On oğulun saxlaya bilmədiyi...

On oğulun saxlaya bilmədiyi...
Aydın Canıyev

və yaxud hər an anılası varlıq haqqında səmimi hisslər

Demirəm O, anaların anasıdır! Ona görə ki, mənim anamdır!
Demirəm də dünyanın ən gözəl anasıdır! Həm də ona görə ki, mənim anamdır.
Heç onu da demirəm ki, əziyyət çəkib, böyüdüb, nə bilim, umsuq qalıb, bizi düşünüb hər an və sair və ilaxır.
Amma deməyə bir köşəyə sığacaq qədər deməyi haqq etdiyim sözlər var.
Adətən, sosial şəbəkələrdə və qəzetlərin təbrik guşələrində ən isti və ehtizazlı fikirlər yer alır ad günlərində. Mən axından kənar qalmadım və axının dediyindən kənar demək istədim – fərqlənmək naminə yox. Acı həqiqət naminə.

Bir ondan ötrü ki, zamandan zamana səsləndiririk istəklərimizi, zaman-zaman unuduruq və hər şeyi zamanında etmirik. Ad günü, yubiley, toy, anım mərasimləri ana haqqını xatırlamağın zamanı deyil, sıradan bir tarixidir. Fəqət zaman ANAnı bütün anlarında xatırlamağın, hər addımında onu düşünməyindir. Hər bir işinin dalından ona boylanmağındır ki... birdən anama bu necə təsir edər, onun adını necə şərəfləndirər və yaxud da əksinə.
Mənim anam milyonlarla yaxşı analardan biridir – heç birindən üstün tutmuram:  amma əziyyəti fərqlidir.
Mənim anam milyonlarla gözəl analardan biridir – heç biriylə müqayisə etmirəm: fəqət özünəməxsus gözəldir. Kimyanın bir elementindən xəbəri olmaya-olmaya, oğlunu kimyadan dərsə hazırlayan, fizikanın ümumiyyətlə elm kimi varlığından xəbərsiz ola-ola, oğlunu fizikadan dərsə hazırlaşdıran, ədəbiyyatdan inşa yazdıran, dildən qrammatika öyrədən anam, əlbəttə ki, eyni missiyanı yerinə yetirmiş o biri analardan ayrı deyil.
Mən anamın xətrini elə anaların anamdan da əvvəl olmaqları naminə çox istəyirəm – olublar ki, anam görüb. Olublar ki, anam ana olub!
Bu dünyanın dəyişməz amansızlıqlarından biridir – bir ana on oğul böyüdür, bir ananı on oğul saxlaya bilmir. Allah bizi – oğulları ana qarşısında belə aciz edib! Ən yaxşı yazı, ən yaxşı şeir, ən yaxşı hekayə heç bir halda heç nəyi əvəz edə bilmir ANA DÜNYASINDAN!
Anaların sevindirdiyi oğullar xoşbəxtdir!
Anaları sevindirən oğullar xoşbəxtdir.
Bizi anamız oxutdu – xoşbəxt olmaq üçün! Zaman xoşbəxt olmağa qoymadı! Analar həmişə güclü olmur!
Bizi anamız xoşbəxt böyütdü – zaman xoşbəxt yaşamağa qoymadı!
Analar zamana hakim ola bilmir! 

Bizi zaman qoymadı anaları yaşadaq – analar üçün bəhanədi desinlər ki, oğlum mübarizə apardı vətən üçün! Goppalogiyadı! Analar son anda övladlarını sınmamaq üçün "oğlumun mübarizəsindən qürur duyuram” deyirlər!
Analar, övladlarına yalanı qadağan edən analar övladları xatirinə yalan deyib dərdlərini içlərində öldürürlər: sevgi adına!
On oğul bir ananı saxlaya bilməyirsə... oğullar aciz deyil, zaman zalımdır.
Həmişə də belə olacaq!
Onun üçün də nə iqtidar, nə müxalifət bəhanə olmasın.
Hər an xatırlayın – görün, necə gözəl ananız var! Mənim anama da sağ ol deyin ki, mənə sizlərin də BELƏ VƏ BU CÜR GÖZƏL analarınızı sevməyi, hörmətlə yanaşmağı öyrədib!
65 yaşını 45 yaşımda sözlə qeyd etdiyim anamın ad günündə onunla bir yerdə olmasam da... anam ki bilir, O... mənim ürəyimdir və... incimir də!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az