Nikol Qarabağ danışıqlarının sirlərini açdı: Səbəb...

Nikol Qarabağ danışıqlarının sirlərini açdı: Səbəb...

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlaması ilə bağlı Axar.az-a müsahibəsi:

- Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Qafanda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sabiq prezident Serj Sərkisyandan ona miras qalan sənəddən danışdı. Necə düşünürsünüz, Paşinyanın bu sənədin detallarını açıqlamasının məqsədi nədir?

- Paşinyanın məqsədi bəllidir. Hamı başa düşür ki, Azərbaycan danışıqlar prosesinin imitasiyasını davam etdirmək niyyətində deyil. Uzun müddətdir danışıqlar prosesi davam edirdi. Təəssüf ki, artıq bu proses öz əhəmiyyətini itirib və imitasiya xarakteri alıb. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, münaqişə sülh yolu ilə, həmsədrlər və vasitəçilərin dediyi kimi, ərazi bütövlüyü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq həll edilməlidir. Azərbaycan danışıqlar prosesinin sülh yolu ilə davam etməsinin tərəfdarıdır. Amma indi nəinki Azərbaycan, hətta erməni ictimaiyyəti də başa düşür ki, Ermənistan öz mövqeyini gücləndirmək üçün bu prosesdən imtina etmək istəyir. Bu da açıq-aşkar görünür. Əslinə qalsa, Nikolun bu addımı həmsədrlərə qarşıdır. Artıq həmsədrlərin bu və ya digər formada imitasiya xarakterli danışıqların davam etdirməsinə imkan yoxdur. Hesab edirəm ki, mövcud vəziyyətdə Azərbaycan bəyanat verməlidir və bu bəyanatlar sual şəklində olmalıdır. Bu bəyanatların əsas ünvanı təbii ki, vasitəçilər və ilk növbədə Rusiyadır. Həmsədrlərə sual verilməlidir ki, bu şəraitdə sülh prosesi mümkündürmü? Yəni Ermənistanın mövqeyi danışıqlar prosesini davam etdirmək üçün heç bir əsas saxlamır və indiki vəziyyətə siyasi qiymət verilməlidir. Düşünürəm ki, Azərbaycanın məntiqli addımları vəziyyətə aydınlıq gətirəcək.

- Paşinyanın son açıqlamaları gələcəkdə Serj Sərkisyana qarşı təqib məsələsini aktivləşdirə bilərmi?

- Paşinyanın bu sənədi mediaya açıqlamaqda məqsədlərindən biri daxili siyasətdə öz reytinqini qaldırmaqdır. Amma gərək bu hadisəyə təkcə Ermənistanın daxili siyasi məsələsi kimi qiymət verilməsin. Çünki bu bəyanat ilk növbədə Ermənistanın xarici siyasətinə aid olan bir məsələdir. Minsk Qrupunun yaradılmasının əsas məqsədi Şuşa və Laçının işğalından sonra torpaqları azad etmək idi. Onların indiyə qədərki əsas fəaliyyəti məhz bu torpaqların azad olunmasına yönəlməli idi. Hesab edirəm ki, bundan sonra Minsk Qrupunun məqsədlərini həyata keçirməsi mümkünsüzdür. Vəziyyət yenidən həmsədrlər tərəfindən qiymətləndirilməlidir. Biz bilirik ki, danışıqlar prosesinin bərpasını Rusiya - Lavrov istəyir. Ötən ilin payızında bütün səylər buna yönəlmişdi. İndi bu, mümkün görünmür.

- Paşinyan çıxışı zamanı qondarma "dqr prezidentliyinə namizədlər”ə danışıqlar prosesini qəbul edib-etməməklə bağlı mövqe soruşdu və təbii ki, "yox” cavabı aldı. İndiki halda Paşinyan bu çıxışla Qarabağdakı "seçkilərdə” nəyəsə nail olmağı hədəfləmir ki?

- Paşinyanın açıqlamalarının bir neçə istiqaməti var. Burada o, beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, doğrudan da Ermənistanda hansısa vacib bir qurum var və bu qurum danışıqların birbaşa iştirakçısıdır. Digər bir məqsəd isə təbii ki, danışıqlar prosesini dağıtmağa istiqamətlənib. Bu cür bəyanatlar ilk deyil. Paşinyan ötən il də danışıqlar prosesinə zərbə vuran açıqlamalar vermişdi. Bu da həmin silsilədən olan üçüncü bəyanatdır.
Qeyd edək ki, Paşinyan Serj Sərkisyanın apardığı Qarabağla bağlı danışıqlardan ona hazır sənəd miras qaldığını, bu sənədlərdə isə Azərbaycanın 7 rayonunun dərhal azad edilməsi, Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə sülhməramlı qüvvələrin yerləşdirilməsi, Laçın koridorunun saxlanması, Dağlıq Qarabağa keçici status verilməsi və daimi statusunun müəyyənləşməsinin bundan sonrakı mərhələyə saxlanıldığının əks olunduğunu bildirmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az