Nüvə gərginliyi: Hindistan və Çin silahlı qarşıdurmanın astanasındadır… - ŞƏRH

Nüvə gərginliyi: Hindistan və Çin silahlı qarşıdurmanın astanasındadır… - ŞƏRH

Minlərlə əsgər Himalay dağlarına yerləşdirilib

Hindistan və Çin yenidən hərbi toqquşmanın astanasındadır. Pekin və Dehli fəal şəkildə sərhəddə infrastruktur qurur və minlərlə əsgər Himalay dağlarına göndərilir. Bir yöndəmsiz hərəkət vəziyyəti daha da ağırlaşdıra bilər.

Moderator.az planetin ən çox əhalisi olan iki nüvə gücünün dağlarda müharibə və sülh arasında necə balans yaratmaları haqqında "İzvestiya” qəzetində gedən məqaləni oxucularına təqdim edir.

Gözlənilməz vəziyyətə hazırdırlar

"Çin 3,5 min km sərhəd boyunca hərbi kontingentini artırdı. Bu, Hindistanı cavab tədbirləri görməyə məcbur edir. Biz istənilən gözlənilməz vəziyyətə hazırıq”, - deyə Hindistanın piyada qoşunlarının komandiri, general Manoc Naravane bildirib.

Pekində məsuliyyəti Dehlinin üzərinə qoyurlar. ÇXR hökuməti əmindir ki, Hindistan hərbçiləri qanunsuz olaraq Çin ərazisinə daxil olurlar. Dehlidə bu xəbərləri təkzib edirlər. Hər iki tərəf Himalay dağlarına minlərlə əsgər göndərib. "The New York Times” qəzetinin qeyd etdiyi kimi, Hindistan hökuməti əvvəllər Pakistanla sərhəd bazalarında yerləşədirdiyi bəzi hissələri dağlara köçürüb. Qarşıdurma getdikcə artır.

Hindistanda çoxları ölkənin iki cəbhədə müharibəyə qoşula biləcəyindən qorxur. Kiçik müttəfiqi olan İslamabad Pekinə kömək edə bilər. Məsələ genişmiqyaslı müharibəyə keçməsə belə, sərhəddəki qarşıdurma çətin günlər yaşayan Hindistan iqtisadiyyatını daha da sarsıdacaq.

 

 

                                  Hindistan əsgəri Ladakxda Çinlə sərhəddə

 

Eyni zamanda Dehli də Pekinə güzəştə gedə bilməz - cəmiyyətdə Pakistan və Çin əleyhinə çox güclü fikirlər hökm sürür.

 

Uzun-uzadı ərazi mübahisəsi

 

Ötən ilin iyun ayında iki ölkə artıq yarım əsrin ən pis toqquşmasının astanasında idi. Ladakx vadisində ağac və daşlarla silahlanmış sərhədçilər əlbəyaxa olmuşdular. Döyüşdə hər iki tərəfdən təxminən 500 nəfər iştirak etmiş, onlarla insan ölmüşdü. Tərəflər ənənəvi olaraq məsuliyyəti bir-birinin üzərinə atmışdı.

 

Sərhəd münaqişələri mütəmadi olaraq yaşanır. Dörd il əvvəl Doklam yaylasında toqquşmalar baş vermiş, hərbçilər Ladakxdakı Panqonq-Tso gölü yaxınlığında bir-birlərini daşa basmış və Sıkkım ştatındakı sərhəd məntəsəində dalaşmışdılar.

 

 

                                    Hindistan hərbi bölmələri Ladakx əyalətində

 

Ərazi mübahisəsinin kökü Çin və Britaniya Hindistanını "Makmaqon xətti” və "Ard-Cohnson xətti” ilə iki şərti sərhədə ayıran Britaniya İmperatorluğu dövrünə gedib çıxır. Hindlilər bölünməni tanıdılar, amma çinlilər buna görə böyük ərazilərini itirdiklərini iddia edərək tanımadılar. Çinlilər1959-cu ildə qəzəblərini diplomatik notada bildirdilər, bundan üç il sonra müharibə başladı.

 

Hindistan ordusu Çinə o vaxtkı sarsıdıcı məğlubiyyəti hələ də bağışlaya bilmir. Pekin strateji cəhətdən əhəmiyyətli olan Aksayçin bölgəsini ələ keçirdi və bununla da ən qeyri-sabit iki bölgəni - Sintsyan və Tibeti birləşdirdi. Hindlilər bu əraziləri Ladakx bölgəsinin bir hissəsi hesab edirlər.

