlərlə el arasında bağ yaratdı! Əsgərə sevgi oyatdı xalqda, döyüşçüyə inam yaratdı! O inamı ki, onun əsgəri döyüşdə ola-ola, əsgəriylə ailə qurmağa bu elin qızı razı oldu! "BTR”, "BMP” üstündə gəlin gətirdi əsgəri üçün! O...nun olduğu, vuruşduğu torpaqda inanırdılar ki... O…nun əsgəri döyüşdə ölməz! O...nun əsgəri qalib əsgərdir! O...nun əsgəri qalib olacaq! Elə də oldu!

Gəldi və… "yerlibazlığın”, "tayfabazlığın” VƏTƏN ÜÇÜN döyüşüb QALİB GƏLMƏK nümunəsini ortaya qoydu Orduda!
Düşünmədən ölümə hazır olmaq üçün gəldi, amma heç kimi ölməyə qoymadı! Əslində... O…nun komandir olduğu dönəmdə qoruduğu və əlimizdə saxladığı torpaqların miqyasına görə ölənlərin sayını elə də böyük itki saymamaq olar, amma və lakin… anlamaq mütləqdir ki, biz o torpağın bu gün bizim olmasını elə o şəhidlərə borcluyuq!

Mən kişili-qadınlı, uşaqlı-qocalı bir 52 nəfərin adını oxudum!
Doğrudan da, hesab edirəm, əminəm, inanıram bu həqiqətə: biz onlara borcluyuq… vətənimizlə bir yerdə!

Nərgiztəpədən keçirəm, tut bağında otururam, göz işlədikcə uzanan – özümüzlə arası rayon mərkəzinəcən eni 35 kilometr, düşmənlə üz-üzə uzunluğu 90 kilometrdən artıq bir ənginlikdə... O…nun, - buludlu, günəşli, yağışlı, küləkli, istənilən havada, - Ruhunun Qələbə təbəssümü bərq vurur sayrışan ulduzlar kimi!

Dodaqlarım səyriyir, üzüm əllərimə qoşulub titrəyir, vücudum uçunur…. O…nun Ruhu qarşısında! Sevgimi səcdəyə bələyib təzim edirəm! Sərt və prinsipial baxışıyla: "Bu vətənin oğulları başını dik tutmalıdır, düşmən onu heç harda təzim edən görməməlidir, şəhidi üçün ağlamalı yox, şəhidiylə qürur duymalıdır, şəhidiylə yüksəlməlidir!”, - DÖYÜŞ-KOMANDİRİ əmri verir!
Əsgər təzimiylə, Qələbə üçün ÖLÜMƏ HAZIR olmaq fədakarlığı və qalib olmaq əminliyiylə... O…na raport verirəm:

- Cənab Komandir, sıravi Aydın Can, Sizə minnətdarlıq edir… bizə bu vətəni əmanət etdiyiniz üçün, icazə verin, təşəkkürümü Qorxmaz Şıxalıoğlunun şeiri ilə ifadə edim:

Salam, yaxşı adam,
salam, hardasan?
Bəlkə də elə bu yaxınlarda,
bəlkə də bir uzaq diyardasan,
bilmirəm.
Bilirəm, Sən düz adamsan,
Namərdlərlə vuruşursan,
Haram tikə yemirsən.
Tanımasam da səni,
sağ ol, Yaxşı Adam!
İstiliyini duyuram,
varlığın kömək eləyir bizə
yaşamağa!
Bilirəm, bilirəm, Sənə görədir
bu yaz səhəri
uşaqlarımla oturub süfrə arxasında
şirin-şirin çörək yeyirik.
Hamımız - uşaqlarla birlikdə,
bu işıqlı süfrə üçün
Sənə "sağ ol” deyirik!
Sağ ol, Yaxşı Adam!

SON SÖZ ƏVƏZİ: Heç vaxt üzünü görmədiyim... O…nun – İlyas Hüseynovun Ruhuyla beləcə danışa-danışa gözümü səhərə açdım: Azərbaycanın Respublika Gününü bir daha və yenidən görmək səadətini yaşadım!
Bu səadəti mənə və qızlarıma, qardaşıma, qardaşım, əmim, dayım, bibim, xalam oğlanlarına qardaşları, əmisi-dayısı-bibisi-xalası oğlanlarıyla birgə vuruşub şəhid olmaqla nəsib etmiş DÖYÜŞÇÜ-KOMANDİRin RUHUNA sadəcə… "Sən YAXŞI ADAMSAN, KOMANDİR”, - deyərək, Azərbayan Respublikasının Dövlət Himinini oxumaqla başlayıram!

Vətən… Sənə borcludur, əzizim, doğmam, döyüşçüm, komandirim… İlyas Hüseynov: Vətənin borcundan öz payıma düşəni qaytarmağa çalışdım yaxşı oğlan kimi - Səni tanıdım və dəyərini bildim!
Sən elə… Azərbaycansan, Komandir! Sən elə… Vətənsən, Döyüşçüm! Ümid edirəm ki… buna görə Ruhun Şad Olacaq - zatən də cənnətdə olanların Ruhu şaddır!
Amma… daha bircə dəfə də icazə ver… Sənə sevgilərimlə səcdə edim...

p.s. Hamının "AKA" çağırdığı İlyas Hüseynova belə müraciətin qaynağını heç kim bilməsə də, hamının bildiyi bir və sözsüz əməl etdiyi əmri olub: "ne panikuyte" - panikaya düşməyin!

p.p.s. yazıboyu DÖYÜŞÇÜ-KOMANDİRin adını... O... ilə yazdım və O-dan nə əvvəl, nə də sonra O-ya bitişik heç nəyə imkan vermədim! ÇÜNKİ... O... TƏKLƏRDƏN VƏ YEGANƏLƏRDƏN OLUB!
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az