Nəsir Əhmədlidən Şıxəli Qurbanovla bağlı ÇAĞIRIŞ : "Onu UNUTMAYIN"

Nəsir Əhmədlidən Şıxəli Qurbanovla bağlı ÇAĞIRIŞ :

Nəsir Əhmədli

Sabahınız xeyir, əzizlərim! İlaxır çərşənbəniz və Novruz bayramınız mübarək olsun. Bu bayramı qeyd edərkən Şıxəli Qurbanov adlı bir millət sevdalısını yada salmağı unutmayaq. Gənclər üçün informasiya: Şıxəli Qurbanovu müasirlərindən fərqləndirən, heysiyyət və ləyaqət baxımından çağdaşlarından bir neçə pillə yuxarı qaldıran ümdə bir keyfiyyəti vardı: O, heç bir üstünlüyü, imtiyazı, maaşı-muzdu olmayan, əksinə, fədakarlıq və məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini daşıdığı titulların hamısından yüksək tuturdu.

Şıxəli Qurbanov gündəlik fəaliyyətində - çoxsaylı görüşlərdə, yığıncaq və konfranslarda dövlət adamı kimi yox, millət xadimi kimi çıxış edirdi. Çünki onun dövləti yox idi, o bu həqiqəti yaşıdlarından xeyli əvvəl dərk etmişdi. Tale onu axına qarşı getməyə, donuq ehkamları və əski qəlibləri sındırmağa məhkum etmişdi. O bu məhkumluqda nəsə tapmışdı.

1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi. Tonqaldan ayrılan qığılcımlar, çınqılar xalqda öz gələcəyinə təminatlı inam, perspektivli ümid yaratdı. Üstəlik Odlar yurdunda qalanan tonqallar, qara əllərin, qara yellərin söndürdüyü milli şüur ocaqlarını alovlandırdı. Tarix və milli vicdan müasirliyin divanında yenidən sınağa çəkildi, dəyərlərin yenidən dəyərləndirilməsi prosesinə təkan verildi. Xalqın, toplumun millətə çevrilməsi işi yeni sürət və vüsət götürdü. Lider vaxtın nəbzini tuta bilmişdi. Doğrudur, bu sahədə ədəbiyyat, illah da ki, onun çevik və operativ janrı olan poeziya xeyli iş görmüşdü. Ancaq milli özünüdərkin formalaşması məsələsinə Mərkəzi Komitənin, xüsusilə onun rəhbərlərindən birinin müdaxiləsi o vaxtın görünməmiş hadisələrindən sayılmalıdır.

Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında belə bir cəsur addımı atana, kişilik və ləyaqət səviyyəsində fədakarlıq göstərən ikinci bir vəzifə sahibinə rast gəlinməmişdi. Millətin belindən gəlmiş, çoxillik ağrılarından doğulmuş MK katibi, şair, dramaturq və elmlər doktoru bu addımı ömrü bahasına atmışdı.

Az sonra o, bəzən gizli, bəzən açıq şəkildə təqib olunmağa başladı. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər Onu nəzarətə götürür, izləyir, əməlləri sayaq qara adamlar milli fikir öndərini qarabaqara təqib edirdilər. Onu balaları və ömür-gün yoldaşı ilə sevincini-dərdini bölüşdüyü, birgə nəfəs aldığı bu dünyadakı mənzilindən ayırıb gedər-gəlməzə - son mənzilə yola salmağa hazırlaşırdılar. Sonucda da namərd diş həkiminin əlləri ilə başdan-başa enerji və işıq mənbəyi olan bir insanın, Vətəndaşın və Millət oğlunun ömrünə nöqtə qoyuldu.

Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.

1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdır. Sonra məlum olmuşdur ki, onun dişinə keyidici novokain əvəzinə zəhər (sianid turşusu) vurublarmış.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az