 

Bu qarşıdurmadan sonra yaranan sərhədlərə de-fakto nəzarət xətti deyilir. Heç vaxt demarkasiya edilməmişdir, buna görə Dehli və Pekin bunu fərqli şəkildə başa düşürlər. Tərəflər bir neçə dəfə mübahisəli ərazi problemini həll etməyə çalışdılar, vəziyyət qarşılıqlı inamsızlıqla mürəkkəbləşdi. Burada vaxtaşırı atışmalar baş verir.

 

 

         Çin əsgərləri Hindistanla sərhəd bölgədəki dağlarda patrul xidmətində

 

Ərazi məsələsinin həlli Dehlidən daha çox siyasi cəsarət tələb edir. Hindistan hakimiyyəti 2000-ci illərdə bu problemi həll etməyə ən yaxın oldu. Sonra hökumətə baş nazir Vajpai başçılıq etdi. Amma seçkini uduzdu. Fakt budur ki, seçicilər Ladakxla bağlı vəziyyətdə güzəştə getməyə hazır olan istənilən siyasətçini görməzdən gəlirlər. Pekinlə razılığa gəlmək üçün ilk növbədə daxili sabitliyi təmin etmək lazımdır.

 

Hindistanın hazırkı baş naziri Narendra Modi dəfələrlə bu ərazi mübahisəsini ən qısa müddətdə həll etmək istədiyini bildirib. Amma bu söz olaraq qalıb.

 

Kim birinci atacaq

 

Himalayın ərazisi dağlıq və əhalisi azdır, sakinləri əsasən heyvandarlıqla məşğul olurlar. Sərhəd müəyyən edilməyib, heç bir tərəfin daimi düşərgəsi yoxdur. Bu, həm Çini, həm də Hindistanı gərgin vəziyyətdə saxlayır. Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi Aleksey Kupriyanov "İzvestiya” ya bildirib ki, ölkələr bir-birlərinə güvənmir, bir tərəf yeni infrasrukturun inşasına başlayanda, digər tərəf onu təkrarlayır. "Hazırkı gərginlik, çox güman ki, çinlilərin qışa hazırlaşması və sərhəd infrastrukturunu fəal şəkildə qurması, əsgərlər üçün daha rahat şərait yaratması, yeni yollar çəkməsi və silahlanmanı gücləndirməsi ilə əlaqədardır. Onlar bu yerlərdən getməyə hazırlaşmırlar. Hindlilər də infrastrukturu fəal şəkildə inkişaf etdirirlər: xüsusilə Ladakxda yollar çəkirlər”, - deyə hindşünas izah edib.

 

 

         Hindistan silahlı qüvvələrinin əsgəri Himalayadakı yaşayış məntəqələrindən birində

 

Hindlilər bölgədə tunelin inşasını yenicə başa çatdırıblar ki, bu da lazım gəldikdə qüvvələri Kəşmirdən Ladakxa sürətlə köçürməyə imkan verir. Bu çinliləri çox narahat edir. "Hindlilər əraziyə nəzarət etməyə başlasalar, çinlilər bunu müdaxilə kimi qəbul edər, qoşun yeritməyə başlayar, Dehlidə bunu qruplaşmanı gücləndirmək, qüvvələrini köçürmək cəhdi kimi qəbul edərlər, Pekin də bunu edər. Bu, növbəti hərbi danışıqlarda qoşunların çıxarılması barədə razılığa gələnə qədər davam edər”, - deyə Kupriyanov bildirib.

 

Vaşinqtonun hazırda Pekinin açıq düşməni olması da vəziyyəti çətinləşdirir, deyə Ali İqtisadiyyat Məktəbinin Avropa və beynəlxalq araşdırmalar mərkəzinin baş elmi işçisi Vasili Kaşin "İzvestiya”nın müxbiri ilə söhbətində bildirib. "Amerikalılar ÇXR -in qarşısını almaq üçün Dehlidən istifadə etmək planlarını gizlətmirlər. Amerika Hindistan və Çin arasındakı qarşıdurmanın yalnız böyüməsində maraqlıdır. Pekin və Dehlinin əsas vəzifəsi münasibətləri normallaşdırmaqdır. Əvvəlcə gərginliyi azaltmaq, sonra dialoqa keçmək vacibdir. Himalay dağları ilə bağlı problem çox mürəkkəbdir, yaxın gələcəkdə həll olunacağı ehtimalı azdır”, - deyə politoloq izah edib.

 

Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, hər iki ölkə ərazi mübahisəsinə son qoymaqda maraqlıdır, çünki nə Pekinə, nə də Dehliyə müharibə lazım deyil.

 

Tərcümə və təqdim etdi: Miraslan





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az