Nərminin qətlindəki yeni şübhəli şəxs Altay saxlanıldı

Nərminin qətlindəki yeni şübhəli şəxs Altay saxlanıldı

"Eşitmişəm dünən axşamdan Altayı tutub aparıblar...”

Tovuzun Dondar Quşçu kəndində oğurlanaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova virtualaz.org-a açıqlama verib. Bildirib ki, yayılan səs yazısından dünən xəbər tutub. Səs yazısında barəsində bəhs edilən şəxs Altay Ələkbərov ötən gün axşamdan polis əməkdaşları tərəfindən saxlanılıb.

"Altayı tanıyıram. Qızımgilin qonşusudur və həqiqətən də "VAZ 2107" markalı avtomobili var. Altay kənddə suvaqçı və fəhlə işləyir. Hadisəni onun törətdiyini deyirlər, amma hüquq-mühafizə orqanları bu barədə bizə heç bir məlumat verməyib. Deyirlər, Nərmini o öldürüb, amma mənim məlumatım yoxdur. Altay, Famil müəllim var, onun oğludur. Onu tutsalar, Nərmini kimin öldürdüyü bilinər. Altayın qardaşı Aqil var, hadisədən bir müddət əvvəl həmin Aqilin heyvanı itmişdi, bizdən şübhələnirdilər. Amma sonra heyvan başqa yerdən tapıldı. Amma Altayın Nərmini öldürdüyü vaxt onu gördüyü deyilən Asif Ələkbərov və Vüsal Zalovu tanımıram. Altayın atası Famil müəllim mənim oğlumun müəllimi olub, İlkinin atası kimi sakit adamdır. Bu söhbət yayılandan sonra dünən axşamdan Altay Ələkbərovu da tutub aparıblar".

Nənəsi deyir ki, Altay Ələkbərovun yeznəsi Fikrət adlı şəxs, həqiqətən, polis mayorudur: "Fikrəti də tanıyıram, polisdə işləyir, bu yaxınlarda eşitmişəm ki, onu da işdən çıxarıblar. Fikrət mənim qonşumdur, Altayın isə yeznəsidir. O gün dedilər ki, onu da işdən çıxarıblar. Bilmir özü çıxıb yoxsa işdən çıxarıblar".

Kənd camaatının A. Ələkbərovdan qorxması və hadisə barədə məlumatlı olsalar da, indiyə kimi susmaları ilə bağlı deyilənlərə gəlincə isə, M. İsmayılova əvvəldən bu barədə bilmədiyini və heç kimdən qorxmadığını deyib: "Altayın nəyindən qorxacağam, mənim uşağımın qatili tapılsın. Arxası güclüdür özü üçündür, buna görə mənim balamı öldürməlidirlərmi? Hökumətin əlindədir, canını alsınlar özü deyəcək...”

M. İsmayılova həmçinin deyib ki, Nərminin dərdindən səhər evdən çıxır və bir də axşam qayıdır ki, fikri dağılsın: "O mələkdir, Allah eləsin, onun əsl qatili tutulsun”.

M.İsmayılova Nərminin yaxın qohumlarının qatili tanıdığını bildirib: "Hamı bilir ki, Nərmini kim öldürüb, hər şeyi bilirlər, polisə aparsalar, hamısı aydın olacaq. Mənə heç nə demirlər. Qızımgil də hadisədən sonra qayınatasıgildə qalır, mən görmürəm".

A. Ələkbərovun atası Famil Ələkbərov virtualaz.org-a zəng edərək bildirib ki, ailədən kimisə narahat etməsinlər: "Bizi axtarmayın, bu məsələ ilə bağlı narahat etməyin”.

Virtualaz.org hadisə ilə bağlı A. Ələkbərovun atası Famil Ələkbərovla əlaqə saxlamağa çalışıb. Özünü təqdim etməyən şəxs redaksiyamıza zəng edərək bildirib ki, ailəni bu məsələ ilə bağlı narahat etməsinlər: "Bir səfeh bir xəbər yayıb. Buna görə bizi axtarmayın, bu məsələ ilə bağlı narahat etməyin”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az